Cümə günü, 2024-03-29, 1:51 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Fatİmeyİ-Zəhra (ə) Quran ayələrİ baxımından
2012-11-02, 5:17 PM
Fatİmeyİ-Zəhra (ə) Quran ayələrİ baxımından

O alicənab xanımın böyüklüyü, əzəməti və müqəddəsliyi haqqında çox söz deyilmiş, çox yazılmışdır. Amma bütün bunlardan daha üstünü o fəzilət və əzəmət sahibinə məxsus əlamətlərin, nişanələrin Qurani-Kərimdə öz əksini tapmasıdır. Allah-təala Qurani-Kərimdəki bir çox ayələrdə dünya qadınlarının fəxri olan Fatiməyə (ə) böyük ehtiramla işarə etmişdir ki, bunun özü də ayrılıqda bu iş və mübarizə qadınına – inqilab və müqəddəslik xanımına ən böyük bir iftixarı nəsib edir.



Bu məsələ ilə bağlı qeyd etmək lazımdır ki, Fatimə (ə) Qurani-Kərimin Əhli-beytə (ə) , qarşılıqlı lənətləməyə, qohumluqda məhəbbət və mehribanlığın, nəzrdə sədaqətin gözlənilməsinə, yetimlərə, yazıqlara, əsirlərə rəhm etməyə aid şərif ayələrinin açıq-aşkar təsdiqidir. Və bunlardan daha üstünü "Kövsər”in və başqa nümunələrin aydın təsdiqidir. Bu ayələrin hamısının o böyük xanıma aid olmasını istər şiə əhlinin, istərsə də sünnə əhlinin əksər alimləri, təfsirçiləri yekdilliklə təsdiq edirlər. Bunun özü isə göstərir ki, insaf əhli olan tədqiqatçı alimlərin heç biri bu məsələyə şəkk-şübhə ilə yanaşmır və yalnız Peyğəmbərin (s) fəzilət və kamal sahibi olan qızını bu iftixara layiq bilirlər.

Bu barədə sünnə əhlinin böyük alimlərindən Müslim, Tirmizi, Əhməd ibn Hənbəl, İbn Hacər, Beyhəqi və bir çox başqaları yuxarıdakı ayələrdə bəhs olunan mövzuların o böyük xanıma aid olduğuna işarə etmiş və bu barədə təfsirlər yazmışlar. Biz burada qısaca olaraq bu barədə olan dörd şərif ayənin təfsir və şərhini veririk. Ayələrin təfsir və şərhində mötəbər məxəz və sənədlərdən istifadə etmişik.



1. Mübahilə (qarşılıqlı lənətləmə) ayəsi

İslamın başlanğıcında ən həssas və tarixi bir anda nazil olmuş və çox mühüm hadisələrin birindən xəbər verən bu şərif ayədə Uca Tanrı belə buyurur:

"Səninlə düşmənlik edən hər bir kəsə de ki, gəlin hamılıqla oğullarımızı, qadınlarımızı və qohumlarımızı çağıraq, sonra bir-birimizi lənətləyək. Və Allahın lənətini yalançılara yönəldək...”

Bəli, peyğəmbərliyə dəvət zamanı başqa din başçılarının o həzrətlə qarşıdurması gücləndi və iş o yerə çatdı ki, onlar kəramətli Rəsulu (s) yalançı kimi qələmə verdilər. Bu şərif ayənin nüzulu ilə çətin və mürəkkəb bir imtahan mərhələsi ortaya çıxdı. Qərar belə oldu ki, hər iki tərəf öz ailəsi, övladları və qohumları ilə birgə bir-birlərinin qarşısında sıraya düzülüb qarşılıqlı lənətləməyə başlasınlar. Yəni hər kəs Allahın lənətini və İlahinin nifrət və əzabını öz iddiasında yalançı olan kəs üçün istəmiş olsun. Bütün müsəlmanların və hədis müəlliflərinin, hətta xəvaric və münafiqlərin fikrincə, bu şərif ayə də Fatimeyi-Zəhraya (ə) aiddir. Çünki bu şərif ayədə deyilir ki, sizlərdən hər biri qadınlarınızı, xanımlarınızı və oğullarınızı çağırın. Və İslam peyğəmbəri (s) də qadınları içərisindən ciyərparası Fatimədən (ə), oğullarından Həsən (ə) və Hüseyndən (ə), qohumlarından isə Əli bin Əbu Talibdən (ə) başqa heç bir kəsi çağırmadı və yalnız bu kiçik qrupla yola düşdü ki, qarşılıqlı lənətləmə üçün düşmənlərin qarşısında dayansın.



