«NƏHCÜL-BƏLAĞƏ» - XÜTBƏLƏR BÖLÜMÜ - «NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ - İslamda nələr var? - gunahkar-bende
Cümə günü, 2016-12-09, 1:05 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » «NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ » XÜTBƏLƏR BÖLÜMÜ

«NƏHCÜL-BƏLAĞƏ»
2014-01-28, 9:20 PM

65-MÜŞRİKLƏRİN TƏRSLİYİ

Be`sətin başlanğıcında Qüreyş başçılarından və şirk qabaqcıllarından bir dəstə adam Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin hüzuruna gəlib dedilər:

«Ey Muhəmməd! Sən elə bir iddia etmisən ki, atalarından və ailəndən heç biri belə bir iddianı (Peyğəmbərlik iddiasını) etməmişdir.».

Biz səndən bir möcüzə görmək istəyirik. Əgər yerinə yetirsən sənin haqq Peyğəmbər olub öz iddianda sadiqliyinə inanacaq, əks halda isə cadugər və yalançı olduğunu biləcəyik – dedilər: (Köhnə və yoğun bir ağaca işarə edib) dedilər: «Bu ağacı səslə, qoy öz kökündən çıxıb irəli gələrək müqabilində dursun.»

Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: Allah hər şeyə qadirdir. Əgər Allah sizin bu istəyinizi yerinə yetirsə ona iman gətirəcəksiniz? Dedilər: Bəli.

Buyurdu: Tezliklə sizin istədiyinizi sizə göstərərəm, amma mən bilirəm ki, siz səadətə doğru qayıtmayacaqsınız. Sizin aranızda elə bir adam vardır ki, Bədr quyusunun (Bədr müharibəsindən sonra) içərisinə atılacaqdır. Eləcə də biri də vardır ki, hizblər müharibəsini ortaya salacaqdır. Bunu dedikdən sonra Həzrət həmin ağacı səslədi. «Ey ağac! Əgər Allah və cəza gününə imanın varsa, əgər məni Allahın Peyğəmbəri bilirsənsə, Allahın izni ilə kökünlə birgə yerdən çıx və qarşımda dur.»

İmam Əli (əleyhissalam) buyurur: «And olsun o Allaha ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmi haqla mə`bus edib, ağac kökü ilə birgə yerdən çıxıb qabağa gələrək şiddətlə səslənir, uçan quşlar kimi budaqlarını yellədirdi. O öz budaqlarından bə`zisini Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin üstünə saldıqda mən də Həzrətin sağ tərəfində durmuşdum.»

Qüreyş başçıları bu vəziyyəti müşahidə etdikdə təkəbbür və qürur üzündən dedilər:

«Ağaca əmr et ki, yarısı qabağa gəlib başqa yarısı isə öz yerində dursun.» Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm həmin əmri verdikdə ağacın yarısı qəribə vəziyyətdə uca səslə elə yaxınlaşdı ki, az qaldı Həzrətə yapışsın.

Şirk başçıları yenə də təkəbbür və qürur üzündən dedilər:

Əmr et ki, ağacın bu yarısı qovuşsun! Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm həmin əmri verdikdə ağac yenə də əvvəlki vəziyyətinə qayıtdı. Əli (əleyhissalam) buyurdu: «La ilahə illəllah. Ey Peyğəmbər! Mən ilk nəfərəm sənin Peyğəmbərliyinə iman gətirirəm. İlk nəfərəm ki, bu ağacın Allah fərmanı ilə sənin nübüvvət və də`vətini böyük tutmaq üçün istədiyini yerinə yetirməsini e`tiraf edirəm.» Amma şirk və Qüreyş başçıları dedilər:

