Cümə axşamı, 2024-03-28, 8:46 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Siyasi

Nəriman Nərimanov və İslam dini
2013-05-11, 6:01 AM
Nəriman Nərimanov və İslam dini

İslam dininə münasibət Nəriman Nərimanov siyasətinin ən ümdə məsələlərindən olmuş və milli dövlətçilik baxışlarında önəmli yer tutmuşdur. O, bu məsələni dəfələrlə işıqlandırmağa çalışmışdır. 1920-ci il mayın 26-da N. Nərimanovun verdiyi ilk göstərişlərinin birində yerli əhalinin milli adət-ənənələrinə və dini hisslərinə hörmətlə yanaşılması tələb olunurdu. Bu məsələdə N. Nərimanovla XI Qırmızı ordu komandanlığı arasında xeyli ixtilaf baş vermişdir. N. Nərimanov hətta ənənəvi " cümə axşamını ” müqəddəs sayaraq, həmin gün qəbul etdiyi xəstələri pulsuz müalicə edərmiş. O, milli dəyərləri yaranmaqda olan beynəlmiləl dəyərlərdən üstün tutaraq bir neçə məsciddə nitq söyləmiş, dindarlara qarşı repressiyaların tətbiqinə qəti etiraz etmişdir. N. Nərimanov çadranın atılmasında məcburiyyət işlənməsinə qarşı olmuşdur. Məhərrəmlik günlərində N. Nərimanov məscidə ərzaq göndərmişdir.

1921-ci ilin aprelində N. Nərimanov Təzə pir məscidinin bərpası, təmiri üçün xüsusi sərəncam vermişdir və bu işin icrasını hərbiçilərə tapşırmışdır. O, Şəkidə şiələrlə sünnilər arasında ola biləcək toqquşmanın qarşısını almışdır. Novruz, Ramazan, Qurban, Mövlud (Məhəmməd Peyğəmbərimizin doğum günü) bayramlarını və Aşura gününü istirahət günləri elan etmişdir. Bu münasibətlə məsul işçiləri xalq tərəfindən keçirilən tədbirlərdə iştirak etmək üçün yerlərə ezam etmişdir.

Çiçerin Leninə məktubunda yazırdı ki, N. Nərimanovun " mollalar üçün nitqi müsəlman camaatına nəzakətlə yanaşmağın nümunəsidir ” . N. Nərimanov 1920-ci ilin sentyabr ayında XI Qırmızı ordunun rəhbərliyindən ordu bölmələrinin yerləşdikləri məscidlərin binasını boşaltmasını tələb etmişdir. N. Nərimanov məscidlərə ərzaq malları ayırmış və din xadimlərinin ərizələrinə çox həssaslıqla yanaşmışdır.

M. S. Ordubadi N. Nərimanov haqqında xatirələrində yazırdı ki, " onun nəzəriyyəsində kommunizm ilə İslamiyyəti barışdırmaq fikri mühüm yer tuturdu ”. M. S. Ordubadinin dediyinə görə, " partiya bu nəzəriyyəni məhv etmək üçün bütün qüvvəsini sərf edirdi ”. Hətta Mirzəbala Məmmədzadənin etirafına görə, N. Nərimanov sovet respublikalarında dinlə aparılan mübarizənin Şərqə heç bir xeyir vermədiyini təkidlə irəli sürmüşdür.

N. Nərimanovun İslam dini və dövlət arasında münasibətinə aid maraqlı fikirləri Çiçerinə yazdığı məktubdan aydın olur. Məktubda xüsusi qeyd olunur ki, sovet hakimiyyəti dövründə solçu kommunistlərin səyi nəticəsində müsəlman din xadimləri ilə hökumət arasında müəyyən qarşıdurma əmələ gəlmişdir. Bu qarşıdurmanı aradan qaldırmaq üçün N. Nərimanov bir neçə təklif irəli sürmüşdür. Onun təkliflərinin əsas mahiyyəti ondan ibarət olmuşdur ki, sosializm və İslam bir-birinə qarşı durmadan fəaliyyət göstərə bilərlər. N. Nərimanov Avropada ruhanilərlə sıx əlaqədə olan dövlətlərin fəaliyyətini xüsusi qeyd etmişdir. O, misal gətirirdi ki, Avropa din xadimləri xüsusi dövlət məktəblərini bitirirlər və fəaliyyət dövründə dövlətdən maaş alırlar. Bizim hakimiyyətin İslam xadimləri isə dinimizə xidmət edənlərin fəaliyyətinə məhdudiyyət qoyaraq əslində onların gəlirini kəsir, bu da onlarda narazılıq yaratmaya bilməz. Biz İslam din xadimlərini inandırmalıyıq ki, onlar bizim hakimiyyətimiz dövründə heç bir təqibə məruz qalmayacaqlar. Biz hər bir kəsə icazə verməliyik ki, öz övladına Quran və dinin əsaslarını öyrətsin. Biz icazə verməliyik ki, yeni evlənənlər dövlət qeydiyyatından sonra məscidə gedib kəbin kəsdirsinlər. Kəbinin bir üstünlüyü var, o da ondan ibarətdir ki, ailə pozularsa, kişi qadın qarşısında maliyyə öhdəliyi götürür. Belə bir öhdəliyin dövlət tərəfindən qayda olaraq qəbul olunmasını biz fikirləşməliyik.

N. Nərimanovun mövqeyinə görə hökumət çoxpilləli dini şuralar yaratmalı, hər məscidin dindarları öz mollasını seçki yolu ilə müəyyənləşdirməli, hər milli respublikanın ali ruhanisi ruhanilər tərəfindən seçilməli, hər bir ərazidə Ali Dini Şura yaradılmalıdır .

N. Nərimanov insanları panislamizmdən qorxmamağa çağırmışdır. Onun fikrincə panislamizm ziyalı düşüncəsinin məhsuludur. O, müsəlman dövlətlərinin ilk növbədə müstəmləkəçilikdən azad olunmasının tərəfdarı olmuşdur. N. Nərimanov belə fikirləşirdi ki, müsəlman dövlətləri olan Türkiyə, İran, Əfqanıstan öz milli hökumətlərindən başqa heç kim tərəfindən idarə olunmamalıdır.

Beləliklə, N. Nərimanov sovet dövlət sistemi şəraitində yaşamasına baxmayaraq, İslam dini problemlərinin həllinə, din xadimlərinə, dini məkanlara, müqəddəs yerlərə, dini bayramlara və şəhadət günlərinə xüsusi hörmətlə yanaşmış, dini baxımdan müqəddəs sayılan yerlərin qorunması üçün əlindən gələni etmişdir.
H. Həsənovun " Nəriman Nərimanovun milli dövlətçilik baxışları ” kitabından
Category: Siyasi | Added by: Ənfal
Views: 901 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]