Cümə günü, 2024-03-29, 10:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bütün günahların açarı-yalan (5)
2013-08-14, 5:00 AM
Bütün günahların açarı-yalan (5)

Yalan haqqında əvvəlki bəhslərdə bir sıra məqamlara toxunduq. Bu bəhsimizdə yalanla bağlı daha bir neçə incə mətləbə toxunacağıq. İndi yalanın o surətinə, o növünə toxunulacaq ki, çox zaman diqqət eləmirik bu barədə. Demək olar ki, tamamiylə unudulub, yaddaşımızdan silinib bu.

Zarafatyana yalan
Yalanın unudulan, yaddan çıxan bir növü- zarafatca yalan danışmaqdır. Zahirən, bəlkə şirin, zövqlü görünə bilər. Ola bilər ki, bi məqamda niyyət yalan danışmaq və kimisə aldatmaq olmasın. Amma, hər halda yalan yalandır və zarafatyana olmuş olsa belə, dinimizdə qadağan edilmişdir. Allahın Peyğəmbəri (s) buyurur: "Yalan-istər ciddi olsun, istərsə də zarafatla-doğru deyil...” Başqa bir hədisi-şərifində Allah Rəsulu (s) belə buyurur: "Vay olsun, camaatı güldürmək üçün yalan danışanın halına! Vay olsun, vay olsun ona!” Məlum məsələdir ki, buradakı "vay olsun” təbiri camaatı güldürmək, şənləndirmək üçün və zarafatca da olmuş olsa, yalan danışanın aqibətinin heç də, yaxşı olmayacağına işarədir. Buradan bəlli olur ki, onu çətin və rəzil bir aqibət gözləyir. İmam Əlinin (ə) bu barədə müdrik bir kəlamı var.
Həzrət (ə) bu kəlamda yalanı zarafat və ya ciddi etməkliyi imanı dağıdan bir amil kimi səciyyələndirir. "Yalan, zarafat və onun ciddisini tərk etməyən heç bir bəndə imanın dadını dadmadı.” Göründüyü kimi, ciddi və ya zarafatca yalan danışan bir insan-imanın dadını heç zaman dada bilməz. Başqa bir hədis İmam Səccaddandır (ə). Həzrət (ə) buyurur: "Yalanın kiçiyindən və böyüyündən, ciddi və ya zarafatla deyilənindən çəkinin. Çünki insan xırda yalanlar danışsa, böyük yalanlar söyləməyə də cəsarətlənər.” Bu mübarək hədisdə də, yalanın zarafatca deyilmiş olsa belə, insanın bundan uzaq olması və tərk eləməsi məsləhət görülmüşdür. Odur ki, zarafatca da olmuş olsa, insan yalandan qaçmalıdır.

Kiçik yalan
Bu məqamda yalanın başqa bir növünə diqqət çəkəcəyik; Yalan danışmağın bu növü kiçik yalan barədədir. Əslində zikr etdiyimiz sonuncu hədisdə İmam Səccad (ə) həm də, bu məqama toxunmuşdu. Zarafatca yalan danışmağı məsləhət görmədiyi kimi, kiçik yalan danışmağı da, məsləhət görmədi və camaatı çəkindirdi bu işdən. Səbəb olaraq da, çox məntiqli, çox tutarlı bir arqument gətirdi İmam Səccad (ə) ağa. Həzrət buyurdu ki; Çünki kiçik yalan danışsa insan, böyük yalan söyləməyə də, cəsarət edəcəkdir. Bu, elə günah mövzusunda da, belədir. Günah haqqında danışılarkən, qeyd olunur ki, insan kiçik günahdan da çəkinməlidir. Niyə?
Çünki kiçik günahlar insanı böyük günaha sürükləyər, həm də, kiçik günahlar yığılıb böyük bir günah əmələ gətirər. Necə ki, xırda daş (çınqıl) çox yığılsa bir yerə, böyük bir dağ kimi görsənmiş olar. İmam Səccad (ə) isə başqa bir incə məqama toxunur ki, o da, kiçik günah edənin, kiçik yalan danışanın böyük yalana da, cəsarət tapmasıdır. Həzrət Peyğəmbərdən (s) nəql olunan bir hədisdə Həzrət (s) Ondan (s) kiçik yalanla bağlı soruşulan bir sualın cavabında belə buyurur: "Yalan, elə yalan olaraq yazılır. Hətta, kiçik yalan olsa belə, kiçik yalan kimi yazılır.” Bəli, reallıq, son nəticə və fakt odur ki, kiçik yalan olmuş olsa belə, onu dilə gətirən insan yalan danışdı.

