Şənbə günü, 2024-04-20, 7:10 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Sui zənn və bədbinlik (2)
2012-10-18, 7:26 AM
Sui zənn və bədbinlik (2)

Bədbinliyin fərdi zərərləri
Bədbinlik ictimai bir problem kimi, fərdi baxımdan da zərərsiz deyil və biz də burada ona aid neçə misalı nümunə gətiririk:
1. Bədbinlik ruhi nasazlıq, cismi narahatlıq, iztirab və həyəcan gətirir. Bədbin kəslər çox vaxt rahatlıq hiss etmir, başqalarını və hadisələri normal qarşılaya bilmir, ruhi aramlığa səbəb olan vasitə və şəxslərdən qaçır, narahatlıqların və ağrı-acıların azalmasında faydalı olan "dərdləşmə” amilindən qorxurlar. Elə fikirləşirlər ki, sirləri açılacaq, yaxud başqa problemlərlə üzləşəcəklər. Bu səbəbdən də çox vaxt qəm-qüssəli olub, ruhdan düşür və nəhayət, faydasız bir üzvə çevrilirlər.
Bu hal insanda gücləndikdə, hər kəs və hər şeydən qorxu duyacaq, hadisələrin öz zərərinə olduğunu güman edəcək, insanların adi münasibətləri onu şübhələndirəcək, hamının onun əleyhinə çalışdığını təsəvvür edəcəkdir. Aydındır ki, bu vəziyyət ruhi-psixi xəstəlik sayılır və əxlaq elmindən kənardır.
Adətən, bütün rəftarlar adi haldan çıxmadığı vaxta qədər əxlaq elminə aid olur və onları yalnız tərbiyəçilər və əxlaq ustadları müalicə etməlidirlər. Amma sıradan çıxdıqları zaman isə bir xəstəlik kimi əxlaq elminin predmeti sayılmırlar. İfrat dərəcədə paxıllıq, təkəbbür, qürur, ədavət, kin-küdurət və s. xəstəliklərin qisminə daxil olur. Məsələn, "Münafiqun” surəsində bədbinlik və bədgümanlıq münafiqlərə xas bir sifət kimi irəli sürülür: "Onlar (bədgümanlıqdan) hər bir qışqırığın, səs-küyün öz əleyhlərinə olduğunu güman edirlər.” ("Münafiqun” surəsi, ayə: 4.) 
Həqiqətdə, bu, onlar üçün dünyəvi əzab sayılır! Əlbəttə, belə pisxislətli şəxslərin bədbinliyi təbiidir. Çünki ("müqayisə” qanununa görə) özlərini başqaları ilə müqayisə edərək kimlərinsə onların vəziyyətindən xəbərdar olduqları və onlardan qisas ala biləcəyini ehtimal verdikləri üçün həmişə qorxu içində yaşayırlar. Atalar necə də gözəl demişlər: "Xain adam qorxaq olar!”
2. Məxluqata bədbin olma bəzən insanı Xaliqə bədbin edir, onun dini əqidəsinə təsir göstərir, bəzən o, Allahın ədalətində, bəzən də qüdrətində şəkk edir! Hətta peyğəmbərlərin dəvətinə də şəklə baxıb, bunu xalqa hökmranlıq, avam kütlənin diqqətini cəlb etmək kimi təsəvvür edə bilər. Bu hissin zahirən dinin əsaslarına etiqadlı insanlarda da baş qaldırması qeyri-mümkün deyildir. Fitnəkar ünsürlərin və ya münafiqlərin peyğəmbərlərin dəvətini rədd etmələri, çox güman ki, elə buradan qaynaqlanır.
3. Bədbin insanlar, adətən, ürəkdə başqalarının qeybətilə məşğul olduqlarından səfa-səmimiyyətdən uzaqdırlar. Buna bəzi əxlaq alimləri "qəlbi qeybət” adlandırırlar.
Bədbinliklə mübarizə yolları
Əvvəlcə bu məsələ ilə bağlı bir iradı aradan qaldırmaq istəyirik. O da budur ki, "bədbinlik” hissi insanın ixtiyarından xaric olduğundan ondan çəkinmək mümkün deyildir. Məsələn, insan bir mənzərəni müşahidə etdikdə, yaxud bir söz eşitdikdə, yaxud bir məsələ və şəxs haqqında fikirləşdikdə, ixtiyarsız olaraq bədbinlik onun fikrinə yol tapır. Belə isə necə ola bilər ki, onu qadağan və haram bilək? Hətta buna aid bir hədisi də misal çəkirlər: "Heç kim üç xislətdən canını qurtara bilməz: pis yozum, paxıllıq və bədbinlik.” ("Biharül-ənvar”, 58-ci cild, səh.320.)
