Çərşənbə axşamı, 2024-04-23, 11:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İSLAMDA EHSAN ETMӘYİN FӘZİLӘTİ
2013-10-27, 6:25 AM

İSLAMDA EHSAN ETMӘYİN FӘZİLӘTİ
Quran ayələrində, eləcə də hədislərdə ehsan etmək İslamın ən gözəl və bəyənilmiş əməllərindən biri kimi bəyan olunmuşdur. Hər bir müsəlman və mömin şəxs imkan daxilində, möhtac olan insanlara ehsan edib, onları sevindirməli və bu əməl ilə Allahın razılığını qazanıb, Onun rəhmətinə yaxınlaşmalıdır.
Bu barədə Qurani-Kərimdə belə buyurulur:
«إِنَّ رَحْمَتَ اللَّهِ قَرِيبٌ مِّنَ الْمُحْسِنِينَ»
«Həqiqətən, Allahın rəhməti ehsan edənlərə yaxındır».("əl-Әraf” surəsi, ayə: 56)
Allah-taala başqa bir ayədə ehsan edənlərə öz məhəbbətini belə bildirmişdir:
«إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ»
«Həqiqətən, Allah ehsan edənləri sevir.» ("əl-Maidə” surəsi, ayə 13)
Bunuda bilməliyik ki, Allah-taala ehsan edənlərin əcrini (mükafatını) zay etməz. Bu haqda isə Qurani-Kərimdə belə buyurulur:
«إِنَّ اللَّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ»
«Həqiqətən, Allah ehsan edənlərin mükafatını zay etməz.»("ət-Tovbə” surəsi, ayə: 120)
Ehsan və sair əməllərin qəbul olunmasının ilkin şərti niyyətin düz olmasıdır, yəni Allaha xatir olmasıdır.
Ehsan etməyin müxtəlif növləri vardır. Məsələn; sədəqə, paltar və yemək vermək. Amma bunların daha fəzilətlisi həmişə qalan, xeyirli və faydalı işlər üçün tikilən müqəddəs ocaqlardır ki, buna misal olaraq elm ocaqları (mədrəsələr), kitabxanalar, xəstəxanalar, yetim evləri, evindən və eşiyindən didərgin düşmüş müsəlman və mömin bacı- qardaşlar üçün yaşayış evləri tikmək, körpü salmaq, su çəkmək və möminlər üçün ibadət yeri yəni, məscid və hüseyniyyələri(Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in və onun pak Әhli-beyt (əleyhimus-salam)-ının təvəllüdləri günü bayram, onların şəhadətləri günündə isə əza saxlamaq üçün tikilmiş müqəddəs məkanlara deyilir.) tikməyi qeyd etmək olar. Həqiqətən Allahın rəhməti bütün məxluqata, xüsusən insan üçün çox genişdir. Allah-taala insanın etdiyi heç bir əməlini zay etməz, əksinə hər bir xeyir əməlin nəticəsini on qat artırmaqla ödəyər. Bir günah və pis əməlin müqabilində isə yalnız bir cəza verməklə kifayətlənər. Bu əməlin özü Allahın bəndəsinə olan mərhəmətindən irəli gəlir. Dediyimiz bu sözə Quranın bu ayəsini şahid gətirə bilərik.
Allah-taala Quranda buyurur:
«مَن جَآءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا وَمَن جَآءَ بِالسَّيِّئَةِ فَلاَ يُجْزَى إِلاَّ مِثْلَهَا وَهُمْ لاَ يُظْلَمُونَ»
«Kim yaxşı bir iş görsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis iş görərsə, ona həmin işin misli qədər cəza verilər və onlara zülm edilməz.» ("əl-Әnam surəsi ayə 160)
Bu mövzuda olan söhbətimizi Qurani-Kərimin bu mübarək ayəsi ilə sona çatdırırıq:
«فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ * وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ *»
«Kim (dünyada) zərrə qədər yaxşı bir iş görmüşsə, onu (onun xeyrini) görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşsə, onu (onun cəzasını) görəcəkdir».(əz-Zəlzələ” surəsi, ayə: 7 və 8)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 655 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]