«Muhəmməd sehrbaz və yalançıdır. Onun qəribə sehri vardır ki, öz sehrində böyük məharət sahibidir.» Və dedilər: Görəsən Muhəmməd səlləllahu əleyhi və alihi və səlləmin Peyğəmbər olmasını mənim kimilərdən başqa (mənə işarə) kim təsdiq edir?! Amma mən isə məzəmmət edənlərin məzəmmətindən qorxan deyiləm. Belə adamların siması sadiqlərin simasıdır. Onların dedikləri yaxşıların dedikləridir. Gecəni səhər edənlər günün işıq bağışlayanlarıdırlar. Qur`anın xəttini eləcə də Peyğəmbərin sünnətini əbədi yaşadanlar onun yolu ilə gedənlərdən olurlar. Onlar təkəbbür, qürur, fəsad və xəyanətdən uzaq olurlar, qəlbləri behiştdə, qədəmləri isə İlahi vəzifə və məs`uliyyəti yerinə yetirməkdədir. Bu idi tarixin dilavər, mərd qissəsi. Söz və bəyan əmiri, iman və səlabət sahibi Əli (əleyhissalam)-ın çöhrəsi gül kimi təravətli, polad təki möhkəm və əyilməz şəmşir, şəffaf bulaq kimi qələbəyə malik idi.

66-QƏLBİ PAK CAVAN

Əli (əleyhissalam)-ın dostlarından birinin adı Həmmam idi ki, Əli (əleyhissalam)-ın təmiz qəlbli şiələrindən hesab olunurdu. Bir gün Həmmam İmam Əli (əleyhissalam)-ın yanına gəlib Həzrətə ərz etdi: «Mənim üçün pərhizkarların sifətini bəyan et, elə vəsf et ki, onların parlaq simalarını öz gözlərimlə gördüyümü zənnə edim.»

İmam onun cavabında sükut etdi. Bir neçə dəiqədən sonra Həzrət onun sualına qısa cavab verib buyurdu:

Ey Həmmam pərhizkar ol yaxşı işlər gör ki, Allah buyurur:

إِنَّ اللّهَ مَعَ الَّذِينَ اتَّقَواْ وَّالَّذِينَ هُم مُّحْسِنُونَ

«Həqiqətən Allah təqvalı və yaxşı əməl sahibləri ilədir.» («Nəhl» surəsi, 128)

Həmmam təkcə bu cavabla kifayətlənmədi Həzrətin bu barədə çox söz danışmasını israr etdi.

Elə buna görə də İmam onun üçün (onun simasında bütün şiələri üçün) pərhizkarların, habelə onların yüksək sifətləri barəsində geniş şəkildə danışmağı qərara alıb buyurdu:

Onların birinci xüsusiyyəti budur ki, dedikləri düz və səhihdir...

Beləliklə, Həzrət bu xüsusiyyətlərdən otuza yaxın qeyd etdikdən sonra onların son cəhətlərini belə bəyan etdi: «Onların adamlara yanaşması yalan və hiylə üzündən olmayacaqdır.»

Söz bura yetişdikdə Həmmam nalə çəkib dünyadan getdi.

İmam buyurdu: «Ah, mənim qorxum elə bundan idi.» (yə`ni İmam əvvəldən bilirdi ki, Həmmam dözməyəcək, qorxurdu ki, ölə bilər, ona görə də Həzrət ilk növbədə danışmaq istəməmişdi).

«Yetgin nəsihətlər bu cür qəlbi nəsihət qəbul edənlərə tə`sir edir.»

Bir şəxs dedi: «Ya Əli! Bəs niyə belə deyilsiniz, Həmmam kimi tə`sir altına düşəsiniz?»

İmam cavabında buyurdu «Vay olsun sənə, hər əcəlin müəyyən vaxtı var, sakit ol bir də söz danışma. Bu sözü şeytan sənin dilinə gətiribdir.» Daha aydın ibarətlə:

Allahın buyurduğu belə imiş ki, Həmmam bu səbəblə dünyadan getməlidir və o belə bir ölümə layiq idi. Ancaq mənim barəmdə isə mümkündür mənim ölümümün şəhadət ləyaqəti olsun ki, bundan daha yüksəkdir.

