Cümə axşamı, 2024-04-25, 4:44 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Duanın qəbulu üçün...
2013-08-03, 4:24 AM

Duanın qəbulu üçün...

Mərhum Ayətullah Müctəba Tehraninin nəzərində duanın qəbul şərti
Duasının qəbul olmasını istəyən şəxs əvvəlcə günahdan paklanmalı, sonra dua etməlidir. İnsan bağışlanmış vəziyyətdə dua etsə duası qəbul dərəcəsinə çatar. Ramazan ilahi ziyafət ayıdır. Həzrət peyğəmbər (s) məşhur bir xütbəsində bu barədə buyurur: "Ey insanlar, Allah ayı öz bərəkət və rəhməti ilə sizə üz tutub. Bu ayda günahlar bağışlanar. Ramazan bütün aylardan dəyərli və fəzilətlidir. Gündüzü gündüzlərdən, gecəsi gecələrdən üstündür.”

Bu ilki ramazan ayı Tehran əhli üçün bir qədər qəmli oldu. İlahi mərifət çeşməsindən süzülən söhbətlərinə adət etdikləri əxlaq və irfan ustadı Ayətullah Müctəba Tehrani ilə ayrılıq, onun dünyasını dəyişməsi özünü göstərdi. Böyük arifin söhbətlərindən:

...Ramazan ayında əməllərin fəzilətlisi ilahi kəlamın tilavətidir. Fəzilətinə görə ikinci bir iş dua, bəndənin Rəbbi qarşısında raz-niyazıdır. Mərifət əhli duanı "Qurani-said”, yəni yüksələn Quran adlandırıblar. Dua "məsur” və "qeyri-məsur” olmaqla iki yerə bölünür. Məsur dua özü də müvəqqəti və qeyri-müvəqqəti ola bilər. Müvəqqəti məsur dua odur ki, məsumlardan nəql olunmuşdur, xüsusi zaman və məkanda oxunmalıdır. Demək, bu dua nəzərdə tutulmuş zaman və məkanda təsirlidir.

Məsur duaları nəzərdən keçirəndə görürük ki, bu dualarda "ilahi”, "əllahummə” kimi cəlalə adlar işlədilib. Bəzi dualarda isə belə adlar yoxdur, yalnız Rəbb kimi sifətlər var. Dua və rübubiyyət barədə ayələr var.

Söhbətimizin mövzusu məsur dualardır. Bu dua olduqca gözəl və geniş bir mövzudur. Əvvəlcə duanın təxiri barədə danışaq. Sonra məzmununa nəzər salarıq. Məsur dualarda, hətta Quran ayələrində müşahidə edirik ki, duada əvvəlcə şəxs özü, sonra başqaları nəzərdə tutulur. Amma bu mütləq şəkildə belə deyil. Bu barədə ayələr çoxdur. İbrahim surəsində buyurulur: "Pərvərdigara qiyamət günü bərpa olanda məni, valideynlərimi və möminləri bağışla.” (İbrahim, 41) Nuh surəsində buyurulur: "Pərvərdigara, bağışla məni, valideynlərimi...” Səhifeyi-Səccadiyədə 24-cü duada imam Zeynəlabidin geniş bir duada əvvəlcə özünə dua edir. Belə görünür ki, birinə dua etmək istəyəndə öncə özünə dua etməlisən.

Nə üçün insan əvvəlcə özünə dua etməlidir? İnsanın öncə özünə dua etməsi mütləq şərt deyil. İnsanın müxtəlif istəkləri olur. Ayələrdə əvvəlcə özünə dua edənin istəyi nədir? Duanın məzmunu nədən ibarətdir? Görürük ki, duanın məzmunu bağışlanmaqdır. Dua edən öncə öz bağışlanmasını istəyir. Yəni əvvəlcə məni, sonra ata-anamı, sonra digər möminləri əfv et. Nə üçün belədir?

Dua haqqında danışarkən dəfələrlə qeyd etmişik ki, duasının qəbul olmasını istəyən şəxs əvvəlcə günahdan paklanmalıdır. Xüsusi ilə qədr gecələrində yada salmışıq ki, əvvəlcə salavat göndərin, sonra istiğfar edin, daha sonra yenə salavat göndərin, sonda istəklərinizi dilə gətirin. Əvvəlcə özünüzü paklayın. Dua edin ki, Allah dualarınızı bağışlasın. Bağışlanmış dillə dua qəbul olar.