İslam peyğəmbəri (s) hicri tarixi ilə 10-cu ildə bu kiçik və nurani qrupla keşişlərlə və o dövrün məsihiyyət dininin başçıları ilə üz-üzə dayanmaq üçün hərəkət etdi.

Qarşı tərəf isə kilsə başçılarından, patriarxlardan və nəsranilərin (xristianların) məzhəb rəislərindən təşkil olunmuşdu. Cəmi on dörd nəfərdən ibarət bu dəstə də üz-üzə dayanmaq üçün hazır idi.

Dəstənin başçısı Nəcran patriarxının gözü bu nurani və müqəddəs karvana sataşcaq daxilində bir dəyişiklik baş verdi. O, işarə ilə köməkçilərinə dedi: "Ay nəsranilər, mən nurani və İlahi simalardan ibarət bir dəstənin bizə tərəf hərəkət etdiyini görürəm. Əgər onlar dua etsələr ki, Allah dağları yerindən tərpətsin, Yaradan onların dualarını qəbul edəcək. Belə bir dəstə ilə əsla qarşılıqlı lənətləməyə girməyin ki, hamınız həlak olarsınız. Yer üzündə bir nəsrani də qalmaz.”

O qarşılıqlı lənətləmə baş tutmasa da, lakin həmin şərif ayənin nüzul olması və Peyğəmbərin (s) öz dəstəsini kimlərdən seçməsi göstərir ki, böyük Rəsul (s) ailəsindən seçdiyi şəxslərin duasına, onların "amin” deməsinə və Allah tərəfindən dualarının qəbul olunmasına tam inanırdı. Başqa sözlə desək, Peyğəmbər (s) əmin idi ki, seçdiyi şəxslər İlahi dərgahının layiqli bəndələri, İslamın İlahi ayininə həqiqi etiqad bəsləyən xidmətçiləri, İslamın ən nümunəvi tərbiyə almış nümayəndələri sayılırlar və onlar İslam təlimlərinin kamilliyini başqa millətlərin, dinlərin nümayəndələri qarşısında ləyaqətlə nümayiş etdirə və onları İslama, Qurana dəvət edə bilərlər.

Deməli, Allahın Rəsulunun (s) bu hadisədə özü ilə yalnız bir qadını – pakların pakı Zəhranı (ə) aparması açıq-aşkar görür və onun İlahi dərgahında necə bir yüksək mövqe tutmasını dərk edirik. Bu isə o deməkdir ki, "Mübahilə” (Qarşılıqlı lənətləmə) ayəsində "qadınlar” dedikdə yalnız Fatimeyi-Zəhra (ə) nəzərdə tutulur. Odur ki, bu dəyər və məqam – İslam təlimlərinin yayılması sahəsindəki bu böyük vəzifə və öhdəlik və bu şərif ayənin Fatimeyi-Zəhraya (ə) aidliyinin gerçəkliyi Allahın Elçisinin (s) bu dünyadan köçməsi ilə aradan qalxmadı, əksinə, öz hökmündə və qüvvəsində qalmaqda davam etdi. Buna görə də Zəhranın (ə) vəzifə və mövqeyi elə bir qeyri-adi yüksək vəzifə və mövqedir ki, onu sadə bir şəkildə şərh etmək mümkün deyil. Bəlkə də buna görədir ki, sünnə əhlinin tanınmış alimi Zəməxşəri "Kəşşaf” adlı böyük və məşhur təfsir kitabında bu ayənin təfsirində bu həqiqəti etiraf edir. Peyğəmbərin (s) və ən yaxın köməkçilərinin (ə) böyük fəzilət sahibi olduqlarına dəlalət edən bu ayə hamının qəbul etdiyi ən güclü sənəddir.

