Çərşənbə axşamı, 2024-04-16, 7:36 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İlahi Övliyaların məzarı üzərində məscid tikmək - Quran tarixinə əsaslanır
2013-08-06, 4:56 PM
İlahi Övliyaların məzarı üzərində məscid tikmək - Quran tarixinə əsaslanır
 Məscidin mənası səcdə yeri deməkdir. Ona görə də İslam dini ibadət yerlərinə məscid adını vermişdir. Məscid kəlməsi Quranda 28 dəfə işlənmişdir.
Məscid inşa etmək müstəhəb əməllərdəndir və böyük savabı vardır. Bu haqda çox sayda hədislərimiz vardır. Peyğəmbər (s) buyurur:
 "O kəs ki, məscid inşa edər, hətta toyuq hini qədər olsa belə, Allah behiştdə onun üçün ev inşa edər”.
Bu gün ən çox əhəmiyyətə malik olan şey - məscidin mənəvi tərəfidir. Məscidlərin inşasına diqqət etdiyimiz kimi, onun xidmətçilərinə və əhlinə də diqqət etmək lazımdır. Məscid ilk növbədə imanlı cavanların yuvası olmalıdır. Məscid cəmiyyətin fəal insanları üçün elm və ibadət mərkəzi olmalıdır. Nəinki işsizlərin və bekarların oturacaqları yer.
"Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir. Onların bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur və onlar odda əbədi qalacaqlar”. ("Tövbə” 17).
 
"Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlar ora ancaq (insanların və ya Allahın) qorxu(su) ilə daxil olmalıdırlar və buna layiqdirlər. Onlar üçün (bu) dünyada xarlıq, axirətdə isə böyük bir əzab vardır”. ("Bəqərə” 114).
Düşmənlər üçün məscidlər həmişə təhlükəli yerlər olmuşdur. Ona görə də tarix boyu bütün səyləri bu olmuşdur ki, məscidləri viran edib yer üzündən silsinlər.
İlahi Övliyaların məzarı üzərində məscid tikmək Quran tarixinə əsaslanır. Belə ki, Quran buyurur: "(Amma möminlər, yəni) onların işi (barəsi)ndə (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində bir məscid tikəcəyik»”. ("Kəhf” 21). Həmçinin hədisdə oxuyuruq ki, müqəddəs Peyğəmbərimiz (s) ölməmişdən qabaq vəsiyyət edir ki, məzarını məscidin içinə qoysunlar.
Quranın nəzərinə görə hər bir məscid dəyərli deyildir. Quran bizlərə bu cür məscidin misalını çəkir. "Və (həmçinin münafiqlərdən müsəlmanlara) zərər, küfr(ü gücləndirmək), möminlərin arasında təfriqə salmaq və qabaqcadan Allah və Onun Peyğəmbəri ilə müharibəyə qalxmış şəxsi(n gəlməsini) gözləmək üçün bir məscid seçən kəslər vardır. (Mədinə kafirlərinin xaçpərəst rahibi üçün tikdikləri «Zirar» məscidi nəzərdə tutulur). Və onlar mütləq and içəcəklər ki: «bizim xeyir işdən başqa niyyətimiz olmayıb». Allah isə onların mütləq yalançı olmalarına şəhadət verir”. ("Tövbə” 107).
Bu ayədən də göründüyü kimi münafiqlər Quba məscidinin qarşısında məscid inşa edirlər və hədəfləri də müsəlmanlara zərər vurmaq olmuşdur. Bəhanələri də bu olur ki, qocalar və xəstələr Quba məscidinə gələ bilmirlər.
 
Quran məscid əhlinin sifətlərini açıqlayan zaman buyurur: "(Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların məqbərələrin)dədir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər. Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər. Onlar ürəklərin və gözlərin pərişan və fərqli olacağı gündən qorxurlar. (Onlar Allahı zikr etməklə məşğuldurlar) ki, Allah onlara etdiklərinin ən gözəl mükafatını versin və Öz lütfündən onlara (verilən mükafatı) artırsın. Allah istədiyinə hesabsız (əməllə müqayisə etmədən) ruzi verir”. ("Nur” 36-38).
 
Bəs məscidlərimizin bəzəkli olması yaxşıdır, yoxsa sadə olması?
Həzrət Peyğəmbər (s) buyurur: "Məscidlərinizi yəhudilər və xristianlar öz ibadət yerlərini bəzədikləri kimi zinətləndirməyin”. Həzrət (s) başqa yerdə buyurur: "İnsanların əməli pis olan zaman öz məscidlərini zinətləndirərlər”.
Məscid elə bir mələkut aləmidir ki, insan orada axirətini xatırlamalı və dünya və zinlətlərindən ayrılmaq istəməlidir.
İmam Sadiq (ə) buyurur: "Üç şey Allah yanında şikayət edər: namazqılanı olmayan məscid, nadanların arasında yaşayan alim və qiraət edilməyən Quran”.
Həzrət Peyğəmbər (s) buyurur: "Axərül-zamanda insanlar məscidə gələr və bir yerə toplaşarlar, sözləri dünya və dünya sevgisi haqqında olar. Onlarla əyləşib qalxmyın. Allahın onların ibadətinə ehtiyacı yoxdur”.
 
Beləliklə, deyə bilərik ki, məscid biz müsəlmanların ibadət məkanı və mələklərin toplaşdığı bir aləmdir. Məscidlərimizi tərk etməyək və onları həddən artıq bəzəməyək. Çünki məscid - ibadət yeri və dünyadan ayrılmaq deməkdir. Məscid - axirəti xatırlayıb Allaha yaxın olmaq deməkdir. Məscid - Allah kəlamları eşidib, Allahı zikr etmək deməkdir.
 
(Tebyan/ Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 590 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]