«NƏHCÜL-BƏLAĞƏ» - MƏKTUBLAR BÖLÜMÜ - «NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ - İslamda nələr var? - gunahkar-bende
Bazar ertəsi, 2016-12-05, 3:31 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » «NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ » MƏKTUBLAR BÖLÜMÜ

«NƏHCÜL-BƏLAĞƏ»
2014-01-28, 9:29 PM

MƏKTUBLAR BÖLÜMÜ

83-SƏKSƏN DİNARLIQ EV

Şürəyh ibni Haris məşhur İslami şəxsiyyətlərdəndir. O, altmış il Kufənin qazisi olmuşdu. O, ilk dəfə Ömər ibni Xəttabın xilafəti zamanında qazi oldu ki, bu vaxt Şürəyhin təqribən qırx yaşı var idi. O, Osmanın xilafəti zamanı, eləcə də Əli (əleyhissalam)-ın icazəsinə əsasən öz qaziliyində qalırdı.

Baxmayaraq ki, Əli (əleyhissalam) bə`zi nəzəriyyələrdə onunla müxalif idi və hətta bir neçə dəfə onu Kufədən öz kəndinə (Kufənin yaxınlığındakı) ki, sakinlərinin əksəri yəhudi idilər, sürgün də etdi, amma onu qazilikdən çıxarmadı. Bə`ziləri onun ömrünü 183-il bə`ziləri də 120-ilə qədər qeyd etimşdirlər.

Şürəyh zehinli, ayıq və zirək bir şəxs idi. Onun qazilik və işləri islah etmək sahəsində qəribə səriştəsi var idi. Onun xüsusiyyətlərindən biri də saqqalının olmaması idi. Ərəblər arasında atalar sözü idi ki, deyirdilər: «Şüreyh tülküdən də zirək və hiyləgərdir.»

Bu sözün ona deyilməsinin səbəbi bundan ibarət idi ki, Şürəyh bir müddət Nəcəf-Əşrəfdə yaşayırdı və o vaxt ibadət və namaza məşğul olduğu zaman bir tülkü gəlib onun kənarında və qarşısında oynayır, beləliklə onun fikirini namazdan yayındırırdı.

Bu hadisə bir müddət təkrarlandı. Nəhayət Şürəyh adama oxşar bir heykəli düzəldib öz papağını onun başına qoydu. Ondan sonra tülkü gəlir o heykəlin kənarında oynayırdı. Bir gün Şürəyh yavaşca o tülkünün arxasından gəlib onu tutdu və camaat da bu səbəbdən dedilər: «Şürəyh tülküdən də hiyləgərdir.»

Hər halda İmam Sadiq (əleyhissalam)-dan nəql edilmişdir ki, Həzrət buyurdu: Əli (əleyhissalam) Şürəyhi qaziliyə tə`yin etdikdə onunla şərt bağladı ki, Həzrət Əli (əleyhissalam) təsdiq etmədən heç bir qərar çıxarmasın.

İndi isə qayıdaq «Nəhcül-bəlağə»də Şürəyhlə bağlı dastana. Şürəyh Əli (əleyhissalam)-ın xilafəti zamanı özü üçün 80 dinarlı bir ev aldı. Bu xəbər Əli (əleyhissalam)-a çatdırıldıqda İmam onu çağırıb buyurdu: Mənə mə`lumat verilib ki, sən 80 dinar qiymətinə ev alıb onu öz adına qəbalə etdikdən sonra hələ ona şahid də tutmusan?! Şürəyh cavabında dedi: «Düzgün mə`lumat veriblər.» İmam ona qəzəbli bir tərzdə nəzər salıb buyurdu: «Ey Şürəyh! Tezliklə bir kəs (Əzrail) sənin tərəfinə gələr ki, nə qəbzinə baxar, nə də şahid və şühudlarının imzasına diqqət yetirər, və səni ondan çıxarıb yalqız qəbir çuxuruna qoyar.»