2. Paklanma və təmizlənmə ayəsi

Bu şərif ayədə buyurulur: "Allah siz Əhli-beyti tərtəmiz və pak etməyi və pisliklərdən uzaq etməyi istər.”

Böyük İslam təfsirçilərinin, hədis müəlliflərinin və alimlərin dəqiq və ətraflı tədqiqatları, mötəbər məxəz və sənədlərin hərtərəfli araşdırılması göstərir ki, bu şərif ayədəki "Əhli-beyt” ifadəsindən məqsəd həmin beş nəfərdir. Həmin beş parlaq ulduz, beş nur mənbəyi, beş bilik mənşəyi: Allahın Rəsulu (s), Əli bin Əbu Talib (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə).

Məşhur alimlərin ən tanınmış, ən mötəbər məxəzləri bu məsələdə mühüm cəhətləri aşkar edir məsələn, Cəlaləddin Süyuti özünün "Əd-dürr-ül-mənsur” adlı məşhur təfsir kitabında bu şərif ayənin təfsirinə iyirmidən çox hədisi daxil etmişdir. Həmin sənədlər sübut edir ki, bu ayədəki "Əhli-beyt” ifadəsindən məqsəd o beş nəfər böyük şəxsiyyətdir.

İbn Cərir Təbəri də "Ənbiya” kitabında on beşdən çox hədis vermişdir ki, onların hamısı bu ayədəki "Əhli-beyt” ifadəsinin həmin beş nəfər böyük şəxsiyyətə aid olmasını sübut edir. O beş nəfər ki, peyğəmbərliyin mübarək və bərəkətli örtüyü altında idilər. İslam və bəşər tarixində özünə əbədi və möhtəşəm yer tutan beş nəfər onlardır.



Həmin gün o beş nəfər bir nurani qrupu təşkil edərkən İslam peyğəmbəri (s) əlini göyə qaldıraraq, İlahi dərgahına dua edərək dedi: "Allahım, bunlar mənim ev əhlimdir. Pisliyi onlardan uzaq et, onları tərtəmiz və pak et!” Əlbəttə, bu dua həmin bir günlə və həmin bir dəfə ilə məhdud olmadı, əksinə, kəramətli Peyğəmbər (s) bundan sonra dəfələrlə bu duanı təkrar edir və İlahi dərgahı qarşısında bu Peyğəmbər xahişini dönə-dönə dilinə gətirirdi.

Allahın Rəsulunun (s) fəzilət sahibi həyat yoldaşlarından biri Ümmü Sələmə bütün İslam alimlərinin, tədqiqatçılarının mötəbər saydığı kitablara və tarixi sənədlərə istinad edərək bu barədə belə deyir: "Bu beş nəfər nurani və böyük şəxsdən ibarət mənim evimdə idi. Həmin gün Allahın Rəsulunun (s) Əhli-beyti haqqında duasını eşidərkən Peyğəmbərin (s) hüzurunda dedim: "Mən də ev əhliyəm. Rəsulullahın duası mənə də aiddirmi?” Allahın Rəsulu (s) mənim sualımın cavabında öz əbasını öz yaxın köməkçilərinin başına çəkib qəti və möhkəm bir tərzdə buyurdu: "Ey Ümmü Sələmə, əlbəttə, sənin belə bir sual verməyə haqqın var, amma Allah şahiddir ki, sən Əhli-beytə şamil deyilsən.”

Bəli, Peyğəmbərin (s) ismətli və pak Əhli-beyti vasitəsilə bu barədə gəlib çatmış çoxlu hədis və xəbərlər bir tərəfdən göstərir ki, Əhli-beyt olmaq şərəfi yalnız o böyük şəxslərə aiddir, bir tərəfdən də Peyğəmbərin (s) ailəsinin başqa üzvlərinin, hətta o həzrətin həyat yoldaşlarının – həyatının şəriki olan bu yaxın adamlarının İlahi səmavi mənada Əhli-beytə şamil olmasını qeyri-mümkün sayır. Bu şərif ayədən də məqsəd elə budur.

