Həqiqi mömin olmaq üçün lazım olan xüsusiyyətlər - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Bazar günü, 2016-12-11, 9:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Həqiqi mömin olmaq üçün lazım olan xüsusiyyətlər
2013-09-28, 6:01 AM
Həqiqi mömin olmaq üçün lazım olan xüsusiyyətlər

Mömin o kəsə deyilir ki, imanlı olsun. Ancaq Quranın nəzərinə görə mömin o kəsdir ki, qəlbi imanla yanaşı ona uyğun gələn əmələ də malik olmalıdır. Yəni, insanın həm qəlbi imanı, etiqadı olmalıdır, həm də bu inanca uyğun əməl də etməlidir.
"Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər. Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər. Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır. (74) İman gətirən, hicrət edən və Allah yolunda cihad edən kəslər və (onlara) yer və pənah verən və kömək edənlər - onlardır həqiqi möminlər! Onlar üçün bağışlanma və gözəl və bol ruzi vardır”. ("Ənfal” 2-4, 74).
 
Həqiqi möminin 5 xüsusiyyəti.
Qurani-Kərim "Ənfal” surəsində həqiqi möminin xüsusiyyətlərini bəyan edir ki, mömin imandan sonra onlara da malik olarsa, həqiqi mömin olar.
Əllamə Təbatəbai bu ayələrin təfsiri haqqında belə buyurur: "Bu ayələr sözün əsl mənasında həqiqi mömin olanların xüsusiyyətlərini bəyan edir”. Sonra isə niyə məhz 5 xüsusiyyətə işarə etdiyini izah edərək, buyurur: "Bu beş xüsusiyyət elə xüsusiyyətlərdir ki, onlara malik olmaq bütün yaxşı xüsusiyyətlərə malik olmaq deməkdir”.
Bu xüsusiyyətlər ibarətdir:
 
1. Allahı zikr edən zaman qəlbin qorxması və titrəməsi.
2. Allah ayələrini eşidən zaman imanı artar.
3. Təvəkkül.
4. Namaz qılmaq.
5. Allahın verdiyi ruzidən infaq etmək.
 
Göründüyü kimi, əvvəl adı çəkilən üç xüsusiyyət qəlbə aid olan sifətlərdir. Qalan ikisi isə əməl və rəftara aiddir.
Əllamə buyurur: "Bu xüsusiyyətlərin zikrində tərtibə riayət edilmişdir. Çünki iman nuru tədricən qəlbi işıqlandırır və get-gedə artar və nəhayət son həddinə çatar və həqiqəti kamilləşər.
 
1. Bu prosesin mərhələləri vardır ki, ilk mərhələ - qəlbə təsir etməkdir. Yəni, o zaman ki, Allahın zikrini eşidərlər, qəlbləri qorxar, titrəyər. Bu hiss, bəzən məsuliyyəti dərk edəndə və vəzifəni yerinə yetirməmək ehtimalı olan zaman insanda meydana gəlir. Bəzən də qarşı tərəfin əzəməti insanda bu halın yaranmasına gətirib çıxarır.
"Təfsiri-nümunə”də bu ayə belə təfsir edilir: "Möminlər ancaq o kəslərdir ki, nə zaman Allahın adı çəkilər, qəlbləri məsuliyyət hiss etdiyi üçün dərgahında qorxar”.
 
2. İmanın təkamülü.
Bu iman qəlbə girəndən sonra kök atıb, inkişaf etməyə başlayar. İlahi ayələri seyr edərək qəlbdə şaxə və budaq atar. Mömin hər nə qədər ayələrdə seyr edərsə, imanı daha güclü olar. Yəqin mərhələsinə çatar.
 
3. Təvəkkül.
O zaman ki, insanın imanı artar, kamalın elə bir həddinə çatar ki, Pərvərdigarın və özünün məqamını dərk edər və tanıyar. Dərk edər ki, bütün işlər Allahın əlindədir. O, yeganə Rəbbdir ki, bütün canlılar Ona tərəf qayıdacaqdır. Bu zaman Allaha təvəkkül etməyi özünə lazımlı bilər və Onun iradəsinə tabe olar. Taleyinə yazdıqlarına rizayət göstərər və dinə uyğun əməl edər.
Bəziləri təvəkkülün mənasını düzgün dərk etmirlər. Təvəkkül əli-əlin üzərinə qoyub bir küncdə əyləşmək demək deyildir. Allaha təvəkkül etmək, yəni insan Ondan başqa heç kimi bu aləmdə Qüdrətli hesab etmir. Yəni Allah bütün işləri görməyə Qadir bir Varlıqdır. Ondan istəyir ki, hansısa bir məsələyə Allah rəhbərlik və nəzarət etsin. Yəni bu insan Allahı özünə vəkil tutur və onun özü də Allahın iradəsinə xidmət edən əsgərlərdən biridir.
 
4. Allahla rabitə.
İnsan qəlbinə nüfuz edən iman onun canına elə işləmişdir ki, insanı ubudiyyətə tərəf çəkər. Bu cür insan Allaha xaliscəsinə ibadət etmək istəyər ki, bu ibadət-  namazdır. Burada adı çəkilən namaz ümumi bütün ibadətləri əhatə etmişdir: orucu, həcci və sairi.
 
5. Allahın xəlqi ilə rabitə.
İmanlı insan öz ictimai ehtiyaclarını da ödəməyə çalışır. Allahın ona verdiklərini: malı, elmi infaq edir.
 
Allah bizləri də həqiqi möminlərdən qərar versin.
 
(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 298 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]