67-ƏLİ (ƏLEYHİSSALAM)-IN PEYĞƏMBƏR SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏMƏ OLAN BAĞLILIĞI

Xain insanların qurduğu müxtəlif hiylələr nəticəsində İraq ordusunun qəlbi Əli (əleyhissalam)-a qarşı nifrətlə dolmuşdu. Öz asayişlərini tə`min etmək xatirinə Əli (əleyhissalam)-ın xəttində hərəkət etməyə nail olmayan həmin adamlar gərəksiz sülh və müqavilə bağlamağı müharibədən üstün sayırdılar. Bu vaxt Əli (əleyhissalam)-ın zalımlarla müharibə etməkdən ötrü camaata öz fəzilətlərindən bəyan etməsi, habelə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmla olan qırılmaz əlaqəsini xatırlamağı lazım idi. Belə ki, düşmənlərin zəhərli təbliğatları tə`sirsizləşərək məhv olsun və haqq arayıb Allahdan qorxan adamlar onun ətrafına toplaşaraq fasidlərin məhvində və hər cür fəsadın yox edilməsində Həzrətə kömək etsinlər. Həzrət, Peyğəmbər yolunda candan keçməyə hazır olduğunu və onunla olan bağlılığı barədə belə buyurdu: «İxlaslı əshab və nübüvvətin sirrini saxlayanlar yaxşı bilirlər ki, mən hətta bir dəqiqə olmuş olsa belə Allah və peyğəmərə qarşı çıxmamış, əksinə, həmişə canımdan keçməyə hazır olmaqla müharibə səhnələrində o Həzrətin hüzurunda hazır olmuşam. Mən olduğum cəbhələrdə qorxudan qəhrəmanların qıçları əsib, titrəyir qaçmağı qalmaqdan üstün və vacib sanırdılar. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin yolunda olan hazırlığımla o Həzrətə demək olar ki, sözün əsl mə`nasında qardaşlıq etdim. Allah isə məni bu müvəffəqiyyətimə görə əziz sandı. Peyğəmbərin başı sinəm üstündə olduğu zaman ruhu bədənindən uçub qəlbi həmişəlik dayandı. Bu zaman əlimi üzünə çəkdim. Həzrətin bədəninə qüsl verdiyim zaman bu işdə mələklər də mənə kömək edirdilər. Onun vəfatı ilə əlaqədar hətta evinin qapısı və divarları belə nalə və fəryada gəlmişdilər. Mələklər dəstə-dəstə yerə enib göyə qalxmaqda idilər, və mənim qulaqlarım onların Həzrətə qıldıqları namazın ahəstə səsindən dolmuşdu, o vaxta qədər ki, onu torpağa tapşırdım. İndi deyin görüm, kim Peyğəmbərə həm diriliyində həm də rehlətindən sonra daha yaxın və layiqli idi. (Buna görə də mən onun xəttində hərəkət edir, o Həzrətin yolunu davam etdirirəm). Uzaq görənlik və ağlınızla cihada sarı hərəkət edin. Öz niyyətinizi əməl və cihad yolunda mübarizə etməklə doğruldun!

«And olsun tək Allaha, mən haqq yolundayam, lakin onlar (müxaliflər) yollarını azaraq batil uçuruma yuvarlanacaqlar. Özümə və sizə Allahdan bağışlanmağımızı arzu edirəm.»

68-SİYASƏTÇİ KİMDİR?

Müaviyə zor və hiylə gücünə qabağa irəliləyirdi. Hətta Siffeyn müharibəsində hiylə ilə Qur`an varaqlarını nizə başına keçirməklə Əli (əleyhissalam)-ın ordusuna təfriqə saldı.

Elə buna görə də bir qrup avam deyirdi:

«Müaviyə Əli (əleyhissalam)-dan daha siyasətçidir.» Tarixdə də bu sual dəfələrlə təkrar olunmuşdu.

Müaviyə siyasət qumarında niyə uddu?!

İmam Əli (əleyhissalam) bu suala cavab verərək öz danışıqlarının birində belə buyurmuşdu:

«And olsun Allaha, Müaviyə məndən zirək və siyasətli olmayıb. O, yalnız hiylə və fırıldaqlara əl ataraq günaha mürtəkib olub. Əgər hiylə bəyənilmiş olsaydı mən bütün camaatdan daha siyasətli sayılardım. Ancaq hər hiylə bir günahdır ki, hər günah da küfrün bir növüdür. Qiyamət günündə hiyləgər və fırıldaqçılar öz xüsusi bayraqları ilə gələcəklər, onlar məhz o bayrağın vasitəsilə tanınacaqlar.»

Belə bir sualın ortaya çıxması mümkündür: «Əgər Əli (əleyhissalam) ayağını İslamdan götürməyib işlərdə hiylə gəlməklə nəzər etməsəydi hiyləgərin hiyləsində aldanmazdı və hiyləgərin hiyləsini hiyləgərin özünə qaytarmalıydı.» Bəs bu necə olan işdir?