Sünnə əhlindən olan qardaşlarımız – böyük və adlı-sanlı hədisçilər də bu barədə bir sıra rəvayətlər nəql etmişlər ki, onların bəzi nümunələrini biz aşağıda verəcəyik. Bu rəvayətlərdə deyilir: "İslam Peyğəmbərinin (s) mübarək qəlbinə bu şərif ayə nüzul olduqdan sonra o həzrət səhərlər evdən çıxarkən yolunu Fatimənin (ə) evinin yanından salırdı. O həzrət Fatimənin (ə) evinin qabağına çatarkən uca səslə o evin əhlini çağırır və buyururdu: "Əssəlavat, əssəlavat! Peyğəmbər ailəsi. Allah sizi pak və tərtəmiz etmək, pisliklərdən, əyriliklərdən uzaq etmək istəyir...”

Rəsulullahın bu hərəkəti və yuxarıdakı sözləri təkrar etməsi rəvayətlərə görə altı-səkkiz ay ərzində davam etmişdir. Bu müddət o həzrət hər gün səhərlər bu hərəkətini təkrar etmiş və həmin sözləri mübarək dilinə gətirmişdir.

Təkrarı doğuran səbəb və amil

Burada istər-istəməz bir neçə məntiqli sual ortaya çıxır: Peyğəmbər (s) tərəfindən belə bir hərəkətin təkrarına səbəb nə olmuşdur? Hansı amil nəticəsində bu hərəkət təkrar-təkrar davam etmişdir? Məgər müqəddəs və nurani Peyğəmbərin (s) ismətli, pak Əhli-beyti üçün bu səma xəbərini, İlahinin müqəddəs vədini bir dəfə eşitmək kifayət deyildi? Məgər bu, onların Allah dərgahı qarşısında əzəmət və müqəddəsliyini, izzət və şərəfini sübut etmirdimi?

Əlbəttə, o böyük şəxslər üçün bu sözlərin bircə dəfə də deyilməsi kifayət idi. Buna görə də çox güman ki, kəramətli Rəsulun (s) bu müddət ərzində həmin sözləri təkrar etməkdə çox ali bir məqsədi varmış. Belə ki, bu əməlini dönə-dönə təkrar etməklə hamının qulağına çatdırmaq istəyirmiş ki, yalnız bu kiçik, balaca evin sakinləri Əhli-beytin açıq-aşkar təsdiqidir və Allahın pak və tərtəmiz etdiyi kəslər onlardır. Səma ayəsi, İlahi kəlamı bu şəxslər haqqındadır. İlahinin xüsusi yardımına layiq görülmüş şəxslər bunlardır. Onların paklıq və tərtəmizliyinə və pislikdən, yaramazlıqdan həmişəlik uzaq olmasına İlahi dərgahı tərəfindən zəmanət verilmişdir.

Bəli, Peyğəmbərin (s) bir neçə ay ərzində bu hərəkətini təkrar etməsini, həmin müqəddəs sözləri dönə-dönə deməsini doğuran bircə səbəb ola bilərdi. Peyğəmbər (s) bununla hamıya çatdırmaq və anlatmaq istəyirdi ki, İslam peyğəmbərinə (s) ən yaxın adamlar, İlahi dərgahında ən sevimli şəxslər, Allahın Rəsulunun (s) və İslam qayda-qanunlarını ən gözəl şəkildə davam etdirənlər Yaradanın Qurani-Kərimdə "Əhli-beyt” kimi qələmə verdiyi kəslərdir. Və Əhli-beyt də həmin o kəslərdir ki, Allahın Rəsulu (s) hər gün şəxsən onlara müraciət edərək İlahi xəbərini çatdırır. Beləliklə də, bu müjdənin əzəmət və dəyəri hər şeydən əvvəl başqaları üçün məlum olmalıdır. Onlar İlahinin xüsusi mərhəmətinə layiq görülmüş bu şəxsləri nə qədər yaxından tanısalar, onların buyurduqlarının gerçək olduğunu bir o qədər tez və yaxşı dərk edəcəklər.

Əvəzlik niyə kişi cinsinin cəmindədir?

