Şənbə günü, 2024-04-20, 0:33 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Quranın səyahətlə bağlı tövsiyələri nədir?
2013-08-13, 5:42 PM
Quranın səyahətlə bağlı tövsiyələri nədir?

Quranda dünya səyahəti ilə bağlı gələn ayələri üç dəstəyə ayırmaq olar.
1. Birinci dəstə ayələrdə dünya səyahətini tərk etmək məzəmmət edilmişdir. "Məgər onlar yer üzündə gəzib dolanıb, özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmürlərmi? Halbuki, onlar bunlardan daha qüvvətli idilər; Göylərdə və yerdə Allahı aciz qoya biləcək heç bir qüvvə yoxdur. O, hər şeyə qadirdir”. ("Fatir” 44).
"Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur”. ("Həcc” 46).
Allah seyr və səyahəti düşünməyin və təfəkkürün səbəbi hesab edir. Bu yolla insanın agahlığı artar. İnsan dünya səyahəti nəticəsində müxtəlif mədəniyyətlər, iqtisadiyyat və siyasətlə tanış olar. Başqa millətlərdən xəbərsiz olmaq, bir milləti tərəqqi etdirməz. Çünki bunun üçün heç bir zəminə olmaz. Başqalarının təcrübəsindən, elmi və əməli kəşflərindən məhrum qalar.
2. İkinci dəstə - əmr edən ayələrdir. "Əlbəttə, sizdən öncə ilahi ənənəyə (Allahın dəyişməz ənənəvi qanunlarına) əsasən (kütləvi məhv etmələr kimi) bir sıra hadisələr ötüb keçmişdir. Odur ki, yer üzündə gəzib-dolanın və təkzib edənlərin aqibətinin necə olmasına baxın”. ("Ali-İmran” 137). Allah bu ayədə bizlərə əmr edir ki, Yer üzündə səyahət edək. Keçmiş ümmətlərin əhvalatlarından ibrət alaq. Quran keçmişdə olanlarla bu günün arasında bağ yaratmağa çalışır. Bugünkü nəsil ilə keçmiş nəsillər arasında rabitə yaratmaq - gələcəkdəkilərin hədəfini müəyyən edər. Bu yolla imanlı insanlar qəflətdən ayılar və millətlərin pərakəndəliyini aradan qaldırmaq olar.
Hər bir tarix hər bir millət üçün böyük əhəmiyyətə malikdir. Tarix bizlərə keçmişdəkilərin yaxşı və pis cəhətlərini açıqlayır. Müxtəlif əsrlərdə və zamanlarda yaşayan insanların saədət və bədbəxtliyindən xəbər verir. Həqiqətdə keçmişdəkilərin tarixi - gələcəkdə yaşayanlar üçün bir ibrət dərsidir.
Quran əmr edir ki, müsəlmanlar gərək yer üzündə səyahət etsinlər. Keçmişdəkilərin qoyduğu əsərləri öz gözləri ilə görsünlər. Bunları müşahidə etməkdən ibrət alsınlar.
Allah Təala möminlərin xüsusiyyətlərini bəyan edən zaman da səyahət mövzusuna toxunur və buyurur: "(Bu möminlər) həmin tövbə edənlər, ibadət edənlər, həmd-səna deyənlər, oruc tutanlar, (cihad və din elmi kəsb etmək üçün) səfər edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın (dininin əsas və qollarının) sərhədlərini qoruyanlardır. Bu möminlərə müjdə ver”. ("Tövbə” 112).
Başqa bir ayədə oxuyuruq: "(Ya Peyğəmbər!) De: «Yer üzündə gəzib dolanın, baxın görün ki, (Allah) məxluqları necə yaratmışdır. Sonra isə Allah başqa bir aləm icad edəcəkdir. Həqiqətən, Allah hər şeyə qadirdir»”. ("Ənkəbut” 20).
3. İlahi seçilmişlərin səyahətinə işarə edən ayələrdir.
a) Həzrət İbrahim (ə). Tarixçilər Həzrət İbrahimin (ə) üç dəfə hicrət etdiyini bildirirlər: 1. Babildən Şama. 2. Şamdan Misirə. 3. Misirdən Şama qayıdır.
b) Həzrət Yəqubun (ə) övladlarının etdiyi səfərlər. 1. Kənandan Misirə Binyaminsiz edilən səfər. 2. Bütün qardaşların etdiyi səfər. 3. Qardaşların ata və anaları ilə bir yerdə etdiyi səfər.
c) Musa və Xızr. 1. Musanın (ə) Misirdən Mədainə səfəri. 2. Musanın (ə) evlənəndən sonra Mədaindən Misirə etdiyi səfər. 3. Musanın Bəni-İsrayil ilə bir yerdə Beytul-Müqəddəsə tərəf səfəri (bu zaman dəniz aralanır). 4. Həzrət Musanın (ə) Həzrət Xızr (ə) ilə dünya səyahəti.
d) Zulqərneyn. Zulqərneyn Babili işgal edir, yəhudilərə Babildən Yerusəlimə getməyə icazə verir. Sonra Misiri işgal edir, yunanları qərbə tərəf qovur. O, dindar bir insan idi. Allahın yardımı ilə sürətli səyahət etməyi bacarır və dünyanın şərq və qərbinə qədəm basır. Həyatı çox hərəkətli idi və həyatının əsl işi seyr və səyahət etmək olmuşdur.
e) Həzrət İsa (ə). İmam Sadiq (ə) onun bu xüsusiyyəti haqda buyurur: "Gəzmək və şəhərlər arasında səyahət etmək - Həzrət İsa (ə) dininin bir hissəsi hesab edilir”.
Beləliklə, deyə bilərik ki, Allah bizlərə səyahət etməyi və keçmişdəkilərin başına gələn əhvalatları öz gözlərimiz ilə görməyi və bunlardan ibrət almağı məsləhət görür.
 
(Tebyan/ Deyerler.org)



Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 584 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]