Çərşənbə axşamı, 2019-11-19, 0:12 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

ƏMR İBN HƏMİQİN HƏYAT YOLDAŞI AMİNƏ MÜAVİYƏNİN ZİNDANINDA
2012-11-13, 7:48 AM
ƏMR İBN HƏMİQİN HƏYAT YOLDAŞI AMİNƏ MÜAVİYƏNİN ZİNDANINDA
Əmr ibn Həmiq Həzrət Əlinin (ə) qoçaq və ixlaslı dostlarından idi. Həzrət İmam Əli (ə) şəhid olandan sonra, o, həmişə və hər bir fürsətdə Müaviyəni ifşa edib camaatı onun əleyhinə qaldırırdı. Onun bu hərəkəti Müaviyənin qulağına çatdı. Müaviyə Kufədəki valisi Ziyada yazdığı məktubunda təkid etdi ki, hər bir imkandan istifadə edib onu tutub qətlə yetirsin.
Əmr Müaviyənin cəlladlarının əlindən gizlənərək gizlin şəkildə fəaliyyət göstərirdi. O, axırda Müaviyənin Mosuldakı valisi Əbdürrəhman ibn Osmanın vasitəsi ilə tutuldu. Onun həyat yoldaşı Aminəni isə Ziyadın əmri ilə ərinin gizləndiyi yeri demədiyinə görə tutmuşdular. Müaviyə (Mosulun valisi) Əbdürrəhmana yazdı: "Əmrə iki yol təklif et! Ya Əlidən (ə) imtina, ya da ölüm”.
Əbdürrəhman bu tapşırığı Əmrə bildirdikdə Əmr cavabında dedi: "Əlidən (ə) imtina etmək (yəni mümkün olmayan şeydir). Çünki O, haqdır, Müaviyə isə batil. Amma mən ölməyə hazıram. Tezliklə Allahın, Peyğəmbərin (s) və Əlinin (ə) hüzurunda olacam və Müaviyədən intiqam alacam”.
Daha Əmrə imkan verməyib onu məzlumcasına öldürdülər. Ona hətta iki rəkət namaz qılmağa da icazə vermədilər. Beləliklə, o, Əlinin (ə) yolunda öz qanına boyandı, onun başını bədənindən ayırıb Müaviyə üçün göndərdilər.
Azadlıq sevən insanlar, o cümlədən İmam Hüseyn (ə) Müaviyəyə yazdığı məktubunda onun bu zülmünü pisləyib məhkum etdilər. Müaviyənin sarayında kasa yalayanlardan biri ona dedi: "Yaxşı olar ki, Əmrin başını zindandakı qadını Aminəyə aparıb yarasına duz səpək və dediyi bütün şər sözlərin intiqamını alaq”.
Aminənin göstərdiyi rəşadətlərdən çox narahat olan Müaviyə bu təklifi qəbul etdi. Əmrin başını zindana aparıb Aminənin üstünə atdılar. Aminənin gözü Əmrin başına sataşanda, onun qəhrəmanlıqlarını yada salıb göz yaşı axıtdı. Bu vaxt dedi: "Ərimi bir neçə müddət məndən gizlətdiniz. İndi isə başını mənim üçün hədiyyə gətirmisiniz. Ey mənim ömür-gün yoldaşım, xoş gəlmisən! Mən səni heç vaxt yaddan çıxartmayacam”.
Sonra məmura dedi: "Müaviyəyə de ki, tezliklə ərimin qanının intiqamını səndən alacam. Müaviyə çox böyük günaha batıb. Tezliklə Allahın qəzəb və əzabı onu tutacaq”.
Sonra o, ərinin başını bağrına basıb bir neçə söz dedi. Məmur Aminənin sözünü Müaviyəyə çatdırdı. Müaviyə əmr verdi ki, onu qəsrinə gətirsinlər. Bərk qəzəblənmiş Müaviyə Aminəyə dedi: "Eşitmişəm mənim barəmdə belə bir sözlər demisən? Bir halda ki, bizim əlimizdə olduğunu yaxşı bilirsən”.
Aminə dedi: "Bəli, bilirəm və İlahi əzab sənin başının üstündədir”.
Müaviyə Aminənin alovlu sözlərinin müqabilində tab gətirməyib əmr etdi ki, onu oradan uzaqlaşdırsınlar. Aminə məclisdən çölə çıxanda dedi: "Təəccüb edirəm ki, Müaviyənin bizimlə söhbət etmək qüdrəti yoxdur və əliylə işarə edir ki, məni çölə çıxartsınlar”.
O qapının ağzına çatmamış Müaviyə əmr etdi ki, Aminəni qaytarsınlar. Onu yenidən Müaviyənin yanına apardılar. Müaviyə əmr etdi onun qabağına qızıl-gümüş töksünlər. Aminə üzünü onlardan çevirdi və dedi: "Ey Müaviyə! Üzün qara olsun. Ərimi öldürdün, indi də məni mükafatlandırırsan. And ola Allaha! Bunların yüz bərabəri qədər olsa da, ərimin bir dırnağı ilə belə dəyişmərəm”.
Müaviyə güldü və dedi: "Əlidən (ə) uzaq ol, səni azad edim”.
Aminə Əlinin (ə) adın eşidəndə gözləri yaşardı və ağlayaraq Müaviyənin üstünə qışqırıb fəryad qopardı: "Ey Müaviyə! Gör necə də dəhşətli təklif irəli sürürsən. Pərvərdigara! Bil ki, Əli (ə) yox, Müaviyə lənətə layiqdir”.
Müaviyə xəcalət çəkdi. Əmr etdi Aminəni təzədən zindana apardılar. Bir neçə müddətdən sonra əmr etdi ki, onu zindandan azad etsinlər və İraqa qaytarsınlar. Məbada Şam camaatı (Müaviyənin nəzərincə) onun şər sözlərini eşidib, Müaviyənin əleyhinə qiyam etmək fikrinə düşərlər. ("Əl-Ğədir" c.9, c.11; "Təhgihül-məqal" c.2, "Hudəl İslam" səh.58,(Muhəmməd Bəhrul -Ulumun məqaləsi)

Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 503 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]