Burada bir incə mətləbi də qeyd etmək vacibdir. Ayədə cəmdə olan şəxs əvəzlikləri "ənkumu” və "yutəhhirəkum” şəklindədir, yəni kişi cinsindədir, halbuki ərəb dilinin xüsusiyyətinə görə o, qadınlara məxsus bu şəkildə işlənməlidir: "ənkunnə” və "yutəhhirəkunnə”. Həmin ayənin bu şəkildə işlənməsi onun Fatimə (ə) və Əlinin (ə) ailəsinə aid olmasını sübut edir. Ayə göstərir ki, o, Peyğəmbərin (s) Fatimə (ə) və Əlidən (ə), Həsən (ə) və Hüseyndən (ə) ibarət ailəsi üçün nazil olmuşdur və Allahın Rəsulunun (s) həyat yoldaşlarına şamil deyil. Belə olmasaydı, ayədə işlənmiş şəxs əvəzliyi başqa şəkildə olmalı idi.



3. Qohumlarına məhəbbət və mehribanlıq



Uca Tanrı Qurani-Kərimdə böyük Rəsuluna müraciətlə buyurur: "Ya Peyğəmbər! De ki: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm.” ("Əş-Şura” surəsi, 23-cü ayə)

Qeyd etmək lazımdır ki, burada kəramətli Rəsul (s) haqqında buyurulmuş "qohumluq məhəbbətindən” ifadəsi ilə adi həyatda olan qohumların eyni münasibəti arasında böyük fərq var.

Çünki Uca Tanrı Öz Rəsulu (s) haqqında buyurduğu bu məhəbbət adi bir məhəbbət deyil, əksinə həqiqətdə İlahi risalətinin məramının davamıdır. Buna görə də belə əzəmətli məhəbbət Allahın Rəsulunun (s) xahişi ilə olmuşdur. Bu məhəbbət hətta o həzrət üçün dini, risaləti təbliğ etmək yolunda üzləşdiyi çətinlik və müsibətlərin əvəzində qazandığı əcr və mükafat hesab olunur. Həmin qohumları cəmiyyətdə yüksək mövqe tutduqları üçün, onların dostluğu və mehribanlığı xatirinə hər cür əzab-əziyyətə dözməyə dəyər. Bəli, dostluq və mehribanlığı bu dərəcədə əhəmiyyətli olan o qohumlar görkəmli və səlahiyyətli şəxslərdir və onlar peyğəmbərliyi davam etdirə və təbliğ edə bilərlər. Beləliklə, bəşər cəmiyyəti Allahın Rəsulunun (s) onlar üçün nəzərdə tutduğu məqsədə nail ola bilər.

Bu dəyər və səlahiyyətin, nüfuz və qabiliyyətin Peyğəmbərin (s) hansı qohum və yaxınlarında olması məsələsinin aydınlaşdırılması da vacibdir. İslam peyğəmbərinin (s) ailəsinə bağlılığı olan hər kəsəmi bu İlahi kəlamı aiddir? Onların hamısınamı dostluq və mehribanlıq Allah Rəsulu (s) üçün bu qədər əhəmiyyətə malikdir? Yoxsa həmin qohumlar içərisindən yalnız çox az sayda və seçilmiş şəxslər nəzərdə tutulur? O şəxslər ki, Allahın Rəsulunun (s) ailəsinə mənsub olmaqla yanaşı bütün qəlbi və varlığı ilə, dərin inam və paklıqla həmin peyğəmbərlik məramını davam etdirərək bu yolda iri addımlar atırlar.

Şübhə yoxdur ki, əgər əcr və mükafat Peyğəmbərə (s) aiddirsə, yalnız və yalnız həmin peyğəmbərlik və rəhbərlik məqamına görədir. Peyğəmbərlik üçün mükafat isə bu yolun başqa böyük şəxslərinə aid deyildir. Çünki əgər belə bir iş olsaydı, öz-özlüyündə bir növ təzad, nöqsan əmələ gətirərdi. Axı Peyğəmbərin (s) mükafatı onun yolu ilə getməyən qohumları ilə mehribanlıq ola bilməzdi. Məsələn, Əbu Cəhl kimi bir qohuma mehribanlığın buna nə dəxli var? Mükafat yalnız İslam peyğəmbərinə (s) tapşırılmış risaləti təbliğ etmək üçün idi və bu işə zidd çıxanlarla dostluğu nəzərdə tutmurdu. Deməli, burada söhbət o kəslərlə dostluq və mehribanlıqdan gedir ki, peyğəmbərlik məramının yerinə yetirilməsində dəqiq surətdə iştirak etmişlər və hər baxımdan əziz Peyğəmbərin (s) müqəddəs vücudunun parlaq nümunəsidirlər. Belə müqəddəs şəxslərə yalnız vəhy nazil olmur.

