Cümə günü, 2024-04-19, 11:20 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

Həzrət Əli (ə) elm insanlarının gözü ilə
2013-01-22, 12:07 PM
Həzrət Əli (ə) elm insanlarının gözü ilə


Məhşur xristian yazıçısı və fəlsəfə doktoru Mixail Namiya: Dünyanın hansı bir yazıçı və tarixçisi 1000 səhifəlik bir əsər yazsa belə Əli (ə) kimi bir insanı təsvir edə bilməz. Onun dəyərli ömrünü təsvir etmək üçün xüsusi sözlər seçilsə belə Əlinin (ə) ömrün yolunun, şərəfli şəxsiyyətinin fonunda acizdir.

Əhli sünnə alimi İbn Əbi əl-Hədid Nəhcül Bəlağəylə bağlı təfsirində deyir: Bir bax gör Əli (ə) necə bir fəsahətə mailkdir. Onun sözləri təkcə hikmətdən deyil, həm də böyük bir möcüzədən ibarətdir. Buradakı sözlərin düzülüşünün gözəlliyinə bax. Sanki yerdən qaynayan bulaq kimi təmizlik saçır bu sözlər. Məkkədə dünyaya gələn bir gənc heç vaxt filosofiya ilə tanış olmasa da dünyanın ən güclü filosofları olan Platon, Aristotel və Sokratı kölgədə qoya biləcək fikirlər söyləyir.

Nəhcül-Bəlağə təfsirçisi və dahi əhli-sünnə alimi Şeyx Muhəmməd Abdu buyurur: Nəhcül-Bəlağadakı sözləri oxuyarkən insan həm axirəti barədə düşünür, həm də maddi varlıq kimi bu dünyasından da düşünməyə məcbur olur. Öz sözləri ilə insan qəlbində o qədər mübarizlik və mətanət hissi yaradır ki, bu sözlərin qarşısında dünyanın ən böyük işlərini görmüş insanlar belə lərzəyə gəlir. Həmçinin paralel olaraq o qədər həlim və yumuşaq danışır ki, insan qəlbi incəlir, kövrəlir. Bir sözlə bu kitabda insan halını dəyişəcək, onu haldan hala sala bilən bir növ sözlərin ahəngi var.

Məhşur xristian yazıçısı Əmin Nəxlə insanlığa müraciət məqsədilə Həzrət Əlinin (ə) kəlamlarından sitat gətirərək dünyanın diqqətini bu kəlamlara yönəldir. Bütün kitabı oxuduqdan sonra Əmin Nəxlə göz yaşı içində bu sözləri deyib: Əgər mənə desələr ki Nəhcül-Bəlağədən müəyyən kəlamlar seç, bu mənim üçün çox çətin olar. Çünki and olsun Allaha ki, bu kitab başdan-başa hikmətlərlə doludur.

Misir yazıçısı Əbd əl-Fəttah Əbd əl-Maqsud buyurur: Mən hər zaman bir etalon olaraq hesab etmişəm ki, insanın formalaşması üçün mərhəmət və səbr vacib hisslərdir. Həzrət Əlinin (ə) sözləri insan qəlbində izlər qoyan, həyatı isə dünyaya gəlmiş ən yaxşı insan örnəyidir.

Məhşur Əhli-Sünnə alimi və təfsirçisi İbn Əbi əl-Hədid isə Həzrət Əli (ə) barədə düşündüklərini deyərkən Onun elminin dünyanın inkişafına verdiyi təkanı xüsusi vurğulayıb. Həzrət Əlini (ə) dünya elminin təşəbbüskarı hesab edərək buyurur: Bir çoxlarının onun İslamdakı dəyərini azaltmaq cəhdləri olsa da, hesab edirəm ki Quran təfsiri öz başlanğıcını Əlidən götürür, və ən mükəmməl təfsir məhz Əliyə məxsusdur. O Günəşə məxsusdur, hansı ki əl ilə bağlamaq olmaz, o bir işıqdır ki, gələcəyə işıq saçır.

