Şənbə günü, 2024-04-20, 11:36 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Quranı sadəcə üzündən oxumaq və ya əzəbərləmək kifayət etmir, əməl etmək lazımdır
2013-09-18, 6:34 AM
Quranı sadəcə üzündən oxumaq və ya əzəbərləmək kifayət etmir, əməl etmək lazımdır

Hər bir iş insan üçün məsuliyyət gətirər. Quran qariləri də bu məsuliyyətdən xaricdə deyildirlər. İmam Baqir (ə) buyurur: "Ey Quran oxuyanlar! Allah Təaladan Kitabında sizə verdiklərindən çəkinin! Çünki mən məsuliyyət daşıyıram. Siz də məsuliyyət daşıyırsınız. Mən risaləti çatdırmaqda və təbliğ etməkdə məsuliyyət daşıyıram. Siz isə Quran və mənim sünnətimdən əldə etdiklərinizə görə məsuliyyət daşıyırsınız”.
Həzrət Peyğəmbər (s) buyurur: "Allah yanında təvazö cəhətdən aşkarda və gizlində ən layiqli şəxs o kəsdir ki, Quran həml edər”. (Quran həml etməyin mənası budur ki, Quran elminə yiyələnmiş olmaqdır). Həzrət (s) başqa yerdə buyurur: "Quranı həml edənlər behişt əhlinin rəhbərləri və nümayəndələridir”.
Quranı sadəcə üzünə oxumaq və ya əzəbərləmək kifayət etməz. Hər bir müsəlman kimi, qari də onu həyatında və əməlində büruzə verməli və elmini əməldə sübut etməlidir.
 
Bəs qari münafiq ola bilərmi?
Həzrət Peyğəmbər (s) buyurur: "Ümmətimin ən çox münafiqləri qarilərdəndir”. Çünki onlar Quranda oxuduqları vacibatlara və qadağalara əməl etmirlər. Dedikləri, əməllərinə müvafiq deyildir. "Odur ki, sənə əmr olunduğu kimi (əqidəndə, əməllərində və dininin təbliğ edilib çatdırılmasında) sabitqədəm və möhkəm ol və həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər (də belə olsunlar). Və həddi aşmayın. Həqiqətən O, etdiklərinizi görür”. ("Hud” 112).
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kimin zahiri batininə müxalif olarsa, deməli o, münafiqdir. Hər kim olursa-olsun, hər yerdə olursa-olsun, hər zamanda olursa-olsun”. Həzrət (s) başqa yerdə buyurur: "Münafiqin dastanı həmin xurma ağacının dastanıdır ki, sahibi qərara alır onu evin damında istifadə etsin, ancaq düz gəlmir. Qərara gəlir ki, evin dayağı etsin, ancaq düz gəlmir, nəhayət qazanın altından yandırır”.
Ona görə də əgər Quran qarisi oxuduğu ayələrə əsasən özünü tərbiyə və inkişaf etdirməzsə, münafiqdən başqası deyildir. Çünki zahirdə Quranla ünsiyyət bağlayar, batinində ona əməl etməz.
Əbu Əbdürrəhman Sələmi nəql edir: "Bizə Quran öyrədən Peyğəmbər (s) səhabələri deyərdilər ki, səhabələr Peyğəmbərdən (s) Quranı 10 ayə-10 ayə öyrənmişdilər. O zaman ki, o ayəni düzgün öyrənmirdilər, ona əməl etmirdilər, o biri 10 ayəni öyrənmirdilər”. Çünki onlar Quranı məhz dildə söyləmək üçün öyrənmirdilər, ona əməl etmək üçün öyrənirdilər.
İmam Baqir (ə) buyurur: "Əgər qari elmsiz olarsa, o kəsə bənzəyər ki, mal və dövlətsiz olar. Bununla yanaşı təkəbbürlü olarsa, necə ki, malsız insan təkəbbürlü kimi insanlara kin bəsləyər, insanlar da təkəbbürünə görə ona kin bəsləyərlər”.
Bunu nəzərə almaq lazımdır ki, Quran oxumağın savabı böyükdür. Hətta üzündən oxumaq belə fəzilətli əməl sayılır. Ancaq Quran qarisi bilməlidir ki, Quranı hansı hədəflə oxuyur. Həqiqi mənzilə çatmaq üçün oxuyur, yoxsa ad və şöhrətə görə?
Həzrət Peyğəmbər (s) riya edən üç dəstənin əməli haqda buyurur: "1. O kəslər ki, Allah yolunda öldürülərlər. 2. O kəslər ki, Allah yolunda sədəqə verərlər. 3. O kəslər ki, Quran qiraət edərlər. (Əməlləri Allaha görə olmamışdır). Allah-Təala bu üç dəstənin hər birinə buyurar: "Yalan deyirsən, bəlkə istəyirdin ki, desinlər: "filankəs bağışlayandır””. "Yalan deyirsən, bəlkə istəyirdin ki, desinlər: "filankəs igiddir””. "Yalan deyirsən, bəlkə istəyirsin ki, desinlər: "filankəs Quran qarisidir. Onların əməllərinə görə savabları yoxdur””.
Əbu Əbbdurrəhman Sələmi nəql edir: "Əli ibni Əbitalibdən (ə) daha çox qarisini görmədim. Yəni, elə bir kəsi görmədim ki, Əlidən (ə) yaxşı Quran tilavət etsin”. Çünki Quran onun qanına və canına işləmişdir və həyatı Quran idi.
Allah bizləri də İmamımız (ə) kimi həqiqi qarilərdən və Quranı dərk edib, ona əməl edənlərdən qərar versin!
 
(Tebyan/Deyerler.org)



Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1259 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]