İmam Əli (əleyhissalam) bu sualın cavabında buyurdu:

«And olsun Allaha ki, mən fırıldaq və hiyləyə aldanmaram.»

Əgər İraq ordusu süstlük və səhlənkarlıq göstərməyib İmamın dönə-dönə buyurduğu əmrlərinə qulaq assaydı Müaviyənin bütün hiylələri suya dönüb əriyərdi. Halbuki, heç vaxt hiyləyə aldanıb qəflət etmədi. O öz vəzifəsini necə lazımdırsa yerinə yetirdi.

69-ƏLİ (ƏLEYHİSSALAM) ZƏHRA (ƏLEYHA SALAM)-IN QƏBRİ YANINDA

İmam Əli (əleyhissalam) günorta namazını məsciddə qıldıqdan sonra evə tərəf gəldiyi vaxt gözlənilmədən Fizzə və Əsma bint Uməys ilə qarşılaşdı. Onlar çox qəmgin halda ağlayırdılar Həzrət sual edib soruşdu:

«Nə olub, niyə ağlayırsınız?» Ərz etdilər: «Ya Əmirəl-mö`minin! Əmin qızı Həzrəti Zəhranı (əleyhissalam) axtar onu diri görəcəyinə gümanımız yoxdur.»

Həzrət Əli (əleyhissalam) tələsik evə gəldi, otağa girdikdə Həzrəti Zəhranın (əleyhissalam) yatağı üstündə düşüb sağa-sola burularaq çabalamasını gördü. Xanım Zəhra (əleyhissalam)-nın başını diz üstünə alıb belə səslədi: «Ya Zəhra!» Cavab gəlmədi. Yenə də səslədi: Ey Rəsulullahın səlləllahu əleyhi və alihi və səlləmin qızı! Zəhradan yenə bir cavab eşitmədi. Yenə səslədi: Ey Əbasının altından yoxsullara zəkat paylayanın qızı. Ondan bir səs eşitmədi. Həzrət belə səslədi: Ey o kəsin qızı ki, göydə mələklər dəstə-dəstə onunla namaz qılırdılar. Yenə xanımdan bir cavab eşitmədikdə Həzrət belə çağırdı.

Ya Fatimə! Mənəm, əmin oğlu Əliyyibni Əbi Talibəm aç gözünü mənimlə danış!

Həzrəti Zəhra (əleyhissalam) gözlərini açıb Əli (əleyhissalam)-ı başı üstündə gördükdə Həzrətin üzünə baxıb ağlamağa başladı. Əli (əleyhissalam)-da ağladı.

İmam Əli (əleyhissalam) buyurdu: Ya Zəhra! Səni niyə belə görürəm, nə olubdur sənə? Mən ki, sənin əmin oğlu Əliyəm. Cavab ver, ya Zəhra. Zəhra (əleyhissalam) buyurdu: Əmi oğlu mən özüm də hiss edirəm, bilirəm ki, məndən sonra evlənəcəksən. O, vaxt öz gecə-gündüzünü iki hissəyə bölərsən. Bir gün və bir gecəni gələcək həyat yoldaşına və bir gün bir gecəni isə övladlarıma ayırarsan. Övladlarımın qabağında Həsən və Hüseynin (əleyhissalam) üstünə qışqırma. Onlar iki qəlbi sınıq yetim və qəribdirlər. Öz babalarını əldən vermələri bir neçə gündən artıq deyildir ki, bu gün də analarını əldən verirlər. Onlarla düşmənçilik edib onları öldürən ümmətə vay olsun.

Sonra Zəhra (əleyhissalam) bir-bir öz vəsiyyətlərini söyləməyə başladı. Xanım Zəhra can yandırıcı bir vəziyyətdə dünyadan köçdü, Əli (əleyhissalam) Zəhra (əleyhissalam)-ın öz vəsiyyətinə əsasən gecə ikən qüsl verib, kəfənlədi. Xanıma meyyidə namazı qılaraq onu torpağa tapşırdı. Qəbri torpaqla örtdüyü zaman Həzrəti qəm bürüdü göz yaşının damcıları sel kimi üzünə axırdı. Bu halda üzünü Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin qəbrinə tərəf tutub belə buyurdu:

«Salam olsun sənə, ey Allahın elçisi! Öz tərəfimdən və elə indicə mehmanın olan qızın tərəfindən salam olsun sənə.»