Bu şübhəni aradan qaldırmaq üçün müxtəlif izah və cavablar verilib:
1. Bəziləri bədgümanlığın şüurda zatən qadağan olmadığını deyir və bunu sübut etmək üçün Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan məşhur bir hədisə istinad edir: "Üç xislət möminə yaraşmır və onlardan qurtulmağın yolu vardır: bədgümanlıqdan qurtulmağın yolu odur ki, onu gerçəkləşdirməsin...” ("Biharül-ənvar”, 75-ci cild, səh.201.)
2. Bəzilərinin nəzərinə əsasən, bədgümanlığın xarici və qəlbi təsiri qadağan edilib. Yəni insan birinə bədbin olduğu zaman nə ona qəlbində nifrət bəsləməli, nə də onunla zahirdə rətar və davranışını dəyişməlidir. Demək, bədbinliyin gerçəkləşməməsi dedikdə, onun geniş (zehni və xarici) mənası nəzərdə tutulur.
Şübhəsiz, hər iki məna bədbinlikdən çəkindirən ayə və hədislərlə ziddir. Çünki ayə və hədislərdə bədbinlik zatən – istər xaricdə təsir göstərsin, istərsə də göstərməsin – qadağan edilir. Əlbəttə, (əqidə və imanın zehni məlumatdan fərqini nəzərə almaqla) qəlbi əqidələr insanda ixtiyari olduğu halda, nifrət və ikrah hissi isə belə deyildir.
3. Həqiqət odur ki, bədbinlik əvvəlcə qeyri-ixtiyari olsa da, onun davamı ixtiyari yön alır. Adətən, bu duyğu bir sıra gümanlardan baş qaldırır ki, nəhayət, tələsik şəxsi yürütmələrlə nəticələnir. Buna görə də insan hər hansı məsələyə qarşı obyektiv yanaşmalı, müxtəlif doğru ehtimallarla yaranan şübhəni tez bir zamanda aradan qaldırmalıdır. Rəvayətlərdə də bu məsələ xüsusi olaraq vurğulanır. Əmirəl-Möminin Əli (ə) buyurur: "Qardaşından eşitdiyin (məs: hər hansı şübhəli) sözdən düzgün bir nəticə çıxarana qədər pis fikrə düşmə.” ("Kafi”, 2-ci cild, səh.362.)
Demək, insanın ixtiyarından kənar məsələlər qəlbə nagəhan daxil ola bilir və lakin sabit və davamlı bədbinlik isə ixtiyar üzündəndir. Bu məna ayə və rəvayətlərlə də zahirən tam uyğun gəlir. Amma onların zahirinə zidd çıxmağın heç bir dəlili yoxdur. İmam Sadiqin (ə) Muhəmməd ibn Fəzilə "Kəzzib səməkə və bəsərəkə ən əxikə!” (Müsəlman qardaşına qarşı gözünü və qulağını təkzib et!) – buyruğu da bu məsələni, yəni doğru ehtimallara əsaslanmağı və zehnə gələn ilkin düşüncələri aradan qaldırmağı bir daha təsdiq edir.
Bədbinliyin müalicəsi
Bədbinlik haram edilərkən onun dərman və müalicəsi yolları da müəyyənləşdirilib. Bildiyimiz kimi, ruhi-psixi, cismi və əxlaqi xəstəliklərin müalicəsini onların yaranma səbəblərində axtarmaq lazımdır. Bədbinliyin amilləri ilə bağlı bəhsləri nəzərə alaraq belə nəticəyə gəlirik:
1. Bədbinliyi aradan qaldırmaq üçün əvvəl özümüzü islah etməliyik. Özünü islah zamanı insanda başqalarına qarşı pis fikirlər elə də rahat baş qaldıra bilmir. Bir də ki, heç vaxt başqalarını özümüz kimi fərz etməməliyik. Çox vaxt ola bilər ki, ətrafımızda olanlar bizdən üstün olsunlar. Bəşərdə olan zati müqayisə hissinin (özünü bəyənmə) əsla elmi və məntiqdə rolu olmadığından belə hallarda onun əsasında hökm kəsə bilmərik.
