Çərşənbə axşamı, 2024-04-16, 9:19 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-22, 6:07 AM
  Nə üçün şiələr "Ya Rəsuləllah”(s), və ya "ya Əli”(ə) deyərkən sünnə əhli etiraz edir və bildirir ki, dünyadan getmiş adamı çağırmaq şirkdir və təkcə "ya Allah” demək olar?

Cavab: Bu etirazları doğuran İbn Teymiyyə və İbn Bazın "ölüləri çağırmaq şirk və küfrdür” kimi sözləridir.("Töhfətul-ixvan”, Ben Baz, Ben Baz, s. 18) Əvvəla müsəlmanlığın meyarı şəhadət kəlmələri deməkdir. Həmin kəlmələri deyən şəxsin canı və malı möhtərəmdir, həm də insan belə sözlər deməklə dindən çıxmaz.
"Səhihe Buxari”də Ömər ibn Xəttabdan nəql olunur ki, Peyğəmbər (s) buyurdu: "Mən xalq "la ilahə illəllah” deyənədək onlarla vuruşmağa məmuram. Kim "la ilahə illəllah” desə malı və canı amandadır...”("Səhihe-Buxari”, istitabətul-murtəddin, s.1193, hədis 6924.) Bu rəvayət "Səhihe Müslim”də də nəql olunmuşdur.("Səhihe-Müslim”, kitabul-iman, s. 73, hədis 20-23)
"Səhihe-Buxari”də belə bir rəvayət də nəql olunmuşdur:
"Allahın Rəsulu (s) Bədr döyüşündə öldürülmüş iyirmi dörd nəfərin cəsədini Bədr quyularından birinə atmağı əmr etdi. Üç gündən sonra səhabələri ilə buradan keçərkən quyuya yaxınlaşıb onları adbaad çağırdı və buyurdu: " Əgər Allaha və onun rəsuluna itaət etsəydiniz, şad olmazdınızmı? Həqiqətən də, biz Allahın vəd etdiyini tapdıq. Siz də Onun vəd etdiyini tapdınızmı?” Ömər Peyğəmbərdən soruşdu ki, cansız cəsədlərləmi danışır? Həzrət (s) buyurdu ki, and olsun o kəsə ki, Məhəmmədin canı onun əlindədir, dediyim sözləri onlar sizdən daha yaxşı eşidir.”("Səhihe-Buxari”, kitabul-məğazi, s. 671, hədis 3976.) Başqa bir rəvayətdə nəql olunur ki, Allahın Rəsulu (s) qəbir ziyarətində ölülərə xitabla buyururdu: "Salam olsun sizə, ey qəbir əhli...”("Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, s. 139, hədis 153.)
Digər bir rəvayətdə nəql olunur ki, Ömərin oğlu Əbdullah Peyğəmbəri (s), Əbu Bəkri və Öməri ziyarət edərkən dedi: "Əssəlamu ələykə ya rəsulallah, əssəlamu ələykə ya Əbu Bəkr, əssəlamu ələykə ya əbəta”(həmin mənbə, s. 1395 və Məcmuu fətavi, Ben Baz, c. 9, səh-289.)
Qeyd edək ki, dünyanın bütün müsəlmanları namazın təşəhhüdündə deyirlər: "Əssəlamu ələykə əyyuhənnəbiyy”, yəni "salam olsun sənə, ey Allahın rəsulu.”
İbn Teymiyyə və İbn Bazın sözlərindən belə çıxır ki, hər gün namazda Peyğəmbərə (s) salam göndərən müsəlmanlar müşrik və kafirdirlər.

KİÇİK BİR MÜBAHİSƏ
Məscidün-nəbidə namazdan sonra üzümü Peyğəmbərin (s) məzarına tutub dedim: "Əssəlamu ələykə ya rəsuləllah”. Yanımda dayanan şəxs dedi: "Nə üçün bu qədər uzaqdan "ya rəsuləllah” deyirsən? Bu caiz deyil.”
Dedim: Məgər "ya rəsuləllah” kəlməsi ilə "ya əyyuhənnəbiyy” kəlməsi arasında fərq var? Məgər sən hər namazında Peyğəmbərə (s) salam vermirsən?.. Müsahibim səhvini anlayıb, üzr istədi və uzaqlaşdı.
Bəzən deyirlər ki, şiələr ibadət ünvanı ilə məsumları çağırırlar. Hansı ki, kimsə ibadət məqsədi ilə "ya rəsuləllah”, "ya Əli” demir.
Qeyd edək ki, sünnə əhli, hətta İbn Teymiyyə və İbn Baz etiraf edirlər ki, ölülər ziyarətçilərin səsini eşidir və ruhları qaytarıldığından cavab da verirlər.(Məcmuu fətavi, Ben Baz, c. 13, səh-235. "Səlatul-mumin”, əl-Qəhtani, s.1391) Amma öz dediklərinə zidd çıxaraq ölüləri çağırmağı onlara ibadət kimi dəyərləndirir və bunu şirk sayırlar.("Töhfətul-ixvan”, Ben Baz, s. 12) Əslində isə kiminsə ölülərə ibadət etməsi, Peyğəmbəri (s) və Əlini (ə) xaliq sayması gülünc iddiadır.