Ey Şürəyh! Olmaya başqalarının malından alıb pulunu da (qiymətini) haram yolla ələ gətirmiş olasan? Əgər belədirsə öz dünya və axirətini əldən vermisən. Bunu bil ki, əgər evi alarkən mənim yanıma gəlmiş olsaydın, sənə elə bir qəbz yazardım ki, ona əməl etməklə hətta bir dirhəmə belə meyl göstərməzdin. Yazacağım qəbzin nüsxəsi belə idi: Zəlil bu evi dünya ilə xudahafizləşməkdə olan bir şəxs edən alıbdır ki, fani olanların məhəlləsində və ölənlərin küçəsində yerləşir:

Bu mülk bir tərəfdən bəla və müsibətlərlə zəngin, digər tərəfdən isə üzü müsibətlərə doğru irəliləməkdədir, üçüncü tərəfdən nəfsani həvəslərlə başqa bir tərəfdən isə şeytanın hiyləsi ilə tamamlanır.

Bu evi arzulara aldanmış və qısa bir müddətdən sonra dünyadan köçəcək izzətdən xaric məbləğə, qənaətə və dünya zillətinə daxil olmaq üçün alıbdır. Əgər bu evdə hər cür ixtilaf və fəsad baş verərsə İran Roma və Yəmən şahlarının çürümüş cəsədlərinin öhdəsinədir. Bu müddəanın şahidi həvayi-nəfsin tabeçiliyindən çıxan, dünyapərəstlik zəncirlərindən azad olan əqlin etdiyi hökmdür.

84-ÖZ MEHVƏRİ ƏTRAFINDA QULDURLUQ EDƏNƏ ƏLİ (ƏLEYHİSSALAM)-IN KƏSKİN SİFARİŞİ

Əli (əleyhissalam)-ın xilafətinin birinci ili idi. Əş`əs ibni Qeys ki, Osman tərəfindən Azərbaycanın valisi idi öz məqamında qaldı İmam Əli (əleyhissalam) öz ətrafındakı quldurluqdan xəbərdar idi. Buna görə də katibi Übeydullah ibni Əbi Rafiə Əş`əsə aşağıdakı məktubu yazmasını əmr etdi. O 36-cı ilin Şəban ayında məktubu yazdı və o məktub Ziyad ibni Mərhəb Həmədaninin vasitəsilə Əş`əsə çatdırıldı. Orada deyilirdi:

«Hakimlik məqamı sənin su və çörəyin üçün körpüyə çevrilməsin. Bəlkə bu məqam bir əmanətdir ki, sənin boynundadır, gərək özündən yüksək olan məqama itaət edəsən! Sənin haqqın yoxdur ki, millətə qarşı rə`y istebdadı ilə rəftar edəsən. Beytül-mal da gərək layiqli yerdə tam ehtiyatla sərf edilsin. Gərək Allahın mallarını mənə tərəf göndərəsən. Ümid edirəm ki, mən sənə pis rəis olmaram.»

Bu məktubun bir hisəsi idi. Məktubu bütövlükdə oxumaq istəyənlər Ayətullah Xoyinin «Nəhcül-bəlağə»-nin şərhi kitabının 17-ci cildinin 181-ci səhifəsinə müraciət edə bilərlər. Bu kitabda gəlmişdir: Elə ki, məktub Əş`əsə çatdı ayağa qalxıb camaat arasında çıxış edib dedi:

«Ey Camaat! Əmirəl-Mö`minin Osman məni Azərbaycanın hakimi tə`yin etdi və özü dünyadan getdi. İndi camaat Əli (əleyhissalam)-la bey`ət ediblər. Biz Əli (əleyhissalam)-ın da ardınca Osmanın ardınca getdiyimiz kimi gedəcəyik.

Əş`əs mənzilinə qayıtdıqdan sonra öz yaxın əshablarını çağırıb onlara dedi: Əli (əleyhissalam)-ın məktubu məni dəhşətə salıbdır. O, Azərbaycanın mallarını tələb edir. Bilin ki, mən (tezliklə) Müaviyəyə qovuşaram.» Əshab narahat olub dedilər:

Ölüm sənin üçün bu qərara gəlməkdən daha yaxşıdır. Nədən ötrü öz şəhər və qəbilənin camaatını buraxıb özünü Şam camaatının günah bataqlığında batırırsan?!

