Cümə günü, 2024-04-26, 2:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İslamda elmə məhdudiyyət yoxdur
2013-04-12, 5:19 AM

İslamda elmə məhdudiyyət yoxdur

Elm möminin itkisidir
İslamda elmə məhdudiyyət yoxdur. Məsələn, cihada getmək kişilərə vacibdir, qadınlara yox. Elmdə isə belə deyil. Hər zaman, hər yerdə, istər qadın olsun, istərsə də kişi hər kəsə vacibdir.
Ümumiyyətlə, elm dedikdə nə nəzərdə tutulur? Elmə müxtəlif təriflər verilməyinə baxmayaraq hamısının müştərək nöqtəsi odur ki, elm bilmədiyini öyrənməkdir. İslamda elm dedikdə Allaha aparan yol nəzərdə tutulur. Elm insanı dünyaya bağlayan səbəb yox, Allaha yaxınlaşdıran bir vasitədir. Allah- Təala ilk nazil olan ayələrdə peyğəmbərə oxu deyə müraciət edir. Quranda ey camaat bir düşünün, heç fikirləşirsinizmi deyə insanlara müraciət olunur. Deməli elm öyrənmək həm qadına, həm də kişiyə vacibdir. Dinimizin əsası üçdür. Əvvəli üsuliddindir ki, hər bir insan əqidəsini öz ixtiyarı ilə araşdırıb qəbul etməli və möhkəmlətməlidir. Peyğəmbər (s) bir gün səhabələri ilə ip əyirən qoca bir qarının yanından keçəndə görür ki, Allaha həmd və səna deyir. Həmdinin səbəbini soruşanda cavab verir ki, mən bu çərxi fırladıb ipi əyirdiyim kimi bu dünyanı da nizama salıb idarə eləyən Allahdır. Cavab peyğəmbərin xoşuna gəlir. Buyurur ki, hər bir müsəlman öz əqidəsini ən azı bu həddə düşünüb seçməlidir. Yaxud ikinci əsası olan furuiddini bilib əməl eləmək hər bir müsəlmana vacibdir. Deməli tənha kişilərin deyil qadınların da elm öyrənməyi vacibdir.

Hədislərdə buyurulur ki, beşikdən qəbrədək elm öyrənin. Deməli elm öyrənməyin zamanı yoxdur. İstər cavan yaşlarında, istərsə də yaşlı vaxtlarda elm öyrənmək lazımdır. Başqa bir hədisdə buyurulur ki, elm öyrənmək hər bir müsəlmana vacibdir. Bu hədisdə də qadınlar istisna olunmayıb. Elm öyrənmələri üçün məhdudiyyət qoyulmur, əksinə elmin ardınca getmələri təkid olunur. Başqa bir hədisdə buyurulur ki, elm Çində də olsa onun ardınca gedin. Deməli elmdə məkan məhdudiyyəti yoxdur. Hətta kafirdən olsa belə elm öyrənmək vacibdir. Bir başqa hədisdə də buyurulur ki, elm möminin itkisidir. İnsan itirdiyi bir şeyi necə axtarırsa elmi də axtarmalı harda tapsa götürməlidir. Həzrət İsa (ə) buyurur ki, haqqı görün və qəbul edin. Batil əhlində olsa belə.

Seyid Həbəddin Şəhristani 2-3 il İraqda jurnal nəşr etdirir. Jurnalın arxasında ortada nəstəliq-kelişa xətti ilə elm sözünü yazdırır, vərəqin hər küncündə isə peyğəmbərdən olan adlarını çəkdiyimiz 4 hədisi yazır. Bir gün bir alman nəşriyyata girib yazılanların mənasını soruşur. Seyid açıqlayır. Alman ani olaraq fikrə gedib deyir: "Sizin peyğəmbəriniz bu qədər hikmətli söz dediyinə baxmayaraq siz yenə də cəhalət içindəsiniz.”

Peyğəmbər müharibədə tutulan əsirlərin pulu olmayanda bildiklərini öyrətmək şərti ilə onları azad edərdi. Məqsədimiz imanımızı gücləndirməkdirsə yaddan çıxarmayaq ki, elm imanı gücləndirir. Elm insana güc, eşq, ümid, iman bağışlayır. Elm dünyanı düzəldir, iman dünyadakıları. Elm təbiəti, iman insanı düzəldir. Elm ağlı gözəlləşdirir, iman ruhu. Elm düşüncəni gözəlləşdirir, iman hissləri. İnsan dünyaya gəldiyi gündən başa düşməyə çalışıb. Deməli həmişə elm əldə eləmək istəyib. Bu da Allah taalanın elm istəyinin insanın daxilində yerləşdirdiyini göstərir. Buna görə də insan daim öz zatının istədiklərinə və ehtiyaclarını ödəməyə çalışmalıdır. Qeyd etdiyimiz kimi əgər ibadət insanın ruhunu qüvvətləndirirsə, elm də ağlını gücləndirir. Mömin insan da hər cəhətdən qüvvətli olmalıdır.

Pərviz Piriyev

haqqyolu.com


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 663 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]