Livan tədqiqatçısı və yazıçısı və xristian olan Corc Corcak: O, Həzrət Əli (ə) barədə bir neçə cilddən ibarət "İnsan Ədalət Səsi” adı altında kitab yazır. Bu kitab təkcə müsəlmanlar arasında deyil, həmçinin bütün elm və mədəniyyətə xidmət edən insanlar arasında böyük nüfuza malikdir. Mütəxəssislər Corcun bu kitabını oxuduqdan sonra məhz bu mövzuda araşdırmasına görə ona yüksək qiymət vermişlər. Lakin Corcun özü tədqiqatın tam olmadığını və Həzrət Əlini (ə) bir şəxsiyyət kimi tam aça bilmədiyini etiraf etmişdir. Corc Corcak xristian olmasına baxmayaraq Həzrət Əli (ə) barədə bu sözləri demişdir: Hələ mən uşaq ikən Əli (ə) məni maraqlandırmışdı və yaşım artdıqca o mənim qəlbimdə əvəzolunmaz yerə sahib olmuşdur. Həzrət Əlinin (ə) Nəhcül-Bəlağədəki kəlamları gözəl və xoşagəlimlidir. Həzrət Əli (ə) öz düşmənləri ilə hədə qorxu ilə deyil, izahla danışırdı. Onların və özünün attdığı addımları şərh edirdi ki bunun nəticəsində düşmən öz səhvini anlayır və müharibəsiz təslim olur.

Bir başqa yerdə Corc deyir: "Əgər siz bir kiçik hovuzun suyunu qarışdırmaq istəsəniz bir əlinizi suya salmanız yetərlidir. Əgər iri bir hovuzun suyunu qarışdırmaq istəsəniz artıq əllə qarışdırmaq alınmayacaq deyə gərək hovuza iri daş parçası atasınız. Əgər siz iri gölün suyunu qarışdırmaq istəsəniz artıq daş parçası deyil gərək bütöv bir dağı götürüb atasınız. Mən yalnız bir dərya tanıyıram ki onun suyunu heç nə tərpədə bilməz iki şeydən başqa: Məzlumun nəfəsi və gecə ikən Allah qorxusu."

Məhşur İran filosofu və alimi professor Muhəmməd Təqi Cəfəri Nəhcül-Bəlağənin tərcümə və təfsiri ilə bağlı cild-cild kitablar yazıb. Bu dəyərli zəhmət bir çox alimlərin diqqətini cəlb edib. Əllamə Muhəmməd Təqi Cəfəri Həzrət Əlinin (ə) və Nəhcül-Bəlağənin əzəmətindən danışarkən buyurur: "O zaman ki dünyada Nəhcül-Bəlağə ciddi şəkildə araşdırılacaq və layiqli qiyməti veriləcək, bax o zaman dünyada sosial, iqtisadi, mədəni, siyasi elmə gərək qalmayacaq”.

Qahirə universitetinin müəllimi professor Əbd əl-Vahhab Xamur belə bir fikir söyləmişdir: Nəhcül-Bəlağə elə bir kitabdır ki, burada dünyanın ən məhşur filosoflarının, tədqiqatçılarının, alim və politoloqlarının deyə biləcəyi bütün fikirlər toplanmışdır. Bu kitabı oxuyarkən anlamaq olur ki, buradakı sözlər ahəngi öz nurunu Həzrət Əlidən (ə) götürüb. Elə bir rəhbər tanıyırsınızmı ki, ölkəsində ac insan olduğuna görə yemək yeməsin, yaxud yetimlər olduğuna görə geyimlərində köhnə paltarlara üstünlük versin. Öz övladlarına isə o yalnız getdiyi yolu davam etdirməyi irs qoymuşdur. Bir dirhəmi beytül maldan götürdüyünə görə öz doğma qardaşını sorğu-suala tutmuşdur. Öz tabeçiliyində olan şəxsi bir çörəyi rüşvət niyyəti ilə aldığı üçün məhkəməyə çəkmişdir. Tarix və həqiqət sübut edir: O güclü şəxs, ədalətli hakim, mərhəmətli insan, dəyərli ata, dərin biliyə sahib alim kimi tarixdə silinməz və silinməyəcək iz qoymuşdur. Mən Həzrət Əlini (ə) tanıyanda özümə belə bir sual verdim: Tarix birdə Həzrət Əli (ə) kimi insan dünyaya gətirib bizim gözlərimizi nurlandıra biləcəkmi???
Category: Dini | Added by: Ənfal
Views: 1093 | Downloads: 0 | Rating: 3.5/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]