Çərşənbə axşamı, 2024-03-19, 8:17 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Həqiqi səadət və həqiqi bədbəxtlik
2013-07-26, 0:45 AM

Həqiqi səadət və həqiqi bədbəxtlik

 

Allah Təala Quranda insanı iki qrupa bölmüşdür: səadətli və bədbəxt insanlar. Belə ki, "Hud” surəsinin 108-ci ayəsində səadətli insanların daima behiştdə olacağına və 106-cı ayəsində isə bədbəxt insanların atəşdə olacaqlarına işarə etmişdir. Bəs Quranın dili ilə desək, səadətli və bədbəxt insan kimlərdir?

 

Bədbəxt insanların xüsusiyyətlərindən biri - mal toplamaqlarıdır. Allah Təala "Tövbə” surəsində buyurur: "Qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən kəslərin hamısını ağrılı bir əzabla müjdələ”. ("Tövbə” 34). Yəni, bu insanların bütün fikirləri ancaq mal toplamaqdır, onu Allah yolunda xərcləmək istəmirlər. Bu, halal yolla mal toplayanlara aiddir. Belə ki, haram yolla mal əldə edənlərin Allah yolunda onu xərcləməsini Allah da bəyənmir. Bir insan ki, rüşvət yolu ilə mal əldə etmişdir və onu Allah yolunda xərcləməyi - bəyənilməyən bir əməldir. Çünki bu xalqın malıdır və onu xərcləməyə ixtiyarı yoxdur. Allah buyurur ki, ey halal yolla mal toplayıb, onu xərcləməyən insanlar, onu Allah yolunda xərcləyin, əks halda bədbəxtlərdən olarsınız. Allah buyurur ki, əgər malın varsa, yaxınlarına və ata-anana ver, sədəqə ver, xüms və zəkat ver. Ancaq bu insanın fikri mal cəm etməkdir, onu xərcləmək fikri yoxdur. Bu cür insanlar fikirləşmirlər ki, mal və dövləti ölümünə mane ola bilməyəcəkdir. Əksinə, ona qalan həmin infaq olardı ki, ehtiyacı olanlara verəcəkdi.

 

Bədbəxt olmağın səbəblərinə paxıllığı, təkəbbürü, acgözlüyü, şorgözlüyü, hərisliyi, dünyapərəstliyi və hövsələsizliyi misal göstərmək olar.

 

Ancaq səadətli insanlar dedikdə kimlər nəzərdə tutulur? İmam Sadiqdən (ə) gələn hədisdə nəql edilir: "Allah buyurur ki, bəndələrimin arasında bəziləri vardır ki, bəndəliyin ən ali səviyyəsindədirlər. Onlar Mənə aşiqdirlər. Namazdan bəhrələnərlər. Çalışarlar ki, haram tikə yeməsinlər. Ayaqlarının altındakı xalça haram olmasın. Haram su ilə dəstəmaz almasınlar, qüsl almasınlar. Onlar namazdan bu cür bəhrələnərlər. Yəni, namaz vasitəsilə həm gizli və həm də aşkar günahları özlərindən uzaqlşadırar və bəndəlik edərlər. Namazla mənim rizayətimi cəlb edərlər”.

 

Peyğəmbəri-Əkrəm (s) namazdan nəhəng ləzzət alardı. Namaz İmam Hüseyn (ə) üçün də çox əziz idi və Aşuranın o qanlı səhnəsində namazını tərk etmir.

 