Məscidün-nəbinin kənarında vəhhabilərdən biri bir şiəyə deyirdi ki, siz Əlini Allah bilir və ehtiyaclarınızı ondan istəyirsiniz. Şiə belə cavab verdi: "Mən özünü Allah sayan Əlini (ə) qəbul etmirəm.”

GENİŞ BİR MÜBAHİSƏ
Onlardan biri mənə dedi: "Şiələr Peyğəmbərə (s) və Bəqidəki imamlara ibadət edirlər. Üzü qəbirlərə doğru dayanır, əllərini dua üçün açır və onlardan arzularını, xəstələrinə şəfa diləyirlər.”
Dedim: "Şiələr dualarında deyirlər: "Çarəsiz qalıb Ona dua edən kəsin duasını qəbul edən, şəri sovuşduran, sizi yer üzünün varisi buyuran Allah daha yaxşı deyilmi?! Məgər Allahdan başqa tanrımı var?! ("Nəml”, 62) Sən hansı əsasla şiələri qınayırsan?! Gəl Məşhəd şəhərinə və gör ki, minlərlə insan imam Rizanın (ə) qəbri arxada qaldığı halda, üzünü qibləyə tutub namaz qılır. Əlbəttə ki, məsumların ziyarətindən sonra dua zamanı üzü qibləyə tutmaq müstəhəbdir. Nə edək ki, bəziləri bu məsələyə diqqətsiz yanaşır. Amma üzü qəbrə dayanıb dua üçün əlləri qaldırmaq qəbir sahibinə ibadət sayılmamalıdır. Bu adamların hər biri Allaha yalvarır, ya da Peyğəmbər və imamları vasitəçi seçir ki, onlar Allaha vəsilə olsunlar. Heç bir şiə öz arzusunu Peyğəmbər (s) və imamlardan istəmir və anlayır ki, bütün işlər yalnız Allahın əlindədir.”
Dedi: "Elə müşriklər də bütləri vasitəçi seçiblər. "Allahı qoyub bütləri dost tutanlar deyirlər ki, bizi Allaha yaxınlaşdırmaları üçün bütlərə ibadət edirik.”("Zumər”, 2) Şiələr də Allaha yaxınlaşmaq üçün imamları çağırırlar.”
Dedim: "Misal gətirdiyin ayədə sualının cavabı var. Həmin ayədə deyilir ki, müşriklər bütlərə ibadət edirdilər. Bəli, bütpərəstlər bütlərə səcdə edir, onlara nəzir boyun alırdılar. Bir şiənin imama səcdə etdiyini görmüsənmi?! Bir şiə risaləsini gözdən keçirsəydin, belə sözlər danışmazdın. Bütün şiə risalələrində bildirilir ki, namaz yalnız "qürbətən iləllah”, yəni Allaha yaxınlaşmaq məqsədi ilə qılınmalıdır. Belə olmasa namaz, oruc, zəkat, həcc, bir sözlə bütün ibadətlər batildir.”
Dedi: "Biz şiələrin zahirən əməllərinə baxır, danışdıqlarını eşidirik. Həm də bizə deyirlər ki, şiələr "ya Allah” əvəzinə "ya Əli” çağırır, Hüseyn və Əbülfəzldən kömək istəyirlər.”
Dedim: "Əvvəla bir şəxsi çağırmaq ona ibadət etmək deyil. İbadət bir varlığı Allah sayaraq ona təzim etməkdir. Şiələr heç vaxt bu məqsədlə Allahdan qeyrisinə təzim etmirlər. Sən özün də buna şahid ola bilərsən. Şiələr cümə axşamı "Kumeyl”, ramazanda "İftitah” və "Əbu Həmzə”, qədr gecələrində "Cuşən-kəbir” dualarını oxuyurlar. Yüz bəndlik duanın hər bəndində "subhanəkə ya la ilahə illa əntə...”sözləri təkrarlanır.”
Dedi: "Doğrudurmu ki, şiələr Peyğəmbərdən sonrakı üç xəlifəni lənətləyirlər?”
Dedim: "Şiə rəvayətlərində mömini lənətləmək qadağan olunmuşdur. İmamlarımız buyururlar ki, lənət nahaq olduqda şəxsin özünə qayıdır.”
Dedi: "Xeyr xəlifələrə lənət oxumaq şirk və küfrdən də pisdir. Onlar behişt əhlidirlər və onlara lənət oxuyanlar cəzalandırılacaqlar. Bu işin qarşısı alınmalıdır.”
Dedim: "Əvvəla şiələr heç vaxt behişt əhlini lənətləməmiş və lənətləməzlər. İkincisi, de görüm Əli ibn Əbu Talib həmin xəlifələrdəndir, yoxsa yox? O, behişt əhli deyilmi?”
Dedi: "Əlbəttə ki, o, behişt əhlidir və raşidi xəlifələrdəndir.”
