Çərşənbə günü, 2024-04-24, 1:59 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

İSLAMİ LİBASLAR BÜTÜN DÖVRLƏRİN DƏB VƏ MODASI İLƏ AYAQLAŞIR
2012-10-25, 7:06 AM
İSLAMİ LİBASLAR BÜTÜN DÖVRLƏRİN DƏB VƏ MODASI İLƏ AYAQLAŞIR

Əynimizə paltar alanda əsasən nələrə fikr verək?!

Bismillahir-Rəhmanir-Rəhim. Geyim insanı ətraf mühitin təsirindən həm mənəvi, həm də maddi cəhətdən qoruyan amildir. Geyimin insan həyatında rolunun nə qədər önəmli olduğu hamıya məlumdur.

İslam alimləri tərəfindən müsəlmalara geyim barədə çox gözəl bildirişlər verilmişdir ki, bu məqalədə bunlardan bəziləri haqda yazmaq istəyirəm. Hər birimiz bu hökmlərə riayət etsək, inanın ki, Allahın razılığını qazanmaqla bərabər öz həyatımızı və mənəviyyatımızı da təmizləyə bilərik. Geyilməsi haram olan paltarları geyməsək, Allahın rizası ilə rəftar etsək, həm dünyada, həm axirətdə xeyir tapanlardan olarıq.
Allah təala əziz peyğəmbərimiz (s) vasitəsilə geyim barədə müsəlmanlara bir çox tövsiyyələr etmişdir. Allah qızıldan istifadə olunmuş, ipək parçadan tikilmiş geyimləri kişilərə haram buyurdu. Elmin inkişafı nəticəsində məlum oldu ki, kişinin cismində qızıl elementi çoxluq təşkil etdiyindən əlavə qızıldan istifadə onun səhhətinə zərər verə bilər. Kişilərin geyimlərində yaxşı olar ki, pambıq, çit, kətan parçadan tikilən paltarlardan, ipək sapdan istifadə olunmasın.

Hava şəraitindən asılı olaraq geyimimizdə bəzən dəri məmulatlarından istifadə edirik. İstifadə etdiyimiz dəri şəri yolla, yəni "Bismillah” deyilərək kəsilmiş heyvanın dərisindən olmalıdır və yaxşı olar ki, çox istifadə olunan heyvanın dərisi (məsələn at, uzun qulaq) olmasın. Namaz qılan zamanı əynimizdə əti haram olan heyvanın dərisindən tikilmiş paltar istifadə olunmamalıdır.

Geyimin parçasının keyfiyyəti qədər onun rənginin də böyük əhəmiyyəti var. Hər insan geyim seçərkən onun rəngi onun üçün böyük əhəmiyyət kəsb edir. İndiki zamanda zövqsüz və rəngləri bir-birinə uyğunlaşdıra bilməyənlərə çox rast gəlmək olar. Zövqlü görünmək üçün qadın əgər isti rəng sayılan tünd rəngdə qara və ya tünd yaşıl geyimdə olarsa, buna uyğun olaraq hicab örtüyünün rəngi də isti rənglərdən, məsələn yaşıl, çox parlaq olmayan sarı rəngdən istifadə etməklə zövqlü görünmək mümkündür.

Şəriət paltar üçün ən yaxşı rəngin ağ, yaşıl, sarı, açıq qırmızı, göy və mərciməyi rənglər olduğunu bildirir. Qara və tünd qırmızı rənglər isə bəyənilməzdir. Xüsusilə namaz halında qara və tünd qırmızı rənglərdən istifadə etmək məsləhət görülmür. Lakin, üst geyim, məsələn, əba bu rənglərdə olarsa qəbahət deyil. Rənglərin insana psixoloji təsiri böyükdür. Muhəmməd Peyğəmbərdən (s) nəql olunmuş hədisdə belə buyrulur : "Ağ rəngli paltarlar geyin, ölülərinizi də bu rəngli parçalarla kəfənləyin, çünki bu rənglərin ən gözəlidir.” Doğrudan da ağ rəngi rənglərin şahı adlandırmaq olar. Bu rəng bütün rəngləri özündə cəmləşdirib. Ağ rəngli geyimdə insan özünü rahat, gümrah və səliqəli hiss edə bilər. Bu rəng əhval-ruhiyyəni yüksəldir. Tünd rəngli paltarlar isə insanda qəm qüssəni oyadır və əhval-ruhiyyənin pozulmasına səbəb olur. Şəhərimizə qış fəsli daxil olan kimi hamının qara rəngli geyimə üstünlük verməsi bir növ insanda mənfi ab-hava yaradır. Onların tünd rəngdə geyimləri həm öz əval ruhiyyəsinə, həm də ətrafdakılara mənfi təsir edir. Əlbətdə bunula mən Məhərrəm ayında İmam Hüseynə (ə) əza saxlayanları və məxsusi günlərdə qara libas geyənləri nəzərdə tutmuram.