Mərhum Nəraqi "Taqdis” adlı kitabından yazır: "Bir gün şəhər hakimi öz ailəsi ilə bir yerdə ova çıxır. Yolun üstündə bir cavan quyu qazmaqla məşğul idi. Xidmətçilər ona yaxınlaşıb, deyirlər ki, oradan uzaqlaşsın, çünki hakim öz ailəsi ilə ova gedir. Cavan da baş üstə deyib, gedir. Adətən səhrada külək olur və hakimin ailəsi üçün bir çadır qururlar. Külək çadırı qaldırır və cavan hakimin cavan qızını görüb ona vurulur. Bir neçə gün sonra anasına deyir ki, mən elçiliyə gedirəm. Hakimin evinə gəlir və xidmətçi soruşur ki, nə istəyirsən? Cavab verir ki, hakimlə işim var. Xidmətçi soruşur ki, nə işin var? Deyir ki, elçiliyə gəlmişəm. Xidmətçilər onu yaxşıca döyüb, yola salırlar. Anası bu hadisədən çox narahat olur. Bu cavanın bir ağıllı dostu vardı. Ona deyir ki, əgər doğurdan da bu qızı istəyirsənsə, şəhər məscidinə get və namaz qıl. Bu problemin həll olar. Cavan məscidə gəlir və namaz qılmaqla məşğul olur. Onun bu ibadəti təxminən bir il çəkir və şəhərdə Allah bəndəsi kimi məşhur olur. Namazında insanlara dua edir və xəstəlikləri üçün şəfa diləyərdi. Dualarının çox hissəsi qəbul olardı və xəstələr şəfa tapardı. Şəhərdə şayiə gəzir ki, o, bütün problemlərin açarıdır.

 

Hakimin qızı bir gün möhkəm xəstələnir. Həkimlər onu müalicə edə bilmirlər. Hakimin köməkçisi deyir ki, eşitmişəm bu şəhərdə xəstəliklərə əlac olan bir cavan yaşayır. Hakim deyir: Onu mənim yanıma gətirin. Məscidə gəlir və bu savadsız quyu qazandan saraya gəlməsini xahiş edir. Cavan deyir: Mənim sarayda heç bir işim yoxdur. Əgər hakimin işi varsa, özü gəlsin. Xidmətçisi gedib hakimə deyir ki, əgər özünüz məscidə gedəsiniz. Hakim deyir: Mən canımı qızıma görə fəda etməyə hazıram. O, məscidə gedir və cavana deyir: Qızıma görə dua et ki, şəfa tapsın. Cavan qızın şəfasını Allahdan istəyir. Bir neçə gün sonra qızı şəfa tapır. Hakim qızını ərə vermək istəyir və vəzirinə deyir ki, qızımı kimə versəm yaxşı olar?

 

Vəziri deyir ki, bu cavandan Allaha yaxın olanı yoxdur. Cavanın yanına gəlirlər və ona deyirlər ki, hakim qızını sənə vermək istəyir. Cavan razılaşır və onları evləndirirlər. Toy gecəsi cavan hakimin qızı ilə xudafizləşir və getmək istəyir. Gəlin soruşur: Hara gedirsən? Cavan deyir: Mən bir neçə yalançı namazımla muradıma çatdım. İndi isə həqiqi namazın ardınca gedirəm”.

 

Həzrət Əli (ə) o qədər namaza aşiq idi ki, Allah ölümünü namazda qərar verdi. O zaman ki, qılınc mübarək başını yarır, namazda dayanmışdı...

 

Möminin başqa xüsusiyyətlərindən biri də odur ki, gizlində Allaha ibadət etsin. Gizli ibadət odur ki, sübh namazına bir saat qalmış yatağından qalxasan və deyəsən: Mən Sənin eşiqinə görə yatmıram.

 

Bu cür insanların gəlirləri halal yolla əldə edilir. Çalışır ki, həyat ehtiyaclarından çox xərcləməsin. Belə mömin insanı görən ölüm mələyi deyər: "Çox heyf ki, o bu qəfəsdə həbs edilib. Hər nə qədər tez olarsa, onu qucağıma alardım. Peyğəmbərlərin, şəhidlərin və sadiqlərin yanına qoyardım. O, indi yaşadığı yerdən üstününə layiqdir. Onu aparmaq üçün ölüm tələsir”.

 

Bu cür insanların irsi də az olar. Bu aləmdə ən səadətli insan İmam Əlidir (ə). Əgər bu cür olmasaydı dünyanın nə bədbəxt insanın əlində şəhid olmazdı.

 

Səadətli insan - təvazökar, sadə, ibadət əhli və saleh əməlləri sevən insanlardır ki, həyatlarının əsas hədəfi Allaha yaxınlaşmaqdır. Allah bizləri də bu cür bəndələrdən qərar versin.

 

 

(Erfan/deyerler)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 621 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]