Şənbə günü, 2024-04-20, 7:29 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Günah etmə! Sən Allahı görmürsənsə, Allah ki, səni görür...
2013-11-29, 10:40 PM
Günah etmə! Sən Allahı görmürsənsə, Allah ki, səni görür...

 Biz hamımız Allahın nəzarətinin altındayıq. O, hikmət sahibi bizim bütün əməllərimizi görür və fikirlərimizdən xəbərdardır. Qiyamət gələn zaman, İlahi məhkəmə qurulan kimi Allah onları gözlərimizin önündə nümayiş etdirəcəkdir. (Tebyan)
İmam Əli (ə) bu haqda buyurur: "Xəlvətdə Allaha itaətsizlikdən və günahdan çəkinin. Çünki həqiqətən, O Kəs ki, sizə nəzarət edir və şahiddir, hökm verəcəkdir”.
İmam Əlinin (ə) bu dəyərli sözlərindən belə nəticəyə gəlmək olur ki, insan heç bir zaman güman etməməlidir ki, əməlləri və fikirləri Allahdan gizlidir. Allah o qədər qadirdir ki, hətta iynənin ucunda baş verənlərdən belə xəbəri vardır. Allah buyurur: "Bil ki, onlar Rəbbləri ilə görüşəcəkləri barəsində şübhə və tərəddüd içərisindədirlər (ölümdən sonrakı həyata inanmırlar). Bil ki, Allah (elm, qüdrət və rəhmət baxımından) hər şeyi əhatə etmişdir”. ("Fussilət” 54).
Bu Ali Qüdrət sahibi dəqiqlik və zərifliklə bizim bütün hərəkətlərimizi izləyir. "Loğman” surəsində Loğman öz övladına buyurur: "(Loğman dedi:) «Ey mənim əziz oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü Məhşərə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır»”. ("Loğman” 16).
Bizi günah işlətməkdən çəkindirən ən böyük amillərdən biri də Allahın əzəmət və böyüklüyünə qarşı duyduğumuz vahimə qüvvəsidir. İshaq ibni Əmmar deyir: "İmam Sadiq (ə) buyurur: "Ey İshaq! Allahdan elə qorx ki, sanki səni görür. Əgər sən Onu görmüsənsə, şübhəsiz O, səni görür. Əgər inanırsan ki, səni görmür, kafir olmusan. Əgər yəqinin olsa ki, səni görür, buna baxmayaraq, yenə də qarşısında günah işlədirsənsə, Onu sənə nəzarət edənlərin ən alçağı hesab edirsən”.
Əgər insan Allahın onu gördüyünü bilir və buna baxmayarq, yenə də günah edirsə, bu cür insan həqiqətdə nə Allahdan qorxur, nə də Allahın rəhmətinə ümid bəsləyir. Çünki əgər Allahın əzabından qorxsaydı, günah işlətməzdi. Əgər Allahın rəhmətinə ümid bəsləyirsə, nalayiq işlərlə özünü bu rəhmət qapısından uzaqlaşdırmazdı.
Hədislərin birində bir nəfər nəql edir: "İmam Sadiqə (ə) dedim: "İnsanlar vardır ki, günah edir və deyirlər: "Biz Allahın rəhmətinə ümid edirik. Onlar daima bu cürdürlər o zamana qədər ki, ölümləri çatar””. Həzrət (ə) buyurdu: "Bunlar o insanlardır ki, qəlblərini yersiz arzularla sakitləşdirirlər. Yalan deyirlər. Onlar ümid bəsləmirlər. O zaman ki, bir şeyə ümid bəsləyirsən, onu tələb edirsən. Hər kəs bir şeydən qorxan zaman ondan qaçar”.
Ona görə də əgər İlahi rəhəmətə ümid bəsləyiriksə, Onun ağrılı əzabından da qorxmalıyıq. Çünki qorxu və ümid iki xüsusiyyətdir ki, iman nurunu vücudumuzda aydın edər. İmam Sadiq (ə) buyurur: "Atam buyurub: "Heç bir bəndə qəlbində iki nur olmadan mömin olmaz. Qorxu nuru və ümid nuru. Bunlardan biri çəkilərsə, o birisindən çox olmamalıdır. Əgər o birisi çəkilərsə, bu birisindən çox olmamalıdır””.
Seyyid Muhəmməd Əşrəf "Fəzayil sadat” adlı kitabında belə yazır: "Bir nəfər əməlisaleh kişi Misirə daxil olur. Bir dəmirçi görür ki,  dəmiri odun içindən çıxarır və əlləri ilə götürür. Əli isə yanmır. Öz-özünə deyir: "Bu kişi böyük insanlardandır. Qabağa gedir və salam verir. Deyir: "Səni and verirəm o Allaha ki, sənə bu kəraməti bəxş etmişdir, mənim üçün dua et”. Dəmirçi bu sözləri eşidən zaman ağlayır və deyir: "Mənim haqqında etdiyin güman düz deyildir. Mən salehlərdən deyiləm”. O kişi deyir: "Bu cür işi görmək Allahın saleh bəndələrindən başqası tərəfindən imkansızdır”. Dəmirçi deyir: "Düzdür, ancaq əlimin səbəbi vardır”. Bu kişi təkid edir ki, bu sirri ona söyləsin. Dəmirçi deyir: "Bir gün elə burada işimlə məşğul idim. Bir gözəl qadın irəli gəldi və çox yoxsul olduğunu iddia etdi. Mən ona qəlbimi bağladım. Ona aşiq oldum. Onu günaha dəvət etdim. Ona dedim ki, əgər bu işi görərsən, nə istəyirsənsə sənə verərəm. Qadın cavabında dedi: "Allahdan qorx ki, mən belə bir insan deyiləm”. Ona dedim: "Onda qalx və işinin dalınca get. O, qalxıb getdi və bir az keçdikdən sonra geri qayıtdı və yoxsul olduğuna görə bu işi qəbul etdiyini bildirdi. Mən onu evə apardım, ancaq o, titrəməyə başladı və dedi ki, burada səndən və məndən başqa Allah sənin iki mələyin və mənim iki mələyim vardır”. Bu zaman mən özümə gəldim və əlimə keçən qədər pulu götürüb ona verdim. Bu qadın da əlini göyə qaldırıb dua etdi və dedi: "Allahım! Dünya və axirət atəşini onun üçün soyuq et”. Bu qadının duası yerinə yetdi və o vaxtdan bəri dünya atəşi mənim üçün soyuqdur”.
Allahım! Sən hər şeyə qadir və nazirsən! Sən özün bizi Sənə layiq olmayan işlərdən uzaqlaşdır və Öz qorxunu qəlbimizə inayət et ki, günah işlətməyək. Sənin rəhmət ümidinə inanır və Sənin saleh bəndələrindən olmaq tofiqinə nail olmağı arzu edirik. Bu tofiqi bizdən əsirgəmə!
 
/Deyerler.org/



Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 684 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]