Şənbə günü, 2024-04-20, 8:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Xanımların kamil həyat sürməsi nədən asılıdır?
2012-11-16, 6:07 AM
Xanımların kamil həyat sürməsi nədən asılıdır?


Qızlar həsənələr, oğlanlarsa nemətdirlər. Həsənələrə görə savab verilir, nemətlərə görə sual olunur. Bu hədislə İmam Sadiq (ə) valideyn məsuliyyətini, yanaşma fərqini və əməllərin dəyərlilik dərəcəsini çatdırır.

Allah Təala qadına o qədər dəyər verib ki, onu ilk ömür saatından ölüm anına kimi əmanət olaraq xəlq edib. Xanıma xüsusi məqamlar verərək, onu daha da yüksəldir. Bəs xanım necə? Bu dəyərlərdən layiqincə bəhrələnə bilirmi? Allahın bu böyük lütfü qarşısında qadın necə yaşamalı, ibadət-itaətini necə etməlidir? Bəli, Allah bu qədər ehsandan əlavə, xanıma böyük bir nemət də bəxş etdi. Elə bir nemət ki, əgər bir xanım onu özünə nümunə seçərsə, dünya və axirəti günəş tək parlaq olar. Bu nümunə qısa bir ömür yaşayaraq xanıma necə övlad, necə həyat yoldaşı və necə bir ana olmagı öyrədir. Bu nümunə Peyğəmbərimizin (s) dan ulduzu, gözünün nuru, xanımlar xanımı, dünya və axirət xanımlarının seyyidəsi Həzrət Zəhradır (s. ə).

Əgər xanımın yaşadığı ömrü dövrlərə bölsək, görərik ki, uşaqlıq dövründən sonra xanım üç mühüm dövr yaşayır. Bu dövrlərdə xanım nələrə diqqət etməlidir? Necə yaşamalıdır kı, Xanım Zəhra (s. ə) kimi Allahın razılığını qazansın?

1. Xanım yeniyetmə və gənc kimi nə etməlidir?

2. Xanım həyat yoldaşı kimi nə etməlidir?

3. Xanım bir ana kimi nə etməlidir?



Yeniyetmə və gənc xanımın birinci dövrdə üzərinə bir çox əməllər düşür. Bunlardan kamil hicabı, elmi, əxlaqı və s. göstərmək olar. Bəli, bir gənc xanım öz yaşıdları yanında kamil hicaba riayət edərək, yüksək əxlaqla, dəyərli bir elmlə məşğul olarsa, bu xanım öz gəncliyinə qiymət vermiş olar. Bu dövrdə xanımın boynuna düşən əməllərdən biri də valideyninə layiqli övlad olmasıdır. Valideynlərinə qarşı mehriban olmalı və "uf” deyəcək dərəcədə incitməməlidir. Daim onların razılığıni qazanmağa çalışmalıdır. Rəsuli-Əkrəm (s) buyurub: "Ya Əli! Allahın bütün razılığı valideynin razılığında, Allahın qəzəbi də valideynin qəzəbindədir”. Bir xanım əgər Allahın razılığıni qazanmaq istəyirsə, əlbəttə, hər bir işdə valideynin razılıgıni qazanmalıdır. Və Allahı qəzəbləndirmək istəmirsə, valideyni qəzəbləndirməkdən çəkinməlidir.

İkinci dövrə nəzər salsaq, görərik ki, Allah xanıma çoxlu savablar qazanması üçün daha bir şans verir. Allah onun məqamını yüksəldərək ona həyat yoldaşı olmağı nəsib edir. Hədisdə buyurulur: "Evli bir şəxsin iki rükət namazı, subay şəxsin gecədən səhərə qədər qıldığı namazdan və gündüzlər tutduğu orucdan daha fəzilətlidir”.

Həqiqətən, Allah xanıma cənnət qazanması üçün böyük fürsətlər verir. Bu dövrdə əgər xanım hər bir işdə səbir edib, öz həyat yoldaşına layiqli xanım olsa və yerinə yetirdiyi hər bir işi Allaha xatir edib, qarşılığında heç kimdən heç nə ummasa, kamala çatar. Bu dövrdə xanımın daha bir sınagı isə öz həyat yoldaşının valideynlərilə münasibətidir. Burada xanım öz valideyninə qarşı necə hörmətlə səbir edirdisə, gərək yoldaşının valideynləri üçün də o cür hörmətlə səbir etsin. Egər bu əməllərə diqqət edərsə, Allah dərgahında mükafatını alar.

Xanımın ən məsuliyyətli dövrü üçüncü dövrdür. "Cənnət anaların ayaqları altındadır”. Allah Peyğəmbəri (s) bu sözlərlə anaların maqamını ən yuksək dərəcəyə çatdırır. Bu məqamın çoxlu məsuliyyətləri var . Xanım bu dövrə kimi ancaq öz tərbiyə və əxlaqına diqqət etməli idisə, indi artıq özü ilə bərabər ona verilən körpənin də tərbiyə və əxlaqı ilə məşğul olmalıdır. Hədislərə nəzər saldıqda görürük ki, övlad hələ ana bətnində ikən onun tərbiyəsilə məşğul olmaq lazımdır. Xanım artıq bu vaxtdan etibarən hər bir əməldə Allah bəyənən işləri görməli, haramlardan çəkinərək, övladına düzgün tərbiyə verməlidir.

Ümumiyyətlə isə, bu və digər sualların düzgün cavabı – hər bir xanımın həyat yolunu bir kamillik səfərinə çevirir. Bu cavab da uzaqda və ya gizlində deyil: Həzrət Zəhranın (s.ə.) mübarək və mənalı həyatına diqqət edib, həyatın hər bir anında o Həzrətdən (s.ə.) ibrət götürmək gərəkdir. Nə qədər çox ibrət götürülsə və götürülən ibrət dürüst tətbiq edilsə, xanımın kamillik yoluna yaxınlığı da bir o qədər artar.

Allah bütün xanımları bu mühüm missiyanın yerinə yetirilməsində sabitqədəm qərar versin! Allah hər bir xanıma səbir və təqva ilə yaşayıb, Xanım Zəhraya (s.a) layiq olmağı nəsib etsin. Amin!





Təravət Cəfərova

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin dinləyicisi

deyerler.org

Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 940 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]