Əş`əs bu sözləri eşitdikdən sonra özünə gəlib qərarını həyata keçirməkdən həya etdi. Buna görə də Kfəyə gəlib Əli (əleyhissalam)-la görüşdü və özünü Həzrətə təslim etdi.

85-ƏLİ (ƏLEYHİSSALAM)-IN MÜAVİYƏ İLƏ OLAN MACƏRASI

«Nəhcül bəlağə»-nin məktublar bölməsində təqribən on üç uzun məktub gəlibdir ki, bunlar Əli (əleyhissalam) tərəfindən Müaviyəyə göndərilmişdi. Bu məktubların çox hissəsi müharibə, beytül-mal və başqa siyasi əhəmiyyətli məsələlərə aiddir. Elə buna görə də dastan xarakteri daşımadıqlarına görə onların hamısını qeyd etmir, yalnız bir neçə nümunə ilə kifayətlənirik:

1-Ruzigarın mənim kimi İslama xidmət etməmiş və keçmiş kimi keçmişi olmayan bir adama həmtay etməsindən təəccüb edirəm və güman etmirəm ki, bu kəs belə bir iddia (İslamda qabaq olmaq barədə) etsin.

«Ey Müaviyə! Bizdən Şamı sənin ixtiyarına qoymağımızı istəmişdin. Amma bil ki, dünən sənə qadağan etdiyim bir şeyi bu gün sənin ixtiyarında qoymaram. And olsun Allha və canıma, ey Müaviyə! Bilirsən ki, mən Osmanın qanı barədə sizin hamınızdan təmizəm və bilirsən ki, mən (o vaxtlar) kənarda idim. Bir halda ki, hər cür cinayət etməyi qərara almısan mənim qorxum yoxdur.» Özünü şeytanın faydalanması üçün vasitə qərar vermə və şeytanın öz vücuduna nüfuz etməsi yollarını kəs. «Ey Müaviyə! Əməllərin barədə Allahdan qorx və cilovunu şeytanın əlindən al ki, dünyanın uçurumunda durmusan və axirət sənə yaxınlaşıbdır.»

Sübhanəllah! Nə qədər qondarma həvəslərə bağlanmısan?! O da xalqın hüququnu tapdamaq və möhkəm dəlillərə e`tinasız yanaşmağınla. «Ey Müaviyə! Dünyapərəstlər dünyasından hərislik qapısı üzünə açılmış olsun.

Sən özün Qur`an əhli olmadığın halda bizi Qur`anın hökmlərinə də`vət etdin; buna görə də sənə müsbət cavab vermədik, əksinə, Qur`ana müsbət cavab verib və onun fərmanını icra etdik. Ey Müaviyə! Bil ki, sənin, babanın, qardaşının və dayının (Ühüd müharibəsində) başlarına enən qılınc indi də mənim yanımdadır. And olsun Allaha, bilirəm ki, sən axmaq və kor qəlblisən və sənin haqqında layiqdir ki, belə deyilsin: Elə bir nərdivanla yuxarı qalxmısan ki, səni təhlükəli uçuruma doğru aparır.»

«Allah bəndəsi Əmirəl-mö`minindən Əbu Süfyan oğlu Müaviyəyə! Mən Höccəti sizə tamam etdiyim üçün sizdən bizarlıq axtardım. Yaxşı bilirsən ki, olmalı işlər qarşıya çıxdı və bu sərgüzəştin uzun başı vardır. Keçmişdən keç. İndi sənin vəzifən Şamda olan camaatdan mənim tərəfimdən bey`ət almaq daha sonra bir dəstə silahdaşlarınla mənim tərəfimə tələsib təslim olmaqdır.»