Özündən sonra ailən üçün dua et. Dua mövzusunda çox gözəl nöqtələr var. Ayədə ərz olunur ki, Pərvərdigara, əvvəl məni bağışla, yalnız bundan sonra başqalarının adı çəkilir. Nə üçün başqalarının bağışlanmasını istəyirik? Bu nöqtə aydın oldu ki, insanın öncə özünə dua etməsində məqsəd paklanmaq və pak dillə dua etməkdir. Əlbəttə ki, bu mütləq deyil. Çünki bağışlanma məsələsində özünə dua müqəddəmdir. Başqa mövzularda isə belə deyil. Ayələrdə görürük ki, insan özündən sonra ailə-övladına dua edir. Duada ailə-övlad başqalarından öndədir.

Peyğəmbərlər öz ailə-övladlarına dua ediblər. İbrahim surəsində bunun nümunəsi var. Həzrət İbrahim İsmail və İshaq üçün dua edir. Əvvəlcə özü üçün, sonra övladları üçün, daha sonra yaxınları üçün ağız açır. Adları sadaladıqdan sonra duaların qəbulunu istəyir.

Bəqərə surəsində həzrət İbrahimin dilindən dualar var. Duada zürriyyət, sonrakı nəsillər də yada salınır. Şuəra surəsində həzrət Nuhun dilindən duada da bu nöqtə vurğulanır. Əraf surəsində həzrət Musanın dilindən onun yaxınları üçün dua edilir. Bu dualarda şəxs özündən sonra övladları, zürriyyəti, yaxınları üçün dua edir.

Nə üçün duada ailə-övlad başqalarından müqəddəmdir? Burada tərbiyə mövzusunu yada salmaq lazım gəlir. Tərbiyə mövzusu dua ilə əlaqəlidir. İnsan ölüb dünyasını dəyişəndə özü və əməlləri qalır. Öncə özü üçün dua edib bağışlanma istəyir. Bərzəxə gedəndə rabitələr tam qırılmır. İnsan əvvəlcə Bərzəxə, sonra qiyamət səhnəsinə gedir. Bərzəxdə bu dünya ilə müəyyən formada əlaqələr var. Dünya həyatında qalmış ailə-övladla hansısa həddə rabitələr qalır.

Əgər övlad dünyada qalıbsa, sanki insanın varlığından bir parça qalıb. Həqiqi miras var-dövlət yox, övladdır. İnsan öləndə mal-mülklə əlaqəsi tam qırılır. Vəzifə, məqam da belədir. İnsanın var-dövləti, vəzifəsi ölümlə sona çatır. Yalnız bir rabitə qalır, o da övladlarla rabitədir.

Ailə üçün duanın səmərəsindən sənə də pay düşür. Bu sahədə qoyduğumuz irsdən pay alırıq. Əgər övlad salehsə onun saleh əməllərindən bizə də çatır. Onun saleh olub-olmaması mənim verdiyim tərbiyədən asılıdır. Əgər pis tərbiyə etmişəmsə bunun da acısından mənə pay düşür. Ayələrdə buna görə ailə-övlad başqalarından öndə yada salınır. Övladla miras arasındakı rabitə aydın oldu. Ata-ana da belədir. Onlar mənim bu dünyaya gəlişimin səbəbidirlər.

Adətən duada Əhli-Beytin (ə) sözlərini işlədirik. Çünki onların rabitələri daha möhkəmdir, bu səbəbdən duaları daha təsirlidir. Onlara edilən duanın səmərəsi insanın özünə də çatır. Bu düzdür ki, insan başqalarına dua etsə, həmin duanın savabından qat-qat artıq özü bəhrələnər. Bu başqalarına dua haqqındadır. Bu söhbətimizin mövzusu isə kimə əvvəl, kimə sonra dua etməkdir. Bu mövzunu aydınlaşdırmaq üçün Quran ayələrinə nəzər saldıq.

Peyğəmbər (s) Əhli-Beytə (ə) dua edirdi. Ümmü-Sələmə nəql edir ki, Peyğəmbər (s) mənim yanımda olduğu vaxt Əli və Fatiməyə, Həsən və Hüseynə salam söyləyərdi. Bir dəfə isə əbasını onların üzərinə çəkib dua etdi ki, Pərvərdigara, hər bir çirkinliyi onlardan uzaq et.

İbn Abbas Əsma binti Üməysdən belə nəql edir: Peyğəmbərin (s) Əli və Fatiməyə xüsusi dua etdiyini gördüm. Həzrət (s) duasında bu iki şəxsə kimsəni əlavə etmirdi.

