Cümə günü, 2024-04-19, 5:01 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Tələsməyin gətirdiyi mənfi nəticələr. Tələskənliyin müalicəsi
2013-10-30, 11:34 PM
Tələsməyin gətirdiyi mənfi nəticələr. Tələskənliyin müalicəsi

 Tələsmək odur ki, insan zehninə gələn bir fikri tələsik yerinə yetirməyə çalışar. Halbuki, onun gətirə biləcək nəticələri haqqında düşünməz. Bu, nəfsin zəif olmasına görədir. Şeytanın böyük tələlərindəndir ki, çox sayda Adəm övladını bu yolla həlakətə tərəf sürükləmişdir. (Tebyan)
Tələsmək və əcələ etmək bəyənilməyən əməllərdəndir. İnsanı fikirləşməkdən saxlayar, onu büdrədər. İmam Əli (ə) buyurur: "(Bir iş görən zaman) mümkün olandan qabaq tələsmək - axmaqlıqdandır”.
Həzrət Peyğəmbər (s) buyurur: "Durmaq - Allahın, tələsmək - şeytanın işidir”.
Tələsməyin gətirə biləcəyi xoşagəlməz nəticələr.
1. Peşmançılıq.
İmam Əli (ə) buyurur: "Tələsməkdən çəkin ki, (fürsətin) əldən getməsinin və peşmançılığın başlanğıcıdır”. Tələsmək nəticəsində insan gördüyü işin hər bir sahəsini ölçüb-biçə bilmir. Müvəffəq ola biləcəyi bəzi vasitələri əldən verir. Nəticədə istədiyi nəticəyə çata bilmir.
 
2. Büdrəyər və həlak olar.
İmam Əli (ə) buyurur: "Çox tələsmək insanı bürdərədər”.
İmam Əli (ə) yenə buyurur: "Çox az insan vardır ki, tələsər və həlakətə düçar olmaz”.
İmam Sadiq (ə) buyurur: "Dayanmaqda (səbir etməkdə) salamatlıq vardır. Tələsməkdə isə peşmançılıq”.
İmam Əli (ə) tələsən insanları axmaq insanlarla bərabər tutur. Həzrət (ə) buyurur: "Gücün çata bilməyən işlərdə tələsmək və fürsəti əldən verdikdən sonra dayanmaq və süstlük etmək - axmaqlığın nişanəsidir”.
Həzrət Peyğəmbər (s) buyurur: "Tələsmək insanları həlak edər. Əgər insanlar bir qədər düşünərək işlərini görsələr, heç kim həlak olmaz”.
 
İmam Əli (ə) buyurur: "Üç şey vardır ki, hər kim ona əməl etsə, peşman olmaz:
1. Tələsməkdən çəkinmək.
2. Məsləhətləşmək.
3. Qərar çıxaran zaman Allaha təvəkkül etmək”.
 
Tələskənliyin müalicəsi.
İnsan əgər tələsməyin gətirə biləcək pis nəticələri düşünərsə, ondan çəkinər. Öz zehnində bu işə görə düşə biləcəyi xar, zəlil, yüngül vəziyyəti təsvir etsin. Onun ziddini yadına salsın. Özü ilə bir qərara gəlsin ki, bir işi görən zaman tələsməyəcək və hövsələ ilə həmin işə yanaşacaqdır. Öz daxili və xarici sakitliyini hər bir halda qoruyub saxlayacaqdır. Bu zəhmətli bir iş olsa da, bir müddət ona əməl edərək, tələskənlik bəlasından qurtulmaq olar. Bu zaman vüqar və rahatlıq meydana çıxar.
İnsan tələsik gördüyü işlərə görə çox ziyan çəkir. Bir çoxlarımız bu hallardan agahıq. Onlardan ibrət alaq və tələsməkdən əl çəkək.
Beləliklə, deyə bilərik ki, bu əməlin gətirdiyi ziyanlara diqqət edərək, biz bu şeytani işdən uzaq ola bilər və rahatlığa və vüqara çata bilərik. Heç bir işi düşünmədən görməyək. Səbri heç bir halda əldən verməyək.
Əlbəttə, bunu da qeyd etmək lazımdır ki, bəzi məsələlərdə tələsmək bəyənilir. O cümlədən: namazı əvvəl vaxtda qılmaq, infaq etmək kimi. İmam Sadiq (ə) buyurur: "İnfaq üç xüsusiyyətlə qəbul olar və onlardan biri də bu işi görən zaman tələsməkdir”.
İnsan hər bir xeyir işdə tələsə bilər. Çünki Allahın xeyir işlərdə tələsməkdən xoşu gəlir. Belə ki, İmam Əli (ə) buyurur: "Dayanmaq (səbr etmək) tələsməkdən daha yaxşıdır. Məgər o halda ki, yaxşılıq etmək fürsəti olar”.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 862 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]