86-QƏTİ SİFARİŞ

Curəyr ibni Abdullah Bəcəli Əli (əleyhissalam)-ın yaxşı və şücaətli yoldaşlarından idi ki, hələ əvvəllər Osman tərəfindən hakim tə`yin edilmişdi. Həzrət Əli (əleyhissalam) öz xilafəti vaxtı onu yerində saxladı və o camaatdan Əli (əleyhissalam) rəhbərliyi üçün bey`ət aldı. Curəyr bundan əlavə İmam Əli (əleyhissalam)-a belə bir təklif etdi: «Şam camaatının əksəriyyətinin mənim qəbiləmdən olmalarını nəzərə alaraq məni Şama e`zam et ki, onlardan sənin üçün bey`ət alım.»

İmam bu təklifi qəbul edib onu Şama göndərdi. Curəyr Şama daxil olduqdan sonra çıxış etdi və camaatı Əli (əleyhissalam)-ın rəhbərliyini qəbul etməyə də`vət etdi. Amma Müaviyə bu işdən hələ də vaz keçir, vaxt tələf edir və möhlət istəyirdi.

Curəyr hadisəni olduğu kimi Əli (əleyhissalam)-a çatdırdı. İmam Əli (əleyhissalam) Curəyrin cavabında belə yazdı:

«Məktubum sənə çatdıqdan sonra Müaviyəni qəti hökmə təklif et ki, öz rə`yini söyləsin və (əgər gördün baş dolandırır) onu müharibə ilə təslim olmaq arasında azad qoy. Əgər müharibəni seçdi onunla müharibə e`lan et və əgər təslim oldu ondan bey`ət al, vəssəlam.»

Nəhayət Curəyr Müaviyədən mə`yus olub Kufəyə sarı qayıtdı.

87-MALİK ƏŞTƏR–SƏRKƏRDƏLƏRİN SƏRKƏRDƏSİ

İmam Əli (əleyhissalam) bir qoşunu iki nəfərin Ziyad ibni Nəzr, və Şürəyh ibni Haninin sərkərdəliyi altında Müaviyə ordusu ilə vuruşmaqdan ötrü cəbhəyə yollayaraq onlara İslam ordusunun qorunması və düşmənin xəbərsiz olması haqda müxtəlif üsullar öyrətdi.

Sonra Malik Əştəri onların ardınca göndərib əvvəldəki iki sərkərdəyə belə sifariş etdi.

Malik İbni Haris Əştəri sizin və onların əmiri etdim, onun əmr və göstərişlərinə qulaq asıb icra edin. Onu özünüzün zireh və qalxanınız edin. O elə bir şəxsdir ki, güman etmirəm süstlük göstərib büdrəsin.

İmam Əli (əleyhissalam) başqa bir məsələdə Misir camaatına olan sifarişində Malik Əştərin şə`nində belə deyir:

Allahın bəndələrindən (Malik Əştər) birini sizə sarı göndərdim ki, müharibənin qorxulu vaxtı onu yuxu tutmur, düşməndən qorxmur və cinayətkarlara qarşı odun şö`ləsindən də yandırıcıdır. O, Malik ibni Haris qəbiləsindəndir. Sözünü eşidib fərmanını itaət edin.

«Çünki, Malik Əştər Allah qılınclarından biridir. Elə bir qılınc ki, itilikdən kütlüyə qayıtmır və zərbəsi tə`sirsiz olmur. Əgər o müharibə üçün hərəkət əmri verərsə hərəkət edin, yox əgər dayanmaq əmri verərsə dayanın. Onun gördüyü hər bir iş mənim gördüyüm işdir.

Mən belə bir şəxsiyyəti yollamaqda sizləri seçdim. Bundan ötrü ki, sizlərə nəsihət edib yolu və çarəni sizə göstərsin, eləcə də düşmənlərinizə qarşı kəskin və barışmaz olsun.»

Budur Malik Əştərin Əli (əleyhissalam)-ın yanındakı parlaq siması Doğrudan da təəccüblüdür. Görəsən İmamlardan başqa elə bir şəxs tanıyırsınız ki, Mə`sum İmam bu qədər ona arxayın olmuş ola?...