Ey Allahın Peyğəmbəri! Səbrim sənin sevimli qızının fərağından azalıb, taqətim isə əldən gedibdir. Lakin sənin o böyük faciəli vəfatını gördükdən sonra mənə yetişən hər bir müsibət kiçikdir. Öz əlimlə cəsədini qəbrə qoyduğumu və rehlət edərkən başını sinəm üstünə aldığımı heç vaxt unuda bilmərəm.

Ey Peyğəmbər, mənə tapşırdığın əmanəti sənə qaytardım. Mənim qəmim isə əbədidir. Bundan belə gələcək gecələrimi ayıqlıqla başa vuraram ki, birgə sənə qovuşum. Tezliklə qızın səni agah edəcəkdir. Sənin ümmətinin zülm etmək üçün necə birləşdiklərini qızın sənə danışacaqdır. Halımın necəliyini ondan soruş... Mənim salamım olsun, sizin hər ikinizə! sizə vida salamı edirəm.

70-HAQQ TƏRƏFDARINA RƏHMƏT

Təlhə və Zübeyr iki nəfər Peyğəmbərin böyük əshablarından hesab olunurdular. Bu iki nəfər Osmanın ölümündən sonra Həzrət Əli (əleyhissalam)-la bey`ət etmədə ilk adamlardan sayılırdılar.

Camaatın Əli (əleyhissalam)-la bey`ət etməsində bu iki nəfərin xüsusi rolu olmuşdur. Lakin Həzrət Əli (əleyhissalam) xilafətə keçdikdən sonra işlərə İslami ədalətlə başladı. Bu iki nəfər bə`zi məsələlərdə xüsusilə də iki məsələdə Əli (əleyhissalam)-a qarşı e`tiraz səslərini ucaltdıqda nəticəsi Əli (əleyhissalam)-la bu iki nəfər arasında olan münasibətlərin pisləşməsinə gətirib çıxartdı.

1-Deyirdilər: Niyə Əli (əleyhissalam) ölkənin siyasi məsələlərində bizimlə məsləhətləşmir?

2-Deyirdilər: Niyə o Həzrət beytül-malın bölgüsündə bizimlə başqaları arasında fərq qoymur, hamını bir gözdə görərək beytül-malı bərabər şəkildə bölür.? Bir halda ki, biz islamın sabiqəli şəxsiyyətlərindən hesab olunuruq və s... Əgər siyasət hiylə və aldatma mə`nasında olsaydı, Əli (əleyhissalam) gərək onları öz qanadı altına alıb ağızlarını yummalarından ötrü onlara rüşvət də verməliydi. Lakin İslamdakı siyasət işlərin ədalət və islami tədbiri əsasında bölünməsidir. Elə buna görə də artıq pay tələb edənlərə gözü yummaq olmaz. Habelə başqasının haqqı onlara verilməməlidir.

İmam Əli (əleyhissalam) bu iki nəfərin e`tirazının cavabında belə buyurdu:

«Siz cüz`i işlər ucbatından qəzəblənib bir çox yaxşılıqları görməməzliyə aldınız. Mümkündür. mənə sizin hansı haqqınızı tapdadığımı söyləyəsiniz? Ya sizin hansı payınıza yiyələnməyimi deyəsiniz?!

Ya müsəlmanlar tərəfindən edilən hansı haqq və şikayəti gətiriblər və mən də o işə baxmaqda acizlik göstərmişəm? Yaxud deyə bilərsinizmi hansı İlahi hökmdən xəbərsizəm ki, onun yolunda səhv etmişəm?»

Sonra xilafət və rəhbərlik mövzusunda ki, Həzrətin öz haqqından və camaatın özü o Həzrətin bu vəzifəni seçməsini istəmişdilər, işarə edib axırda buyurdu:

«Allah haqqı görüb ona kömək edənlərə, zülmü gördükdə isə onu rədd edərək haqqı öz sahibinə qaytaranlara rəhmət etsin.»


Category: XÜTBƏLƏR BÖLÜMÜ | Added by: Ənfal
Views: 234 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]