Cümə axşamı, 2024-04-25, 12:26 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Valideynə hörmətsizlik - insanın həm maddi, həm mənəvi dünyasını viran edər
2013-09-08, 10:28 AM
Valideynə hörmətsizlik - insanın həm maddi, həm mənəvi dünyasını viran edər

Quran ayələrində və hədislərdə oxuyuruq ki, valideynin Allah yanındakı məqamı çox ucadır, xüsusilə də anaların. Heç kim bu insanların dəyərini Allah yanında azalda bilməz.
Din alimlərinin həyatına nəzər salan zaman görmək olur ki, onlar ömürləri boyu valideyn haqqına riayət etmiş və heç bir zaman analarına qarşı hörmətsizlik etməmişdilər. Əgər belə olmasaydı, o cür böyük məqamlara çata bilməzdilər.
Valideynə hörmətsizlik etmək insanın həm maddi və həm də mənəvi dünyasına viranedici təsirlər qoyur. Ancaq bu ziyan o zaman öz pik nöqtəsinə çatır ki, ana övladını nifrin edir. Heç bir insan bu cür nifrinin qarşısını ala bilməz. Çünki bu nifrin məhkəməsinin hakimi Allah olar.
Ananın övladına məhəbbəti o qədər çoxdur ki, hər yerdə və hər bir halda övladının xoşbəxt olması üçün dua edər. Onun qəlbi o qədər pak və zərifdir ki, kin və küdurəti çox nadir hallarda qəlbinə salar.
Ancaq bəzən ananın lətif və zərif qəlbi elə sınır ki, ahı göylərə qədər gedib çıxır. Adətən belə bir halda da anaların əskər hissəsi nifrin etməz. Ananın qəlbi bir dəniz qədər genişdir və hər bir tufanı sakitləşdirə bilir. Ancaq bəzən də gül qədər zərif olduğu üçün sına bilir.
Elə bu zaman sınmış qəlbi fəryad çəkər və yanıqlı dualar etməyə başlayar. Ana nifrinin gətirdiyi pis nəticələr haqqında bəzi əhvalatlar nəql edilir ki, bu da bizim üçün bir ibrət dərsi olmalıdır. İmam Sadiq (ə) buyurur: "Bəni-İsraildə bir abid var idi və adı Cərih idi. Daima ibadət edərdi. Bir gün anası yanına gəlir və namaz qılan oğlunu səsləyir. Ancaq o, anasının cavabını vermir. Anası gedir və bir müddətdən sonra yenə gəlir. Yenə onu səsləyir. Ancaq oğlu yenə də anasına diqqət etmir. İbadətinə davam edir. Anası evinə qayıdır və bir müddətdən sonra yenə gəlir ki, oğlu ilə söhbət edə bilsin. Ancaq bu dəfə yenə Cərih ibadətlə məşğul olur və anasına etina etmir. Anası çox narahat halda onun yanından qayıdır və öz-özünə deyir: "Ey Bəni-İsrailin Məbudu! Onu xar və zəlil et!”. Həmin günün sabahısı əxlaqsız bir qadın gəlir və ibadət etdiyi yerdə əyləşir. Doğum sancısı tutur və iddia edir ki, uşağın atası Cərihdir. Bu məsələ külək kimi Bəni-İsrailin arasında yayılır. İnsanlar onları zinadan çəkindirən bu insanın zina etdiyi düşünür. Hakim əmr verir ki, onu həbs etsinlər. Bu zaman anası Cərihin yanına gedir və o, anasına deyir: "Anacan! Sakit ol! Bu, sənin nifrininin nəticəsidir!”. İnsanlar bu sözü eşidən zaman ona deyirlər: "Biz səninlə nə edək?”. Cərih deyir: "Uşağı gətirin”. Uşağı gətirirlər və Cərih uşağı qucağına alır və ondan soruşur: "Atan kimdir?”. Uşaq Allahın izni ilə dilə gəlir və deyir: "Filan yerin çobanı”. Beləliklə, onun günahsız olduğu ortaya çıxır. Cərih söz verir ki, bir daha anasından ayrı qalmayacaqdır. Həmişə xidmətində olacaqdır”.
 
Əgər insan valideyninə ehtiram etməzsə, ziyankarlardan olar. Ana sevgisi o qədər böyükdür ki, heç kəs başqasını bu qədər sevə bilməz. Hər kim böyük sevgi haqqında danışmaq istəsə, onu ana sevgisi ilə müqayisə edər. İnsan onu bilməlidir ki, həyatda müvəffəqiyyət qazanmasının amillərindən biri də valideyn haqqını yerinə yetirməsidir. Əgər valideynləri insandan razı olarsa, o zaman səadət qalasına doğru irəliləyə bilər. Ona görə də valideynlərimiz əgər sağdırsa, onların zərif qəlbini sındırmayaq və qəlblərində tufanlar yaratmayaq. Çünki ziyan çəkən biz özümüz olarıq.
 
(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 809 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]