Bütün bunları nəzərə alaraq yüksək peyğəmbərlik məqamının qorunmasını istəyən şəxslər və pak Əhli-beytə (ə) ürəkdən vurulmuş şəxslər yekdilliklə bu fikirdədirlər ki, Allahın Rəsulunun (s) qohumlarının ən parlaq təsdiqi sözsüz ki, Fatimə (ə), Əli (ə), Həsən (ə) və Hüseyndir (ə). Çünki peyğəmbərlik məqamının elmi və əməli istiqamətində dəqiq addımlar atan, peyğəmbərliyi davam etdirmək yolunda əziz Rəsulun (s) pak vücudunun parlaq nümunəsi olan məhz onlardır.

Sünnə əhlinin hədisçilərindən Əhməd Bəhrani və Hakim bin Əbu Hatəm də İbn Abbasdan nəql edirlər ki, böyük İslam peyğəmbəri (s) bu ayə ilə bağlı sualın cavabında buyurmuşdur: "Onlar Fatimə, Əli və onların övladlarıdır.”

Başqa böyük hədis müəlliflərindən Məğrizi, Bəğəvi, Sələbi, Əbu Nəim, Həməveyni və başqaları da bu hədisi vahid məna daşıyan müxtəlif ibarələrlə nağıl etmişlər. Həmin müəlliflərin hamısı bu fikirdədirlər ki, burada Əhli-beytlə (ə) dostluq və mehribanlıq tövsiyə edilmişdir.

Hakim bin Əbu Hatəm bu ayənin təfsirində İslam peyğəmbərindən (s) nəql edir ki, buyurmuşdur: "Allah-təala məni və Əlini bir şəcərədən (ağacdan, nəsildən) yaratmışdır. Mən o şəcərənin (ağacın) kökü və özü, Əli onun budağı, Fatimə onun peyvəndi (calağı), Həsən və Hüseyn meyvələri və onların davamçıları yarpaqlarıdır. Hər kim bu ağacın budaqlarının birindən yapışsa, nicat tapmışdır.”

Təbərani də imam Həsən Müctəbadan (ə) nağıl edir ki, o həzrət məsciddə söylədiyi xütbəsində buyurdu: "Biz elə bir ailənin üzvüyük ki, Allah-təala onlarla dostluq və mehribanlığı vacib bilərək buyurmuşdur: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm.”

İmam Səccad Zeynəlabdin də Şam şəhərində oranın bəzi zalımlarının tənəli suallarının cavabında buyurmuşdur: "Məgər qohumluq məhəbbəti haqqında ayəni oxumamısınız? Bu ayədə xatırlananlar biz deyiliksə, bəs kimdir?”

Şair də Əhli-beyt (ə) məsələsi ilə bağlı deyir:

"Ey Peyğəmbərin Əhli-beyti,

Sizə məhəbbət elə bir vacib dini borcdur ki,

Allah Quranda təyin və nazil etmişdir.

Sizin əzəmət və qədir-qiymətinizin nə dərəcədə olduğunu bilmək üçün təkcə bu kifayətdir:

Kim namaz qılarkən sizə salam və salavat göndərməzsə, onun namazı doğru-düzgün deyil.”

Beləliklə, mübahilə (qarşılıqlı lənətləmə), paklıq və məhəbbət haqqındakı ayələrlə bağlı fikirlərin nəzərdən keçirilməsi göstərir ki, qohumluq məsələsi necə təfsir olunursa-olunsun, Fatimeyi-Zəhra (ə) böyük İslam peyğəmbərinin (s) ən dəyərli yadigarı, ən görkəmli və kamil nümunəsidir.

