Şeytan, ona itaət edənlərə hökm edir ŞEYTAN - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 1:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Şeytan, ona itaət edənlərə hökm edir ŞEYTAN
2014-05-24, 4:58 AM

Şeytan, ona itaət edənlərə hökm edir

ŞEYTAN

Zehnlərdə belə bir təsəvvür yarana bilər ki, əgər zərdüştlikdə «əhrimən-yəzdan» ikiliyi fikri varsa, islamda da bir-birinə zidd qütblər olan «Allah və şeytan» əqidəsi vardır. Belə olan surətdə, zərdüşt dininin əhriməni ilə islamın şeytanı arasında nə fərq var?
Zərdüşt dinində olan əhrimən düşüncəsi ilə islamdakı şeytan düşüncəsi arasında müqayisə olunmaz dərəcədə fərq var. Bu məsələnin bir qədər izaha ehtiyacı var.
 
Avesta təlimində «anqrumanyu» və ya «əhrimən» adlı varlığın adı çəkilir və xəstəliklər, vəhşilər, yırtıcılar, ilanlar, əqrəblər və həmçinin məhsulsuz torpaqlar, quraqlıqlar və bu kimi bütün pisliklər, şərlər, ziyanlar və zərərverici varlıqların yaradılışı böyük allah olan «ahuraməzdaya» və ya anqrumanyunun rəqibi olan «sepentmenuya» deyil, ona nisbət verilir.
Avestanın bəzi təlimlərindən belə məlum olur ki, əhrimənin özü ahuramazda kimi qədim və əzəli bir cövhərdir və ahuraməzda qətiyyən onun xaliqi deyil. Ahuraməzda onu yaratmayıb, bəlkə kəşf edib.
Amma Avestanın digər bəzi təlimləri, xüsusilə onun ən mötəbər bölümlərindən olan qatlardan isə belə məlum olur ki, ahuramazda iki mövcud yaradıb. Onlardan biri sepentmenu və ya müqəddəs düşüncə, digəri isə anqrumanyu, yaxud xəbis düşüncə olan əhriməndir. Hər halda Avestadan məlum olan və zərdüştlərin etiqad bəsdlədikləri şey budur ki, dünyada olan varlıqlar iki qismə - xeyir və şərə bölünürlər. Xeyirlər mövcud olan, mövcud olmalı, mövcud olmaları yaxşı olan və vücudları dünya üçün xeyirli olan varlıqlardır. Şərlər isə o varlıqlardır ki, mövcud olmalarına baxmayaraq, əslində mövcud olmamalı və olmaları dünyada naqisliklərin yaranmasına səbəb olmuş varlıqlardır və bu şərlər ahuramazdanın məxluq və yaratdıqları şeylər deyildir və əhrimənin ahuramazdanın məxluqu olub-olmamasından asılı olmayaraq, onlar əhrimənin yaratdıqlarıdır.
Deməli, əhrimən dünyanın bir çox varlıqlarının yaradıcısıdır. Yaradılış aləminin bir hissəsi onun ixtiyarındadır, onun özü ya zatında qədim və əzəli bir əsl və ahuramazdanın şərik və bənzəridir, ya da onun məxluqu və eyni halda yaradılışdakı şərikidir.
Amma islam dünya görüşündə dünya və onda olan varlıqlar iki qismə, yəni xeyir və şərə bölünmür. Bu dünya görüşünə əsasən yaradılmamalı olan, amma yaradılmış və ya pis yaradılmış varlıq yoxdur. Hər bir şey gözəl və yerində yaradılıb və bütün şeylər Allahın məxluqudur.
Şeytanın əhatə dairəsi «yaradılış» deyil, «yaşayış»dır, yəni onun nüfuz dairəsi insanların əməl və vəzifə fəaliyyətləri çərçivəsindədir. Şeytan yalnız insanın vücuduna nüfuz edə bilər və özü də bu nüfuz onun bədən və cismində deyil, fikir və düşüncəsində məhdudlaşır. Hətta onun, insanın fikir və düşüncəsinə olan nüfuzu da vəsvəsə etmək və puç bir əməli onun xəyalında yaxşı kimi canlandırmaqda məhdudlaşır. Quran bu mənaları «təzyin» (bəzəyərək gözəl göstərmə), «təsvil» (çirkin bir şeyi gözəl bir şey kimi nəzərə çarpdıraraq aldatma), «vəsvəsə» və bu kimi ibarətlərlə bəyan edir. Amma onun yaradılış aləmində nəsə yaratması və ya insanlara qeyri-ixtiyari hökmranlıq edə bilməsi, yəni məcburi qüdrət kimi insanların vücudlarına hakim olaraq onları məcburi olaraq pis işə vadar edə bilməsi, şeytanın qüdrət və bacarıq dairəsindən xaricdir. Hətta insanların özləri ona əl uzatsalar da belə, şeytanın onlara olan hökmranlığı məhduddur. «Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!
Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!...»
Quran şeytanın qiyamət günü deyəcəyi sözləri onun dilindən belə nəql edir ki, o, ona etiraz edən və azğınlıqları üçün onun məsuliyyət daşımasını bildirənlərin cavabında belə deyir:
«...Əslində mənim sizin üzərinizdə heç bir hakimiyyətim (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın...»
Şeytanın insana bu qədər hakim ola bilməsinin fəlsəfəsi insanın «ixtiyarı»dır. İnsan vücudunun məqam və dərəcəsi, onun azad və muxtar olmasını tələb edir. Azad və muxtar varlıq, həmişə iki yol ayrıcı və iki çağırış qarşısında dayanmalı və öz kamalını yeganə yol olan «ixtiyar» və «seçmə» ilə əldə etməlidir.
Əz cəhan do bang miayəd be zedd
Ta kodaminra to başi mostəedd
On yei bangəş nəşure ətqiya
Van degər bangəş nəfure əşqiya.
Mənası: Dünyadan bir-birinə zidd olan iki səs eşidilir; sən onların hansına hazırsan; onların biri pərhizkarların dirçəliş nidası; digəri isə bədbəxtlərin azğınlıq səsidir.
İslam dünya görüşünə əsasən yaradılış aləmində, heç bir varlığın müstəqil rolu yoxdur. Quran heç bir varlıq üçün müstəqil rol qail deyil. Hər bir varlığın malik olduğu rol yalnız, vasitə və Allahın tam iradəsinin həyata keçməsi üçün keçid xarakteri daşıyır. Quran mələklərin, Allahın yaradılışdakı iradəsinin gerçəkləşməsi istiqamətində vasitə rolunu təsdiq edir. Amma şeytan üçün nəinki Avestada əhrimənin ahuramazdanın müqabilindəki kimi müstəqil və yaradıcı rola malik olmasını rədd edir, hətta mələklərin də belə bir rola malik olmasına qail deyildir.
Buna görə də, adətən islami mətnlərin tərcüməsində şeytanın «əhrimən» və ya «div» kimi tərcümə edilməsi aşkar səhvdir. Şeytan kəlməsinin fars dilində sinonimi yoxdur və buna görə də tərcümələrdə həmin kəlmənin özü gətirilməlidir.
Quran baxımından şeytan, qətiyyən Allah müqabilində olan qütb deyildir. O, hətta Allahın izni ilə yaradılışda əli olan və ilahi iradənin icraçıları sayılan mələklərin müqabilində də bir qütb sayılmır.
Ümumiyyətlə bizim camaatın «cin» barəsindəki təsəvvürü, Quranın cin haqqında verdiyi anlayışlardan fərqlidir. Quran baxımından cin, insan kimi bir varlıqdır və o da insan kimi bir sıra şəri vəzifələr daşıyır. Amma o, gözəgörünməz bir varlıqdır. Cin, avam kütlənin təsəvvüründə isə mələk sırasında olan bir varlıqdır. Quran cini insana, avam kütlə isə mələyə tay bilir. Quranın aşkar təbirlərinə əsasən, şeytan, cin növündəndir. İslam dünya görüşünə əsasən, cinlərin əksinə olaraq, mələklərin yaradılış aləmində rolları vardır. İslam ədəbiyyatında, cinlə mələyin bir sırada tutulması, müsəlmanların zərdüşt məfhumları keçmişinə malik olmaları baxımından düçar olduqları səhvdən yaranıb.