Dedim: "Bəs nə üçün Müaviyə onu düşmən tutur, onunla vuruşur, ona lənət oxumayanları cəzalandırırdı? Nə üçün Mədinə hakimi Mərvan Peyğəmbər (s) səhabələrinə əmr edirdi ki, Əliyə lənət oxusunlar?("Səhihe-Müslim”, səhabələrin fəziləti kitabı, s.1042, hədis 2404.) Məgər Əliyə lənət oxumaq şirk və küfrdən pis deyilmi? Bundan əlavə, xəlifələrə lənət oxumağın şirk və küfrdən pis olması hansı ayədə bəyan olunub? Bəli, möminə behişt əhlinə lənət oxumaq haramdır. Bunu nəzərə alaraq, şiələr Əliyə lənət oxutduran Müaviyə və ali-Mərvana pis baxırlar.”
Dedi: "Axı bu barədə rəvayət yoxdur.”
Dedim: "Mötəbər kitabınız "Səhihe-Müslim”i yaxşı mütaliə et. Bəsrədə, Süffeyndə, Nəhrəvanda həzrət Əli ilə döyüşənlər, onu şəhid edənlər üçün Əliyə (ə) lənət oxumaq asan işdir.”
Müsahibim bir qədər fikrə gedib, sonra dedi: "Mən bu məsələni hökmən araşdıraram. Bir kitabda oxumuşam ki, şiələr sarı bir keçini dövrəyə alıb, onu Aişə adlandıraraq gülürlər. Doğrudanmı belə edirsiniz?”
Dedim: "Şiələrə qarşı böhtanlardan biri də budur. Şiəliyə qarşı yazılmış kitablarda mən də belə uydurma əhvalatlar oxumuşam. Əslində isə şiəlik ruhu bu səviyyədən çox-çox ucadır. Bəli, Aişənin ikili hərəkətləri şiələri narahat edir və suallar doğurur. Aişə Peyğəmbərin xanımı, "ümmül-möminin” olsa da öz hörmətini saxlamamışdır. Hər kəs özünə hörmət etməlidir ki, başqaları da ona hörmət etsin. Ömərin cəsədini naməhrəm hesab edib qəbirlə öz arasına divar çəkən Aişə günlərin bir günü dəvəyə minib, naməhrəm kişilərlə çiyin-çiyinə Peyğəmbərin (s) xəlifəsi ilə savaşa qalxır. Beləcə, Peyğəmbərin (s), həm də özünün hörmətini sındırır.”
Dedi: "Bu söhbətlər tarixdə qalıb, yaxşı olar ki, bu barədə danışmayaq.”
Təklif etdim ki, söhbətin ardını sabaha saxlayaq. O, razılaşdı və "hələ suallarım var”, dedi.
Səhəri gün həmsöhbətimin tək gəlmədiyini gördüm. O bildirdi ki, yanındakı şəxs dostudur və onun da sualları var. Məscidin bir kənarına çəkilib söhbətə başladıq. Dedilər: "Nə üçün şiələr Kərbəla torpağından şəfa istəyir, hətta şəfa üçün xəstəyə bu torpaqdan yedirirlər? Məgər torpaqdan şəfa olarmı?”
Dedim: "Allahın qüdrətinə şəkmi edirsiniz? Balı bir çox xəstəliklər üçün şəfa edən Allah üçün bu iş çətindirmi? (Nəhl, 69) Həzrət Yusifin köynəyini onun atasının gözlərinə dərman edən Allah deyildimi? ("Yusif”, 93-96) Bu həmin Allahdır ki, Onun hökmü ilə bir parça ət ölüyə toxunan kimi ölü dirilir və öz qatilini tanıtdırır.("Bəqərə”, 67) Musanın əsasına böyük güc verən Allah Kərbəla torpağını şəfalı etməyə qadirdir. Ərəb olduğunuz halda Qurana bu qədər diqqətsizliyiniz təəccüb doğurur.”
Mən ayələri sadaladıqca onlar daha çox təəccüblənirdilər. Axır ki, deyilənləri qəbul etdilər və sonuncu suallarını verdilər:
"Nəzir Allaha aid olduğu halda, nə üçün şiələr imamlarına nəzir edirlər?”
Dedim: "Şiələr nəziri Allaha edir və onun savabını imamlara bağışlayırlar. Şiə fiqhində Allaha yaxınlıq məqsədi nəzirin niyyətində (siğəsində) qeyd olunur. Başqa şəkildə nəziri şiələr doğru saymır.”


 Müəllif: Əli Ətai İsfəhani    
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 646 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2012-12-08 8:52 AM) [Daxil et]
SALAM ALEYKUM və RƏHMƏTULLAHİ və BƏRƏKƏTUH.
ÇOX GÖZƏL. BELƏ MÜBAHİSƏNİ ETMƏK ŞİYƏ ALİMİN SƏBRİNƏ ƏHSƏN. TEZ TEZ HELƏ SÖZ BAŞADÜŞƏNLƏRLƏ ƏHLİ-BEHYT SEVƏR ALİMLƏRİMİZ RAST GƏLSƏ ARA VURAN SÖHBƏTLƏR ARADAN GÖTÜRÜLƏR, ƏHSƏN !
SALAM ALEYKUM.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]