Demək, əvvəlcə özünə, sonra övladlarına, daha sonra ailənə, ata-anana və yaxınlarına dua edirsən. Başqalarına dua etməyin də savabı öz yerində. Peyğəmbər (s) və ondan əvvəlki elçilər növbəti mərhələdə ümmət üçün dua edərdilər. Bunlar məsur duadır. Fərqli xüsusiyyəti dua və dəvətdir. Deyə bilmərik ki, bunlarda da sıralama var. Dua və dəvətdə həmin xüsusiyyətlər nəzərə çarpır. Peyğəmbər (s) həm dəvət edərdi, həm də dua. Bütün övliyalar bu yolu gedib. İmam Hüseynin (ə) isə xüsusi yeri var. İmam Hüseyn (ə) keçdiyi yol boyu həm dua, həm də dəvət edirdi. Qarşısına çıxan adamın məzhəbinə baxmadan ona əl uzadırdı. Züheyr həzrət Əli (ə) yox, Osmanın tərəfdarı idi. O nəql edir ki, Həccdən qayıdırdım, çalışırdım ki, yolda imam Hüseynlə (ə) rastlaşmayım. Harada xeyməsini görürdümsə, oradan yan keçirdim. Amma nəhayət onunla üzbəüz gəlməyə məcbur oldum.

Züheyr ərəblər arasında tanınmış şəxs idi. Ravi nəql edir ki, bir şəxs Züheyrin xeyməsinə daxil olub "Hüseyn (ə) səni dəvət edir” dedi. Yəni imam təkcə dua yox, həm də dəvət edirdi. Ravi deyir ki, bu sözdən sonra xeymədə sükut yarandı. Hamı başını aşağı salmışdı. Nəhayət Züheyrin zövcəsi dilləndi: "Subhanəllah, Peyğəmbərin (s) oğlu səni dəvət edir, sənsə oturmusan? Qalx ayağa, get görüşünə, sözlərini dinlə.”

Züheyr imam Hüseynin (ə) xeyməsinə yola düşdü. Aralarındakı söhbət dəqiq qeydə alınmayıb. Amma nəql edirlər ki, Züheyr imamın xeyməsindən çıxanda çöhrəsi dəyişmişdi, üzündə bir müjdə görünürdü. Sanki siması nurlanmışdı. Züheyr öz xeyməsinə çatıb ətrafdakılara müraciətlə dedi: "Hamınız gedin, sizinlə işim yoxdur!” Bu sözlərin səbəbini soruşdular. Züheyr dedi: "Qərara gəldim ki, Hüseynlə (ə) qalım. Ondan ayrılmayacağam.” Görün dəvət və dua insanı necə dəyişir! Züheyr hətta zövcəsinə getmək əmri verdi. Amma zövcəsi bundan imtina etdi və dedi: "Mən sənin xoşbəxtliyinə səbəbkar oldum. İstəyirsən qiyamət günü Peyğəmbərin (s) hüzurunda üzün ağ olsun, biz isə xanım Fatimənin hüzurunda xəcalətli qalaq?!”

Ya Əba Əbdillah! Bizə də bir nəzər sal! Dünya və axirət çətinliklərimiz çoxdur. Züheyrə baxdığın kimi bizə də baxarsan? Ya Hüseyn! Ramazan ayıdır, rəhmət ayıdır. Bu cəmiyyətə bir nəzər sal!

Aşura günü idi. Savaş başa çatmışdı. Züheyrin zövcəsi meydana gəlib xidmətçiyə bir kəfən verib dedi: Get ağanı kəfənlə. Amma xidmətçi bu işi görmədi. Züheyrin zövcəsi səbəbini soruşdu. Xidmətçi dedi: Peyğəmbərin (s) oğlu kəfənsiz ikən öz ağamı necə kəfənləyim?

Dua ilə bağlı göstərişlərdən biri budur ki, duasının qəbul olmasını istəyən insan özünü günahdan təmizləməlidir. Əvvəl salavat göndərin, sonra istiğfar edin, daha sonra yenidən iki salavat çəkin, sonda istəyinizi dilə gətirin. Bundan sonra bağışlanmış dillə duanız qəbul olar.

HaqqYolu/ hawzah
Category: Seyr-süluk | Added by: Ənfal
Views: 1004 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 seyidzadeazer13   (2016-02-24 3:50 PM) [Daxil et]
PARVARDIQARA BUTUN GUNAHKARLARI TOVBA EDANLARI BAQIWLA. BIZDA ONLARIN ICINDA

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]