Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı |
Orucluğun ən böyük ictimai faydası
2013-07-12, 6:00 AM | |
Orucluğun ən böyük ictimai faydası Qeyd
edək ki, on bir ayın sultanı olan bu müqəddəs ay özündə mənəviyyatın
əvəzolunmaz dəyərlərini cəmləşdirib. Səbir, iradə möhkəmliyi,
yoxsullarla həmrəylik, bir tikə çörəyə möhtac olan insanlara əl tutmaq
və başqa bu kimi gözəl xüsusiyyətlər doğrudan da Ramazanın bəşər
övladına əta etdiyi gözəlliklərdən, saleh əməllərdəndir. Orucluq insanın
səbrini və iradəni sınağa çəkir. Yəni Allah bəndəsi halal olan
şeylərdən müəyyən müddət ərzində imtina etməklə özündə səbir və iradə
yaradır. Heç şübhə yoxdur ki, halal olan şeylərdən könüllü imtina edən
insan haram əməllərdən çəkinmək üçün möhkəm iradəyə və fəaliyyətində
güclü səbrə sahib olur. Həzrət Rəsulullah (s) bu barədə buyurub:
"Orucluq səbrin yarısıdır". Bu bir ayda Yaradan bəndələrini ac
saxlamaqla aclıq çəkənlərdən imkanlıları, toxları xəbərdar edir. Onlara
ac qalmağın necə də çətin olduğunu bildirir, imkansızların vəziyyətini
tanıtdırır. Baxmayaraq, insanlar elmdə böyük nailiyyətlərə sahib
olublar, ölkələr inkişaf etməkdədirlər, amma bəşər övladı yenə də bir
çox problemlər borulğanındadır. Həmin problemlərdən biri də dünyanın
müxtəlif yerlərində minlərlə insanın aclıqdan əziyyət çəkməsidir.
Dünyada elə imkansız insanlar var ki, onların övladları bir gecə
qarnıtox, bir gecə isə qarnıac yatırlar. Bu baxımdan orucluq bəlkə də
aclıq və susuzluqdan heç vaxt əziyyət çəkməyən zəngin, var-dövlət
sahiblərinə yoxsulların hansı hisslər keçirdiyini yaşadır. Məhz bu
səbəbdən orucluğun ən böyük ictimai faydası onun varlılarla yoxsullar
arasında həmrəylik yaratmasıdır. Sevimli Peyğəmbərimiz (s) hədislərin
birində güclü möminin Allah yanında zəif mömindən daha üstün və sevimili
olduğunu bildirib. Çünki güclü mömin həyatda daha aktiv dini və dünyəvi
işləri həyata yetirməkdə daha bacarıqlıdır. Lakin zəif mömin həyatda
üzərinə düşən işlərin öhdəsindən layiqincə gələ bilmir. Şübhəsiz ki,
qüvvətli olmaq üçün ilk növbədə sağlamlığı qoruyub saxlamaq lazımdır.
İslam şəriətinin təyin etdiyi şəkildə oruc tutmaq isə hər bir müsəlmana
sağlamlığını qorumaqda kömək edir, müxtəlif xəstəliklərdən uzaqlaşdırır.
Bu isə orucluğun insanlara tibbi faydasıdır. Həqiqətən də Ramazanın,
daha doğrusu, bu müqəddəs ayda oruc tutmağın fəzilətləri danılmaz və
əvəzsizdir. Qeyd etdiyimiz kimi, oruc tutmağın əsas qayələrindən biri
onun mənəvi faydasıdır. İlk baxışdan belə görsənir ki, insan yalnız ac,
susuz qalmaq üçün oruc tutur. Amma bu heç də belə deyil. Həqiqətdə
insanın nəfsi oruc tutur. Yaradan ona fürsət verir ki, bu günlərdə
haramdan uzaq olmaqla öz mənəviyyatına yetişsin. Rəbbimiz bu ayı bizə
vacib etməklə, elə bil ki, mənəviyyat aləminə daxil olaraq nəfsimizi
paklaşdırmaq üçün imkan yaradır. Nəfsin paklığı isə mənəviyyatın
yarısıdır. Bir ay ərzində insan bacardıqca öz nəfsini cilovlasa, bu
növbəti aylarda da adət halına çevriləcək. İmam Cəfər Sadiq (ə) buyurub:
"Ən gözəl əməlləriniz odur ki, davamiyyəti var". Şübhəsiz davamiyyətsiz
əməllərin heç bir fəziləti yoxdur. Yəni o əməl gözəldir ki, nəticəsi
daim göz qabağında olur. Əgər insan bu ayda oruc tutub mənəviyyatını
zənginləşdirə bilibsə, növbəti aylarda da bu haləti özündə saxlamalıdır.
Bəziləri düşünür ki, namaz qılmaq, oruc tutmaq və sair bu kimi dini
ibadətlər çətin əməllərdir və hesab edirlər ki, Allah-taala bu kimi
çətin ibadi əməllərin hamısını yalnız müsəlmanlara vacib edib. Amma
belələri hələ də başa düşmürlər, yaxud başa düşmək istəmirlər ki, uca
Yaradan nəyi məsləhət bilirsə, o insana xeyirdir. Digər tərəfdən,
unutmaq olmaz ki, Quran da, şəriət də, ümumiyyətlə, bütün dinlər də bu
dünyanı rahatlıq və istirahət dünyası deyil, zəhmət, əziyyət məkanı kimi
tanıtdırır. Allah-taala digər səmavi kitablar kimi Qurani-kərimdə də
bizə işarə edir ki, bu dünya imtahan və çətinlik dünyasıdır. Hətta
rəvayətlər də var ki, bu dünya o birinin zəmisidir, tarlasıdır. İnsan
burda nə becərirsə, axirətdə onu da biçir. Bundan əlavə, gündə 17 rükət
namaz qılmaq, Ramazan ayında oruc tutmaq, uzaq Həcc ziyarətinə getmək və
sair dini ayinləri həyata keçirməyin müəyyən qədər çətinliyi olsa da,
fəziləti hesabagəlməzdir. İbadi əməllər məhz çətinliyinə görə ibadət
əhli üçün şirinləşir. Doğrudan da həqiqi ibadət əhli ətrafda baş verən
haqsızlığa, ədavətə, ayrı-seçkiliyə, ədalətsizliyə qarşı mübarizə
əzmində olur. Bütövlükdə İslam dini, onun insanlara vacib buyurduğu ən
kiçik əməl belə, özündə bu gün bütün bəşəriyyətin ehtiyac duyduğu haqq,
ədalət, mənəviyyat, əxlaq, sevgi, xoşbəxtlik, firavanlıq və digər
saysız-hesabsız xoş məramlar əxz edir. Bəlkə də bu səbəbdəndir ki, bəzi
qüvvələr İslamla üz-üzə gəlmək niyyətindədirlər və bunu hər fürsətdə
həyata keçirməyə çalışırlar. Hər bir müsəlman bəndə İslami dəyərləri
yaşatmaqla, buyurulan insani keyfiyyətləri özündə ehtiva etməklə həm
ölkəsində baş verən fəsadların qarşısını ala, həm də dininə qarşı
yaranan təhlükəni asanlıqla dəf edə bilər. | |
Views: 673 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |