Şənbə günü, 2024-04-20, 1:57 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Rəhmət ayında rəhmli olun...
2013-07-23, 5:09 AM

Rəhmət ayında rəhmli olun...

Qəzəbə nəzarət üsulları

Təəssüf ki, cəmiyyətdə əksər insanlar özündən zəiflərlə qaba davranır, kobud rəftar edir. Kimi əl, kimi ayaq, kimi söz, kimi səslə içindəki qəzəbi büruzə verir. Təbii ki, insanı kobudluğa sövq edən səbəb var. Bunun əsas səbəbi insanın özündən çıxması, qəzəblənib özünə nəzarəti əldən çıxarmasıdır. Uğurlu həyat yaşamaq istəyən insan qəzəbi bir kənara qoymalı, kobudluğa yol verməməlidir. İnsanın qəzəbin acı aqibətini bilməsi üçün onun ətrafa diqqətlə baxması zəruridir. Qəzəb və kobudluq bir-biri ilə rabitəli hadisələrdir. Bəziləri onları qarışıq salır, qəzəb deyəndə kobudluq, kobudluq deyəndə qəzəb başa düşür. Əslində belə deyil.

Qəzəb təbii bir həyəcandır. Hər birimiz həyatda bu həyəcanı təcrübədən keçirmişik. Kobudluq isə insana yaraşmayan bir rəftardır. Bəzən bir insanın qəzəbləndiyini görmürük, amma kobudluğuna şahid oluruq. Kobudluq ətrafdakılara zərər vuran bir rəftardır. Təbii ki, insanı təkcə fiziki zərbələr ağrıtmır. Deyə bilmərik ki, qəzəb bütün hallarda kobudluqla nəticələnir. Necə ola bilər ki, insan qəzəblənsin, amma kobudluğa yol verməsin?

Qəzəbin əlamətlərini nəzərdən keçirmək lazım gəlir. Bəzən insan yaşadığı həyəcana diqqətsiz olur. O bilmir ki, sadəcə stress keçirir, yoxsa qəzəblənib. Biri desə qəzəblisən bundan xoşlanmırıq, özümüzü sakit göstərməyə çalışırıq. Amma qəzəbin əlamətləri var və bu əlamətlər olan yerdə qəzəblənmədiyini demək yersizdir.

1. Fiziki əlamətlər

Qəzəb yüngül və ağır ola bilər. Qəzəbin orqanizmə təsiri də bundan asılıdır. Əgər orqanizminizdə istilik, həmişəkindən artıq enerji, dərinizdə qırmızılıq, əllərinizdə əsmə, təngənəfəslik, əzələ gərilməsi, qəlb döyüntüsü hiss edirsinizsə, çalışın dərhal özünüzə nəzarəti ələ alasınız.

2. Düşüncə əlamətləri

İnsan qəzəblənəndə ağıl və məntiq işdən düşür. Qəzəbli insan düzgün mühakimə apara bilmir. Qəzəbli insan düşünür ki, onun üzərində ağır yük var, heç vaxt bəxti gətirmir, uğursuzluq arxasınca gəzir. Qəzəblənmiş insan onu qəzəbləndirən hadisə barədə düzgün qənaətə gələ bilmir. Ona elə gəlir ki, maşınını qəsdən vurub əziblər, müəllim ona qəsdən təzyiq göstərir, reaksiya verməsə təzyiq artacaq, qarşısında dayanan insan dəlidir.

3. Rəftar əlamətləri

İnsan qəzəblənəndə onun rəftarı dəyişir. Onun əksər hərəkətlərində kobudluq müşahidə edilir.

Kobudluğun da növləri var. Kobudluq deyəndə təkcə fiziki kobudluq başa düşülmür. Amma kobudluğun başlanğıcı söz və hərəkətlə kobudluqdur. Biz bəzən söz, bəzən bir hərəkətlə qarşımızdakı insana zərbə vururuq.

Qəzəblənmiş insan bəzən sadəcə vəzifəsi olan işi görməməklə acıq çıxır. Bu özü də qarşı tərəfə zərbə sayılır. İnsan qəzəb səbəbindən telefona cavab vermir, qapı döyüləndə qapını açmır, özünü maşın siqnalını eşitmirmiş kimi göstərir.

Qarşı tərəfə fiziki zərbə vurmaq kobudluğun ibtidai formasıdır. Bəzən bu işi birbaşa yox, dolayısı ilə görürlər. Muzdla adam tutub, kimisə döydürürlər. Kobudluğun bir forması yeri gəldi-gəlmədi küsməkdir. Bəzən insan qəzəbləndiyi üçün bir qrupdan ayrılır və tənhalığa çəkilir. Sözdə kobudluq nümunəsi təhqir və söyüş ola bilər. Bəzən bu işi də dolayısı ilə görürlər. Bir insanın haqqında şayiə yaymaqla ona zərbə vururlar. Sözdə kobudluq nümunələrindən biri qarşı tərəfin sualına cavab verməmək və ya dilucu cavab verməkdir.