2. Bədbinliyə səbəb olan mühiti və ətrafımızı təmizləməli, şər və pis adamlarla yoldaşlığı tərk etməliyik. Belə rabitələrin zərərlərindən əlavə, insanlara qarşı fikirləri qaranlıqlaşdırmaqda, onları tamamilə səhv tanımaqda rolu az deyildir. Bu səhv təsəvvürlər əxlaqi-mənəvi zərbələrilə bərabər bizi (bədbinlik üzündən) böyük şəxslərin fikir və əxlaqi dəyərlərindən də məhrum edir. Bu baxımdan uşaqlıqdan qalan əyri mühitin təsirlərini sağlam mühitlə əvəz etmək, kor-təbii yaranan təlqinləri aradan qaldırmaq üçün əməlisaleh insanların tərcümeyi-halı ilə maraqlanmalı, yaxşı adamlarla oturub-durmaqla fikirlərimizdən təmizləməliyik. Burada xüsusilə böyük və misilsiz tarixi şəxsiyyətlərin tərcümeyi-halını mütaliə etməyimiz daha məqsədə uyğundur.
3. Bədbinliyin fərdi-ictimai zərərlərini, özümüzə və cəmiyyətə dəyən böyük zərbələrini daim nəzərə almalı, keçən bəhslərlə bağlı ətraflı düşünməliyik. Bilməliyik ki, bədbinliyin aldadıcı "intiqam”, yaxud "xudbinlik” halları bizim hisslərimizi müvəqqəti aram və rahat edirsə, onun əvəzedilməz zərərləri ilə müqayisə edilməzdir.
4. Əgər bədbinliyimizin səbəbləri başqalarının kin-küdurəti, xudbinliyi, pis əməllərini yozmaq kimi əxlaqi pozuntularıdırsa, o zaman psixoloji təhlillərlə bu amilləri cilovlamalı, onları zehnin yatmış mərhələsindən agah və oyaq mərhələsinə yönəltməliyik. Bu proses əxlaqi pozuntuların müalicəsində yüksək əhəmiyyət daşıyır. İnsanın rəftar və fikirlərində ciddi təsir buraxa bilən zehnin yatmış mərhələsində baş verən təbii hisslər psixoloji təhlillərlə agah mərhələyə yönəldikdə, insanın əhval-ruhiyyəsində müsbət təsir qoya bilir. Elə ona görə bu məsələyə müasir psixologiyada yüksək əhəmiyyət verilir.
Diqqət:
Nəhayət, deməliyik ki, bədbinlik yalnız bir halda-insanların çoxunun azğın və yaşadıqları mühitin pozğun olduğu təqdirdə məntiqli yönə malik ola bilər. Belə mühitdə şübhəli kəslərə ehtimallar üzrə xoşbin olmaq çətindir. Çünki məlum olmayan hər kəsin əyri yolda və günahkar olması ehtimalı çoxdur. Lakin diqqət etmək lazımdır ki, insan həmin mühitdə də tam ehtiyatlı olaraq həqiqi mənada bədbinlik yaradan baxışlardan qorunmalıdır. Yəni lazımınca ehtiyatı gözlədiyi halda, zahirən ilk baxışda bədbinlik və etimadsızlıq doğuran qarşı tərəfin rəftarlarına tez reaksiya verməməlidir. Bəs, nəzərdən qaçırmamalıyıq ki, həmin cəmiyyətdə əməlisaleh şəxslər də ola bilər. Demək, bu ümumi qayda pozğun mühitin cəmiyyətin əksəriyyətini əhatə etdiyi təqdirdədir. Bundan digər hallarda isə kamil "hüsn-zənn”ə (xoşbinliyə) əməl olunmalıdır. Əmirəl-Möminin Əlidən (ə) nəql olunan bir hədisdə belə buyurulur: "Fitnə-fəsad müəyyən bir əsrə hakim kəsildikdə, insanların bir-birlərinə "hüsn-zənn”i, şübhəsiz, aldanışdır.” ("Biharül-ənvar”, 75-ci cild, səh.197, hədis: 18.)

ihq.az
Category: Əqidə | Added by: Ənfal
Views: 728 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]