Deməli, islam dünya görüşü zərdüşt, manovi və məzdəki dünyagörüşünün əksinə olaraq, təkqütblüdür. Şeytan, Quran baxımından «O yaratdığı hər şeyi gözəl yaratdı...» və həmçinin «Rəbbimiz hər şeyə Öz surətini və şəklini verən sonra da ona doğru yolu göstərən Allahdır!» nümunəsidir.
Şeytan, şeytanlıq və onun azdırmalarının mövcudluğu bir sıra hikmət və məsləhətə əsaslanır və həmin hikmətə əsasən şeytan həqiqi, gerçək və mütləq deyil, nisbi şərdir.
Hər şeydən maraqlısı budur ki, Quranın məntiqinə əsasən, Allah özü şeytana «azdırmaq» və «yoldan çıxarmaq» vəzifəsini əta edib. Allah-taala burada şeytana xitab edərək buyurur: «Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, zinaya sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!»
Şeytan sanki, aşağıdakı ayədə, özünün insanları azdırmaq vəzifəsini daşımağa hazır olduğunu elan edib: «İblis dedi: «...Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (sənə ibadət və itaət etməyə) mane olacağam!
Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!»
Əlbəttə şeytanın insanları azdıraraq yoldan çıxarması və onun bu vəzifədəki nüfuz dairəsi əvvəldə qeyd etdiyimiz qədərdir və burada insanlara qarşı heç bir icbar və zorakılıqdan söhbət gedə bilməz. Onun etdiyi yeganə şey «vəsvəsə», «dəvət», «təzyin» və «təsvil»dir.
Bu nöqtəni də xatırlatmaq lazımdır ki, bizim «yaradılış aləmi şeytanın nüfuz dairəsindən xaricdir» deməkdən məqsədimiz, onun yaradılışda heç bir rolunun olmaması deyildir. Məgər aləmdə hansısa bir varlıq mövcud ola bilərmi ki, onun yaradılışda heç bir rolu olmasın? Məqsədimiz budur ki, şeytan nə bir qrup varlıqların müstəqil xaliqi, nə Allah müqabilində olan bir qütb və nə də mələklər kimi kainatın tədbir və idarəsi tapşırılan və onda rolu olan bir varlıqdır. Həmçinin onun insana olan hökmranlığı da istədiyini məcburi şəkildə qəbul etdirmək həddində deyildir. Quran şeytan və cinlərin yaradılışda müəyyən rola malik olmalarına qaildir, amma o, ümumilikdə insanın rolundan artıq və üstün deyil.
Bu bəhsdən əsas məqsəd budur ki, Quran, şeytan məsələsini zati tövhid və «...Ona bənzər heç bir şey yoxdur...» prinsipinə və həmçinin yaradılışda tövhid və «...Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur...», «...Allah hər şeyin xaliqidir...», «Özünə heç bir övlad götürməyən və mülkündə (səltənətində) heç bir şəriki olmayan...» prinsiplərinə kiçicik bir xələl gətirməyən formada irəli sürüb.

sibtayn.com

 

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 676 | Downloads: 0 | Comments: 2 | Rating: 0.0/0
Total comments: 1
0   Spam
1 leyl   (2014-06-24 1:19 PM)
Allah razı olsun maraqlı məlumar idi

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]