Allahın adından yalan danışanlar
Bir cür yalan danışma xəstəliyi də, Allahın, Rəsulunun (s) adından yalan danışmaqdır. Təəssüf ki, belələrinə çox rast gəlirik. Misal üçün elə İslam Peyğəmbərinin (s) dövründə də, Allahın adından yalan danışan, özünün guya peyğəmbər olmasını iddia edən insan mövcud idi, görürsən ki, bu günümüzdə də belələri zaman-zaman meydana çıxır. Onlar camaatı aldamağa çalışırlar ki, guya Allah tərəfindən göndəriliblər. Amma, Allah tərəfindən göndərilən sonuncu peyğəmbər Həzrət Muhəmməddir (s).
Əlbəttə ki, bu kimi nadan insanlara inananlar da nadanlar olurlar. Quranda Allah belə buyurur: "Heç bir biliyi olmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən Allah zalım tayfanı doğru yola yönəltməz!” Bu mübarək ayə "Ənam” surəsinin 144-cü ayəsidir. Allah-Təala Quranda məscid sökənləri də, "zalım” adlandırır və sual verir ki, "daha zalım kim ola bilər?”- belələrindən başqa. Allah haqqında yalanlar uyduranlar haqqında da, Allah eyni sualı verir! Allah barəsində yalan uyduran zalımların Qiyamətdəki aqibəti və məkanı barədə də, Allah bildirmişdir Peyğəmbərinə (s)! Qurani-Kərimin "Zumər” surəsinin 60-cı ayəsi bu barədədir; "(Ya Peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər, təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?!” Onların Qiyamətdəki simalar qap-qara olar və onlar təkəbbürlüdürlər ki, cəhənnəmdə yerləri hazırdır onların!
"Məndən sonra, tezliklə ruzigarınız elə olacaq ki..”
Bu barədə İmam Əlidən (ə) nəql olunan mübarək bir hədisdə Həzrət (ə) belə buyurur: "Məndən sonra, tezliklə ruzigarınız elə olacaq ki, həmin zəmanədə heç nə haqq qədər gizlin, batil qədər aşkar və Allah, peyğəmbər haqda yalan danışmaq qədər geniş yayılmış bir şey olmayacaq.” Bəli, çox dəqiq deyilib. İmam Əli (ə) çox gözəl bir şəkildə bəyan edib ümmətin sonrakı halını. Haqq qədər gizlin, ört-basdır edilən ikinci bir şey yoxdur, batil qədər, günahkarlıq qədər açıq-aşkar bir şey də, yoxdur. Kimlər peyğəmbərlik iddiası edir, kimlər Allahdan vergi aldığını iddia edir, kimlər yalan hədislər uydurub camaatı aldadır. İmam Əli (ə) başqa bir hədisdə Allah və Rəsulu (s) adından yalan danışmaqlığın çirkinliyini bu cür göstərir.
Həzrət (ə) buyurur: "Allaha and olsun! Səmadan yerə çırpılmağım və ya quşun məni oğurlaması Allahın Peyğəmbəri (s) haqda yalan danışmaqdan mənə daha xoşdur.” Görün, İmam (ə) nə qədər pis və rəzil bir iş bilir bu məsələni. Allah və Rəsulu (s) barəsində yalan danışmaq o qədər çirkin və murdar bir əməldir ki, Allah-Təala orucu batil edən səbəblərin və hərəkətlərin içində qərar verib bunu. Bildiyimiz kimi, orucu batil edən səbəblərdən biri də, Allah, Rəsulu (s) və İmamlar (ə) haqqında (və onların adından) yalan danışmaqdır. İmam Sadiq (ə) buyurur: "Bir yalan oruc tutanın orucunu batil edər.. Burada Allah, Peyğəmbər və imamlar haqda yalan demək nəzərdə tutulur.” 

Yalan danışmağın nəticələri
Şərif hədislərdə yalan danışmaqlığın bir sıra acı və iyrənc nəticələri bildirilmişdir; Məsələn, Allahın Peyğəmbəri (s) buyurur: "Yalan üzüqaralıq gətirər.” Bu, elə zikr etdiyimiz sonuncu ayədir ki, Allah-Təala yalançıların simasının qaralacağını vəd verib. Bir başqa hədisdə yalanın ruziyə maneə olmasını açıqlayır Allah Rəsulu (s). Həzrət (s) buyurur: "Yalan ruzini azaldar.” Bir başqa hədis yalanın dünya xarlığı və Axirət əzabı ilə sonuclanacağını vəd verir. İmam Əli (ə) buyurur: "Yalanın nəticəsi dünyada xarlıq, axirətdə isə əzabdır.” Bu hədisdə iki nöqtə qeyd olunub; Bu dünyanın xarlığı, rüsvayçılığı və Axirətin əzabı. İmam Əli (ə) digər hədislərində belə buyurur: "Çox yalan danışmaq dini puç edər, günahı isə böyüdər.” "Yalan nifaqla nəticələnər.” "Yalan danışan kimsə öz mürvətini puç edər.” "Yalançı kimi tanınana etimad azalar, yalan deməkdən çəkinənin sözlərinə inanılar.” "Yalançı öz yalanları ilə üç şeyi qazanar: özünə qarşı Allahın qəzəbi, camaatın təhqir dolu baxışlarını və mələklərin ona qarşı düşmənçiliyini.” "Yalana aludə olmaq yoxsulluq gətirər.” "Yalan danışma ki, böyüklüyünü itirərsən.” "İnsan yalan danışar və ona görə də gecə namazından məhrum olar.” "Allahın yalançıların əleyhinə etdiyi köməklərdən biri də unutqanlıqdır.” Deməli, yalan o dərəcədə böyük günahdır ki, onun-bu hədislərdən də, şahidi olduğumuz kimi-həm dünyada, həm də, Axirətdə əzabları və bəlaları var.

Sonda
Yalan danışmağın Quran və ayələr fonunda necə bir pis və haram əməl olmasının şahidi olduq. Son olaraq bu iki ayəni zikr edib söhbətə xitam vermək istərdik; "Ğafir” surəsinin 28-ci ayəsində Allah buyurur: "Allah israfçını və yalan danışanı doğru yola yönəltməz.” "Tövbə” surəsinin 27-ci ayəsində isə Allah belə buyurur: "Nəticədə, Allaha verdikləri vədə xilaf çıxmalarının və danışdıqları yalanların cəzası olaraq Ona qovuşacaqları günə qədər ürəklərində nifaqın təsirlərini saxlayacaqdır.” Normal düşüncə sahibləri bunları oxuduqdan sonra, hər iki dünyasını düşünürsə, heç vaxt yalan danışmaz!
Allah-Təala bizləri yalan danışmayan, yalan eşitməyən, həyatı yalanla keçməyən bəndələrindən qərar versin! Allah-Təala bizləri dünya və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salmasın! Amin!

ihq.az


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 693 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]