Əziz peyğəmbərimiz (s) müsəlmanlara buyurur: "Həddindən artıq uzun və gen paltarlar geyinməyin. Qəbanın ətəyi ayaq sümüklərinə qədər, (dizlə topuğun arası) qolları isə biləyə qədər olmalıdır. Qadınların üst paltarları isə topuqlarına çatmalıdır. Yəhudilər və məsihilər kimi yerlə sürünən uzun paltarlar geyinməyin, bilin ki, bu cəhənnəm əhlinin paltarlarıdır. Adi havalarda pambıq, soyuq havalarda isə yun paltar geyinin. Paltarınız yaraşıqlı və bahalı olduğu halda qürurlanmayın. Allah təala sadə və əməli saleh insanları sevər, qəlbində azacıq da olsa qürur və təkəbbür hissi olanları isə əbədi cəhənnəmdə məskunlaşdırar.”

Geyim növlərindən biri də baş geyimidir. Qadına baş örpəyi vacib buuyrulmuşdur. Qadınlar geyimdə cəzb edici, göz qamaşdıran rənglərdən istifadə etməməlidirlər. İslam dini cəmiyyət arasına çıxanda qadına sarı, narıncı və başqa parlaq rənglərdən istifadəni məsləhət bilmir. Lakin, qadın məclisində, naməhrəm olmayan yerdə belə geyinmək olar.

Kişilər üçün başa əmmamə qoymaq Məhəmməd peyğəmbərin (s) sünnətindən sayılır. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə belə deyilir: "Əmmamə ərəbin tacıdır. Əgər onlar əmmamə qoymaqdan çəkinərlərsə, malik olduqları şərəf və izzətdən məhrum olarlar”. Peyğəmbər baş geyimini insanın şərəfi, izzəti kimi göstərir. Çox təəssüflər olsun ki, bizim cəmiyyətimizdə əmmamə, papaq qoymaq kimi peyğəmbər sünnətinə əməl etmək ənənəsi sovetlər dövründə məqsədli şəkildə aradan aparılıb. Bu haqda peyğəmbər (s) buyurur: "Camaat əmmamə və ya papaq qoymağı özlərinə ar bildikləri zaman zinakarların sayı çoxalar və pozğunluq adi hala çevrilər.” Məlumdur ki, dövrümüzdə pozğunluğu adi hal hesab edənlər az deyil. İslamın buyurduğuna əməl etsək, geyimimizi Allaha xatir, Allahın buyurduğu kimi geyinsək, özümüzə bu mətləbləri dəb bilsək həm dünyada, həm də axirətdə xeyir taparıq. Lakin, biz avropalı modelyerleri izləyir, hər sezon onların hansı geyimləri bizə təqdim edəcəklərini gözləyirik.

Avropalı modelyerlərin dəbə saldığı dar, hər tərəfi açıq, narahat geyimləri müsəlmanların əynində görmək məncə əziz peyğəmbərimiz narahat edər. Nəyə görə adımız müsəlman, dinimiz islam olduğu halda qeyri dindən, Allahın buyurduğundan xəbərdarı olmayan modelyerlərə pərəstiş edir, hətta onların dəbə saldığı müsəlmana yaraşmayan geyimləri də geyirik?! Allahın buyurduğunu unuduruq. Budur "qadın azadlığı”? Bu "qadın azadığı” yox "cahillikdir”, cahilliyin qayıdışıdır. Əsl "azad qadın” isə Allah yolunda, elmli, əxlaqlı, ailəsinə sadiq, gələcək dövrə imanlı, əxlaqlı övlad bəxş edən, öz elmi savadı ilə tanınan qadındır. Bədənini yad gözlərin nümayişinə çıxarmaq isə nə Allahın buyurduğu, nə də müsəlman qadına xas olan xüsusiyyətdir.

İmam Baqirdən (ə) nəql olunmuş hədisdə deyilir: "Qadınlar özlərini kişilərə, kişilər də qadınlara oxşatmamalıdırlar. Cəddim Həzrəti Məhəmməd (s) belə şəxslərə lənət oxuyardı.”


Kərbəlayixanım Rübabə Allahverdiyeva
"Birlik-Press" qəzet
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 2164 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]