Təbii ki, bütün insanlar xoşbəxt olmaq, problemsiz yaşamaq istəyirlər. Kimsə inkar etmir ki, qəzəb və kobudluq insanın rahatlığını əlindən alır, hətta dəlilik həddinə çatdırır. Əksər insanlar başa düşürlər ki, qəzəblənmək və kobudluq göstərmək insana yaraşmayan sifətlərdir. Buna görə də adətən qəzəblənmiş insan qəzəblənmədiyini iddia edir. O öz səsindən xəbərsizdir. Elə bir səslə, elə bir tonla "mən qəzəblənməmişəm” deyir ki, yoldan ötənlər də onun qəzəbləndiyinə şübhə etmir. İnsan qəzəbləndiyini inkar edəndə onda düşkünlük yaranır.

Təbiidir ki, iki eyni xasiyyətli adam yoxdur və xarakterlər fərqlidir. Yaxın münasibətdə olan insanlar münasibəti qorumaq üçün düşüncələrini yaxınlaşdırmalıdırlar. Əks təqdirdə ziddiyyətlər üst-üstə qalaqlanacaq və partlayışa səbəb olacaq.

Bəzən insan qəzəbini udur. Allahın razılığına xatir qəzəbi udmaq, qarşı tərəfə mərhəmət göstərmək, onu bağışlamaq çox yaxşıdır. Bu halda insan aramlıq tapır. Bəzən isə insan qarşı tərəfdən qorxduğu üçün qəzəbini udur. Bu insanın əsəblərini gərir. Əslində bu qəzəb gizli formada yaşayır və insanda qisasçılıq hissini gücləndirir. Həyatda çox olur ki, qorxudan qəzəbini udan insan əlinə fürsət düşən kimi əvəz çıxır. İnsan xarakterindəki nöqsanlardan biri də onun öz qəzəbini günahsız insanlara yönəltməsidir. Bir insan işdə qəzəblənir, qorxudan səsini çıxara bilmir, evə gələndə ailə-övladını incidir. Bu özü bir zülmdür. Qəzəbli insanın günahsız insanları incitməsi böyük ədalətsizlikdir.

Bəs qəzəb və onun yaratdığı kobudluqlardan necə qurtaraq? İnsan unutmamalıdır ki, qəzəb hamıdan öncə onun özünə zərbə vurur. İnsanın fiziki və psixoloji sağlamlığı zərbə altında qalır. Yaxşı olar ki, qəzəbin ilk mərhələsində insan onu qəzəbləndirən səbəbi araşdırsın və çıxış yolu tapsın. Bəzən qarşı tərəfi başa düşməmək və ya üçüncü şəxsin xəbərçiliyi nəticəsində iki şəxs arasında problem yaranır. Bu zaman müzakirə yolu ilə qəzəbi aradan qaldırmaq və sülh yaratmaq olar. Unutmaq olmaz ki, qəzəb varsa, ortada problem var. Nə qədər ki, bu problem həllini tapmayıb, qəzəb də aradan qalxmayacaq. Əgər haqqınız tapdanıbsa, kobudluq etmək əvəzinə qəti şəkildə haqqınızı tələb edin. Heç şübhəsiz insanın öz haqqına çatması üçün qanuni yollar var. Məsələn, avtomobil qəzası zamanı qarşı tərəflə davalaşmaq əvəzinə qanunu ortaya çəkmək lazımdır.

Bəzən qəzəb orqanizmə ciddi xəsarət yetirir. İnsan qəzəbinə nəzarət edə bilməsə yataq xəstəsinə çevrilə bilər. Yaşamaq, nemətlərdən faydalanmaq, xoş aqibətə çatmaq istəyiriksə, qəzəbləndiyimiz zaman hökmən özümüzü ələ almalıyıq. İslamda tövsiyə olunur ki, insan qəzəbləndiyi zaman şəraitini dəyişsin. Əgər ayaq üstəsə otursun, oturaq vəziyyətdəsə ayağa qalxsın, onu qəzəbləndirən fəzadan uzaqlaşsın və s. Unutmamalıyıq ki, müqəddəs dinimiz qəzəb olan yerdə imanın olmadığını buyurur. Məntiqi olmağa çalışaq, ağıl və məntiq olan yerdə nə qəzəb, nə də kobudluq var. Qəzəb nəticəsində atdığınız addımları araşdırın. Bu addımlarda məntiq varmı? Biz qəzəblənəndə ətrafdakılardan tez inciyir, onları ittiham edirik. Bu ittihamlarımız əsaslıdırmı? İnsan sevdiyi şəxsin səhvlərini də bağışlayır. Birinə qarşı mənfi münasibət olanda onun yaxşı işləri də insanı özündən çıxarır. Allahdan qorxan insan Onun bəndələri ilə mehriban davranır, onların səhvlərini asanlıqla bağışlayır. Çünki o özü də səhvlərə yol verir və bağışlanmağa ehtiyaclıdır. Unutmayaq ki, ətrafdakı insanların ən kiçik səhvlərini yaddaşımıza yazsaq, bizim də bütün səhvlərimiz əməl naməsində qeydə alınacaq.


HaqqYolu/hawzah
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 718 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]