Cümə axşamı, 2024-04-18, 7:43 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Behiştdə Həzrət Peyğəmbərlə (s) birgə olmaq üçün lazım olan amillər
2013-06-20, 8:46 PM

Behiştdə Həzrət Peyğəmbərlə (s) birgə olmaq üçün lazım olan amillər

  

 

  Suban adlı bir nəfər var idi və o, Peyğəmbəri (s) çox istəyirdi. Bir gün pərişan və rəngi qaçmış halda Həzrət Peyğəmbərin (s) hüzuruna gəlir. Peyğəmbər (s) onun qiyafəsindən başa düşür ki, pərişandır və onun səbəbini soruşur. Kişi cavab verir: "Nə zaman siz uzaqlaşsanız, sizi görmürəm, pərişan oluram. Bu gün bu fikrə düşmüşəm ki, əgər Qiyamətin sabahısı mən behişt əhli olsam, şübhəsiz ki, sizin yerinizdə olmayacağam. Nəticədə sizi görməyəcəyəm. Əgər behişt əhli olmasam, heç bir zaman sizi görməyəcəyəm. Ona görə də çox pərişan olmuşam. Ona görə də niyə qəmgin olmayım ki?”. Elə bu zaman "Nisa” surəsinin 69-70 ayələri nazil olur. "Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır. Həmin şəxslərlə) bu (dostluq) Allah tərəfindən olan bir əta və bəxşişdir. Allahın (hər kəsin layiq olduğu dərəcəni və ona münasib olan savabı) bilməsi kifayətdir”.

Bu hədisdən göründüyü kimi o kəsin ki, Peyğəmbərə (s) çox böyük əlaqəsi və sevgisi vardır, Qiyamət günü Həzrətlə (s) bir yerdə ola biləcəkdir.

 

Hər birimizin Suban kimi olmağımız üçün, islah olmağımız lazımdır. Əgər cəmiyyət islah olmaq istəyirsə, 4 dəstə insana ehtiyacı vardır:

1. Peyğəmbərlərə (ə). Onlar İlahi xəbərləri bizə çatdırır və onlar Allahın xüsusi elçiləridir. İnsanları düz yola hidayət etdirər və Siratül-müstəqim yoluna yönəldərlər.

2. Siddiqlər. Bu o kəslərdir ki, dedikləri ilə etdikləri eyni olar. Onlar peyğəmbərlərin (ə) xəbərlərini insanlara elan edərlər. Onlar imanlı olmaqlarını iddia etmirlər, ancaq həqiqi iman sahibi onlardır. Bəzi hədislərdə siddiq kəlməsi İmam Əli (ə) və o biri İmamlara (ə) şamil edilmişdir.

3. Şəhidlər. O kəslərdir ki, İlahi dəyərləri müdafiə edən zaman can veriblər. Onlar Qiyamət günü ən üstün insanlar olacaqdır.

4. Salehlər. İlahi göstərişlərə əməl edən insanlardır. Bu layiqli və üstün insanlar peyğəmbərlərin (ə) əmrlərini yerinə yetirərək, üstün məqamlara çatmışdılar.

 

Allah Təala bu ayələrdə Peyğəmbərə (s) buyurur ki, hər kim belə bir nurani insanlarla oturub-durmağı istəyər və əlaqə bəsləyərsə, Qiyamət günü onlarla bir yerdə olar.

 

Həzrət Peyğəmbər (s) hədislərin birində buyurur ki, əgər bir müsəlmanda 8 sifət olarsa, Allah onu peyğəmbərlər, siddiqlər şəhidlər, salehlərlə məhşur edər. Bu 8 sifət ibarətdir:

1. O kəs ki, hacının yol xərcini çəkər və səbəb olar ki, Məkkəyə getməyən biri ora getsin.

2. O kəs ki, qəmli insanın qəmini aradan qaldırar. Allah Musaya (ə) buyurur: "Ey Musa! Bilirsənmi behiştin rəhbərləri kimlərdir?” Musa dedi: "Yox bilmirəm”. Allah buyurdu: "Behiştin rəhbərləri o kəslərdir ki, möminləri şad etmişdilər”.

3. Evliliyə yardım etmək və ya cavanlar üçün ev almaq. Ərlə arvad arasında sülh yaratmaq çox savaba malikdir və hətta bir şəhidin savabı ilə bərabər hesab edilmişdir. Bir gün İmam Əli (ə) isti yay günündə Kufənin küçəsində yol gedirdi və bir nəfər Həzrətdən (ə) soruşur ki, bu istidə hara gedirsiniz? Həzrət (ə) buyurur: "Bəlkə də çətinliyi olan birinin mənimlə işi olsun”. Bu zaman bir nəfər həyat yoldaşı ilə dava edirdi. Həzrət (ə) onların evinin qapısına tərəf gedir və evin kişisinə nəsihət verir.

4. Cavanların sənət öyrənməsi üçün şərait yaratmaq. Bu gün bir çox cavanların işsiz qalmağının səbəbi budur ki, bəzi sənətlərlə məşğul olmağı özlərinə ar bilirlər. Həzrət Peyğəmbər (s) və İmam Əli (ə) bir gün aclıq hiss edirdilər. İmam Əli (ə) Mədinənin yuxarı tərəfinə gedir ki, orada əkin sahələri var idi. Görür ki, bir qadın gil hazırlamaqla məşğuldur. Onun vasitəsilə divar hörmək istəyir. Ondan soruşur ki, kömək istəyirənmi? Qadın deyir ki, elə birinə ehtiyacım var ki, quyudan su çəkib gətirsin və mən də onunla gil hazırlayım. Əgər kimsə mənə kömək edərsə, əvəzində ona xurma verərəm. Həzrət (ə) həmin qadın üçün 16 vedrə su gətirir. Qadının veridiyi xurma ilə hər ikisinin qarnı doyur. Belə ki, bu iş onun üçün ar verici deyildi.

5. O kəs ki, yetimə himayəçilik edər. Peyğəmbər (s) buyurur: "Hər kim behiştdə mənim yanımda olmaq istəyirsə, yetimə himayəçilik etsin və yetimə məhəbbət göstərsin”.

6. Yolunu azmışı hidayət etmək. Peyğəmbər (s) üç dəfə buyurardı: "Allahım, mənim canişimlərimə rəhmət et”. Həzrətdən (s) soruşurlar ki, sizin canişininiz kimlərdir? Həzrət (s) buyurur: "O kəslər ki, məni dinimi təbliğ edər. Hədis və kəlamımı bəyan edər və hidayət edər”.

7. O kəs ki, acları doyuzdurar. O kəs ki, susuzu sirab edər. O kəs ki, paltarsızı geyindirər.

8. O kəs ki, isti gündə oruc tutar.

 

Hər kim bu 8 sifətə malik olarsa, Qiyamət günü peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə məhşur olar. Biz də xeyir işlər görməyə tələsək, çünki Allah biz insanları itaət və ehsan etmək üçün xəlq etmişdir.

 

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 564 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]