Cümə günü, 2024-03-29, 5:25 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Xoşbəxtliyə mane olan ən böyük amil
2012-12-29, 9:30 PM
Xoşbəxtliyə mane olan ən böyük amil
 Dünya o qədər vəfasızdır ki, daima insanı tələyə salmağa çalışır. Onun qəflət anını yaxalayan kimi, qılıncını çıxarır və onu ləl-cəvahirat silahı ilə zərərsizləşdirir.

İmam Əli (ə) "Nəhcul-bəlağə”də buyurur: "Həqiqətən dünya, məhv olmaq, çətinliyə düşmək və ibrət götürülməli bir evdir. Ruzigar öz kamanın simini sazlayır və atışı xataya düşməz. Dirini - ölüm oxu ilə nişan alar, sağlamı - xəstəliklə əldən salar. Nicat tapanları həlak edər, dünya yeyiləsidir ki, tox olunmur. İçməlidir ki, doyulmur”.

İmamın (ə) sözlərindən göründüyü kimi, dünya fəna və məhv evidir. Yəni bu, elə bir dünyadır ki, sağlam insanı xəstə, dirini ölü edər. Ona görə də insan dünyanı özünə dost seçməməlidir. Çünki dünyanın zahiri aldadıcıdır, asanlıqla insanın ağlını ala bilər.

Həqiqətdə demək olar ki, insan gərək daima ayıq olsun və dünyanın zahirinə etimad edərək, özünü ona qurban etməsin. Qurana və hədislərə müraciət edən zaman görmək olar ki, dünya sevgisi çox məzəmmət edilir. İnsanın xoşbəxtliyinə mane olan ən böyük amil kimi tanıdılır. İnsanın dünyaya ifrat dərəcədə bağlanması ona ziyandan başqa bir şey gətirməz. Nəticədə pak ətəyi ləkələnər və qarşıda onu zülmət və qaranlıq gözləyər.

İmam Cəfər Sadiq (ə) buyurur: "Həqiqətən şeytan adəmizadı hər tərəfə çəkər (ki, onu yolundan azdırsın). Dünyanın pul və malı ilə qarşısını alar və boynundan yapışar”. Bəli, İmamın (ə) bu nurani sözlərindən görmək olur ki, dünya şeytanın ən yaxşı vasitələrindən biridir. Çünki o, dünya vasitəsilə insanı səadət taxtından yerə endirib, onu cəhənnəm atəşinə ata bilər.

Nəql edilir: "Həzrət İsa (ə) həvariləri ilə bir yerdə bir kəndə çatırlar. Oranın bütün sakinləri ölmüşdülər. Həzrət İsa (ə) buyurdu: "Onlar bu dünyadan təbii ölümlə getməyiblər. Yəqin ki, Allahın qəzəbinə düçar olublar”.

Tərəfdaşları dedilər: "Ey kaş, onların bu əhvalatından xəbərimiz olaydı!”. Bu zaman Həzrət İsaya (ə) nida gəlir: "Ölüləri səslə və onlardan biri sənə cavab verəcəkdir”. İsa (ə) deyir: "Ey kənd sakinləri!”. Onlardan biri cavab verir: "Nə deyirsən, ey Ruhullah!”.

Həzrət İsa (ə) soruşur: "Sizin əhvalatınız nə olmuşdur? Necə oldu ki, halınız belə oldu?” Cavab verdi: "Biz bir gün səhər salamat halda yuxudan ayıldıq və axşamüstü hamımız haviyəyə düşdük”. Soruşdu: "Haviyə nədir?” Dedi: "Atəş dənizi”. Həzrət İsa (ə) soruşdu: "Nəyə görə bu bəlaya düçar oldunuz?”. Dedi: "Dünyanı sevdiyimizə və şeytana pərəstiş etdiyimizə görə”.

Soruşdu: "Dünyaya nə qədər bağlı idiniz?”. Dedi: "Süd yeyən uşağın ana südünə olan bağlılığı qədər. O zaman ki, dünya üzünü bizə çevirirdi, sevinirdik və arxa çevilrən zaman qəmlənirdik”.

Soruşdu: "Şeytana nə qədər pərəstiş edirdiniz?” Cavab verir: "Nə deyirdilər, itaət edirdik”. Soruşdu: "Bəs niyə bu qədər ölü içində sən mənimlə danışırsan?” Dedi: "Çünki bunların ağızları atəşlə bağlanmışdır, onlara tündxasiyyət mələk hakim edilmişdir. Mən də onların arasında idim. Ancaq rəftarlarını təkrar etmirdim. O zaman ki, ilahi əzab gəlir, məni də apardı. İndi cəhənnəmin kənarında bir tükdən asılmışam. Qorxuram ki, atəşə düşəm”. İsa (ə) tərəfdaşlarına dedi: "Zibilli yerdə yatmaq və arpa çörəyi yemək insan üçün daha yaxşıdır, əgər dini sağlam qalarsa””.

Əgər bizim hədəfimiz axirət səadətinə çatmaqdırsa, gərək şeytanla və havayi-nəfsimizlə vuruşaq. Hərislik dişini sındıraraq, özümüzü bu iki təhlükəli düşməndən azad edək.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 760 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]