Cümə günü, 2024-03-29, 10:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qiyamət günü əməllər necə nümayiş olunacaqdır?
2014-02-28, 11:38 AM
Qiyamət günü əməllər necə nümayiş olunacaqdır?

 
"Və o kitab (hər bir fərdin əməllərinin kitabı əlinə, hər bir ümmətin əməl kitabı gözlərinin önünə və bütün bəşəriyyətin əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular. Beləliklə günahkarları onda olandan qorxan görərsən. Və onlar deyərlər: «Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!». Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cisim və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir”. ("Kəhf” 49).
Qiyamət günü hamı hesaba çəkiləcək və insanların mühakimə olması o qədər asan olacaqdır ki, günahkar insan özü-özünü məhkum edər və günahkar olduğu hökmünü özü verər. Heç bir etiraz etmədən isə cəzanı qəbul edər, onu inkar etmək üçün heç bir səbəb qalmaz, hər şey göz qabağında olar. Nə az, nə də çox.
Bu ayədən məlum olur ki, hər bir insanın işlətdiyi günahlar gözünün önündə canlanacaqdır və ona görə də onu inkar edə bilməyəcəkdir.
Həzrət Peyğəmbər (s) buyurur: "Nə istəyirsən et, çünki onunla görüşəcəksən”.
İmam Əli (ə) buyurur: "Bu gün hər nə göndərsən, sabah ona daxil olarsan”.
Başqa yerdə oxuyuruq: "O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar. Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. ("Zəlzələ” 6-8).
Bu ayə buyurur ki, insan bu dünyada gördüyü yaxşı və pis işləri görəcəkdir. Nəinki onun savab və cəzasına çatacaqdır, bəlkə həmin əməlin özünü görəcəkdir. Bu yolla günahkarlar öz pis işlərini görəcək və onlara müəyyən olunmuş cəzanı adilcəsinə hesab edəcəklər. Həmçinin yaxşı əməl sahibləri öz yaxşı əməllərini görərək, sevinər və xoşhal olacaqlar. Çünki Allah heç kəsə zülm etməz.
"Onlar üçün pis əməllər və əməllərinin cəzası zahir olacaq və onları (dünyada) istehza etdikləri şey (Qiyamətin çətinlikləri və cəhənnəmin müxtəlif əzabları) bürüyəcəkdir”. ("Zumər” 48).
Bu ayə də onu təsdiq edir ki, insan öz əməllərini qiyamət günü müşahidə edəcək və bu pis əməllərinin bəla və müsibəti onu əhatə edəcəkdir.
"(Onlar dünyaya qaytarılmaq arzusunda səmimi deyildirlər,) əksinə, qabaqcadan gizlətdikləri şey onlara aşkar olub. Əgər (dünyaya) qaytarılsalar, mütləq (yenə də) çəkindirildikləri şeyə qayıdarlar”. ("Ənam” 28).
Bu insanlar həyatda işlətdikləri gizlin günahları aşkar şəkildə müşahidə edəcək və təəccüblənəcəklər. Çünki onlar görəcəklər ki, nə gecənin qaranlığı onların bu günahını gizlətmişdir, nə də xəlvət bir güşədə düçar olduqları gizlin qalmışdır. Onun çiynində olan mələklər hər bir şeyi azaltmadan və çoxaltmadan qeydə almışdılar. Bu gün isə onun eynini müşahidə edir. "Onlar üçün Allah tərəfindən güman etmədikləri (şiddətli əzab) zahir olacaqdır”. ("Zumər” 47). İnsan çirkin işlərini ona görə gizli edər ki, onu qınamasınlar və insanların arasında rüsvay olmasın. Halbuki, axirətdə bu işlərini aşkar şəkildə müşahidə edəcəkdir.
"Həqiqətən, Biz sizi yaxın olan əzabla qorxutduq. Elə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)». ("Nəbə” 40).
Bu insan dünyada etdiklərini görəcək və əgər pis əməlləri yaxşı əməllərdən çoxdursa, bu zaman dünyada şölələndirdiyi atəş onu bürüyər və deyər ki, kaş torpaq olaydım.
"Hər bir kəs (dünyada) yerinə yetirdiyi xeyir və etdiyi pis əməlləri hazır görəcəyi (həmin əməllərin eynilə Qiyamətə uyğun şəkildə mücəssəm olunacağı) gün arzu edəcək ki, kaş onunla pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı (Qiyamət təxirə düşəydi). Allah sizi Özündən (Öz əzabından) çəkindirir. Allah Öz bəndələrinə şəfqətlidir”. ("Ali-İmran” 30).
Bəli, Allah Təala müqəddəs Kitabında insanları dəfələrlə Qiyamət gününün dəhşətindən xəbərdar etmiş və qəflət yuxusundan ayıltmağa çalışmışdır. Allah heç kəsə zülm etməz, çünki adildir. Bu insanlardır ki, daima özlərinə zülm edər və onlara verilən xəbərdarlığa məhəl qoymazlar. Sonra isə uzun həsrət çəkərlər. (Tebyan)
Allah Təala bizləri günahdan qorunanlardan qərar versin.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1484 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]