Cümə günü, 2024-04-19, 11:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qorxu neçə cür olur? Hansı qorxu bəyənilir?
2013-10-13, 6:05 AM
Qorxu neçə cür olur? Hansı qorxu bəyənilir?

 İnsanın həyat prosesini tənzimləyən ən mühüm xüsusiyyətlərdən biri – qorxu hissidir. Bu hisslə bir qədər yaxından tanış olaq.
Qorxu üç cür olur:
1. Təbii qorxu.
2. Məzəmmətlənmiş qorxu.
3. Mədh edilmiş qorxu. (Erfan)
 
Təbii qorxu.
Təbii qorxu nəfsin həqiqi hallarındandır. Bu qorxu hesabına insan xəstəliklərdən, təhlükəli məkanlardan, vəhşi heyvanlardan, zəlzələdən, elektrik cərəyanından, seldən, küləkdən qorxar. Əgər insanda bu hiss olmasaydı, insan təhlükəli hadisələr qarşısında qorxmazdı. Buna görə də daima təhlükə onu izləyə bilərdi. O insan ki, xəstəlikdən qorxur və bilir ki, xəstəlik onu tələf edə bilər, bu xəstəliyə tutulmamaq üçün tədbirlər görər. Məhz bu qorxu nəticəsində insan şəxsi gigeyanasına riayət edər.
O kəs ki, seldən, zəlzələdən və başqa təbii hadisələrdən qorxar, ondan qorunmaq üçün tədbirlər görər. Bu cür qorxuya görə insanı məzəmmət etmək olmaz.
Amma məzəmmət edilmiş qorxu da var.
Məzəmmət edilmiş qorxu elə bir qorxudur ki, təhlükəli hadisələr və ya İlahi əzabla bağlı qorxu deyildir. Ona səbəb olan batil təsəvvürlər və fəsad xəyallardır. Bu cür qorxular zamanı insan bir qədər fikirləşdikdən sonra başa düşür ki, məntiqsiz yerə qorxmuşdur.
Böyük əxlaq müəllimi Molla Məhdi Nəraqi məzəmmətlənmiş qorxunu belə şərh etmişdir.
1. Həyata keçməsi mütləq olan hadisələrə görə qorxmaq. İnsan onun qarşısını almağa qadir deyildir. Məsələn, əcəl kimi. Atanın, ananın, qohumlarının başına gələn əcəl kimi. O insan ki, indidən həmin əcəl üçün qorxur, bu qorxunun faydası nədir? Bu qorxu insanda ancaq nigarançılığa və iztiraba səbəb olar. Bu cür qorxuya görə insan ancaq qəflətə düşər.
2. Olmağı ilə olmamağı arasında bərabərlik olan hadisələrdən qorxmaq. Məsələn, şitil əkir və qorxur ki, bitəcək, yoxsa yox. Bu cür hallarda yaxşı olar ki, insan toxumu tanısın. Əkinçilik qaydalarına riayət etsin. Əgər şitili bəhrə versə, onun əməyinin nəticəsidir. Əgər verməzsə, səbəbini axtarsın. Bu cür hallarda insan qorxmaq yerinə sevinməlidir ki, Allah onu imtahan edir. Bəzən baş verən hadisələr insan üçün bir cərimədir və aqil insan bunu dərk edib, qorxmaz. Əksinə bu hadisələrdən nəsihət alıb, kamala tərəf hərəkət edər.
3. Yersiz qorxular, məsələn meyyitdən qorxmaq, cindən qorxmaq, evdə tək qalmaqdan qorxmaq. Bu, ağlın vahimə qüvvəsi qarşısında təslim olması deməkdir.
4. Ölümün yaxınlaşmasına görə qorxmaq. Bunun səbəbini axtarıb, aradan qaldırmaq lazımdır. Bu halda insan qorxmaq yerinə axirətə getmək üçün xüsusi zövq hiss edəcəkdir.
 
Mədh edilmiş qorxu.
Bu qorxu da başqa qorxular kimi ruhun təbii hallarındandır. Bu qorxu olmadan insan tərəqqi edə bilməz. Bu qorxu olmadan insan İlahi qurba çata bilməz. Peyğəmbəri-Əkrəm (s) buyurur: "Sizlərdən ən çox Allahdan qorxanı mənəm”. Peyğəmbəri-Əkrəm (s), İmam Əli (ə) Allahın əzəmətindən o qədər qorxardılar ki, özlərindən gedərdilər. İlahi yolun yolçuları deyirlər: "Qorxunu ən az olanı odur ki, əməldə təcəlli etsin. İnsan hər bir günahdan uzaq olsun. Məlum olur ki, bu qorxu insan üçün faydalı bir qorxudur. O, atdığı hər bir addımda Allahı yada salar, hər nəfəsində onu zikr edər. Bu qorxu möminlərin qanadıdır və onun vasitəsilə layiqli məqamlara uçarlar”.
İmam Sadiq (ə) buyurur: "Qorxusu və ümidi olmayan kəsə mömin demirlər. Bu ümid və qorxu o kəsdə olar ki, həmin qorxu və ümidə əməl edər”. İnsan qorxduğu üçün günahdan çəkinər, dünya və axirət bəhrələrinə ümid edər. Allahın əmrlərinə boyun əyər.
Alimlərdən biri belə buyurmuşdur: "O kəs ki, bir şeydən qorxar, ondan qaçar. O kəs ki, Allahdan qorxar, acgözlüklə ona tərəf gedər”. Bəli, əgər insan Allahdan qorxarsa, günahdan qaçar. Hər kim Allahın məqamından qorxar, bu qorxudan rahatlanmaq üçün Allaha pənah aparar.
İman, saleh əməl və Allahdan qorxmaq dünya və axirətdə təhlükəsizliyin səbəbidir. Bu qorxuya sahib olanlara saleh bəndələr adı verilmişdir. Əgər bu qorxu insanda olmazsa, insan naqis olar. Əgər bu qorxu, yəni Allahın məqamından, əzəmətindən, pis aqibətə görə qorxu insanda olmazsa, insan üçün təhlükəlidir. Əgər bu qorxu olmazsa, insan necə Allahın bəndəsi ola bilər? Günahdan necə çəkinə bilər?
Peyğəmbəri-Əkrəm (s) buyurur: "Hikmətin əsası və kökü - Allahdan qorxmaqdır”. Ona görə də bu mədh edilmiş qorxuya malik olaq və İlahi qurba çatmağa çalışaq.
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 970 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/1
Total comments: 1
0  
1 Ənfal   (2013-10-30 11:25 PM) [Daxil et]
Günahkar-Bəndə , Bahəm. Allah sizdən də razı olsun

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]