4. Möminlər və xeyirxahlar



Allah-təala Qurani-Kərimin bir ayəsində buyurur: "O möminlər və xeyirxahlar elə kəslərdir ki, verdikləri sözü (etdikləri nəzri) yerinə yetirərlər.” (İnsan surəsi (76-cı surə), 7-ci ayə)

Hədisçilər yekdil fikirdədirlər ki, bu şərif ayə Peyğəmbərin (s) nəvələri Həsən və Hüseynə (ə) aiddir. Mötəbər sənədlərdə deyilir: Həsən (ə) və Hüseyn (ə) xəstəliyə düçar olduqları halda evdə yorğan-döşəkdə yatırdılar. İslam peyğəmbəri (s) gözünün iki nuruna baş çəkməyə gəlib Fatimeyi-Zəhraya (s) buyurdu: "Əgər nəzir etsəniz ki, Həsən və Hüseyni sağalması üçün üç gün oruc tutacaqsınız, onlar tezliklə şəfa tapacaqlar.”

Fatimeyi-Zəhra (ə) və Əhli-beytin (ə) başqa şəxsləri Peyğəmbərin (s) əmrinə itaət etdilər. Onların nəziri tezliklə İlahi dərgahında qəbul olundu və o iki əziz sağalıb yataqdan durdu. Xəstələr sağaldıqdan sonra Peyğəmbər (s) ailəsinin üzvləri öz nəzirlərini yerinə yetirməyə başladılar. Oruc olduqları ilk gün iftar vaxtı bir yazıq adam qapını döydü və uca səslə salam verdikdən sonra dua etməyə başladı. Ev əhli o yazığın gəlişini xeyir sayıb iftar üçün nə hazır etmişdilərsə, hamısını ona verib özləri yeməksiz qaldılar. Sonra onlar eləcə oruclarını davam etdirdilər. İkinci gün axşamüstü yenə iftar zamanı bir yetim qapını döydü və salam verib nəzir istədi. Yenə də ev əhli özləri üçün saxladıqları yeməyin hamısını o yetimə verib yeməksiz qaldı və beləcə oruclarını davam etdirdi.

Beləliklə, üç gün keçdi və Peyğəmbərin (s) Əhli-beyti öz nəzirlərini ən ali və ən təmiz şəkildə İlahi dərgahında yerinə yetirdi.

Üçüncü gün Allahın Rəsulu (s) öz Əhli-beytinin nə-zirlərini bu cür gözəl şəkildə yerinə yetirmələrindən xəbər tutub onlara afərin dedi. Sonra isə onları vəhy dili ilə "möminlər və xeyirxahların” nümunəsi adlandırıb yuxarıdakı ayəni onlara çatdırdı.

Bəli, bu cür vəd vermək – nəzir etmək və onu bu qaydada yerinə yetirmək yalnız Allahın Rəsulunun (s) Əhli-beytinə (ə) məxsusdur. Yalnız onlar möminlərin, yəni yaxşıların, yaxşı əməl sahiblərinin, pak və təmiz insanların ən yüksək, ən kamil nümunəsi ola bilərlər.

Beləliklə, demək olar ki, Peyğəmbər (s) Əhli-beytini (ə) tanımaq çətin iş deyil. Çünki onlar elə görkəmli və layiqli şəxslərdir ki, xüsusi əlamət və keyfiyyətə malikdirlər və bu əlamətlər də Qurani-Məciddə bir neçə səma ayəsində qeyd olunmuşdur. Bu əlamətlərə diqqət yetirdikdə belə bir həqiqəti asanlıqla dərk etmək olar: "Bu mərtəbədə layiq olan kəslərə məhəbbət o dərəcədə qiymətlidir ki, Peyğəmbərin (s) mükafatı hesab olunur. Fatimə (ə) və Əlidən (ə) və oğlanlarından (ə) başqa kimsə bu yüksək şərəfə nail ola bilməz.”


Əqiqi Bəxşayeşi "Siddiqeyi-Tahirə (ə)” kitabından
iman.ge
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 897 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]