88-İBNİ ABBASA ŞİDDƏTLİ XƏBƏRDARLIQ

Əli (əleyhissalam)-ın əshabı arasında Abdullah ibni Abbas fiqh və İslam elmləri həmçinin tədbir baxımından nümuəvi bir kəs idi. Cəməl müharibəsindən sonra Bəsrə, coğrafi-mövqeyi cəhətindən həssas mərkəzlərdən biri idi. Digər tərəfdən də arada böyük müharibənin baş verməsi və adamları hər iki tərəfin qalmış qohum əqrəbalarının orada sakin olmaları Bəsrəni qorxulu və kol altında olan oda bənzədirdi.

Buna görə də bu şəhərin ayıq və tədbirli bir hakimə ehtiyacı var idi.

İmam Əli (əleyhissalam) bu xüsusiyyətləri nəzərə almaqla Abdullah ibni Abbası (öz əmisi oğlu) Bəsrənin hakimi tə`yin etdi və bir müddətdən sonra bu «xəbərdar edici» təşkilatı ona göndərdi.

Ey Abbasın oğlu! Bil ki, Bəsrə (indi) şeytan məkanı və fitnə toxumu səpilmiş bir yerdir. Buna görə də diqqət et ki, Bəsrə camaatı ilə rəftarın ehsan və məhəbbət əsasında olsun. Onları onlarda olan hökumət qorxusundan çıxar ki, əmniyyət və sakitlik hiss etsinlər. Mənə Bəni-Təmim qəbiləsi ilə pis rəftar etməyin xəbəri çatıbdır. Bil ki bu qəbilə qədim zamanlardan bəri igid kişilər sahibi olmuşdur. Əgər onlardan biri gedərsə digəri onun yerini tutur. Onların cahiliyyət və İslam dövründəki döyüş məharəti və qəhrəmanlıqlarını, həmçinin bizimlə olan qohumluqlarını nəzərə al. Əgər biz onlarla açıq və kin küdurətlə rəftar etsək, sileyi-rəhim etmək əqrabalıq rabitəsi rəvayətini tapdalamış olar və nəticədə Allah bizdən haqq-hesab istər.

Ey Abbasın oğlu! Müdara et! Çalış ki, mənim sənə qarşı olan gümanım davam etsin və sənin barəndə olan fikirim dəyişməsin.

89-HAKİMİN KİTAB ƏHLİNƏ YANAŞMA RƏFTARI

Əli (əleyhissalam)-ın xilafəti zamanı fars və Bəhreyn camaatı (çoxu) atəşpərəst idilər.

İmam Əli (əleyhissalam) Ömər ibni Əbi Sələməni həmin məntəqənin hakimi təyin etdi. Hakimin həmin yerdə yaşayan müşriklərlə olan rəftarı düzgün deyildi, belə ki, o onları təhqir edir və onlara kobud rəftarla yanaşırdı.

O məntqənin əkinçiləri Əli (əleyhissalam)-ın yanına gəlib öz hakimlərindən ona şikayət etdilər. İmam Əli (əleyhissalam) Ömər ibni Sələmə üçün bir məktub yolladı. O məktubda belə yazılmışdı: «Sənin əmrin altında olan əkinçilər dözülməz təhqir və onlara qarşı daşürək olmağından şikayət etmişlər. Onlar bizim razılığımıza əsasən İslam hökumətinin pənahında yaşayırlar. Buna görə də onlarla yumşaqlıqla rəftar et və onlara mülayim siyasət yolu seçməklə yanaş.»

90-BEYTÜL-MALI TALAYANLARA CİDDİ XƏBƏRDARLIQ

Cəməl müharibəsindən sonra İmam Əli (əleyhissalam) Abdullah ibni Abbası Bəsrənin valisi tə`yin etdi. O Ziyad ibni Əbihi Bəsrədəki canişini tə`yin edib Əhvaz və fars tərəfinə yollandı. Əli (əleyhissalam)-ın qasidləri o Həzrətə Ziyad ibni Əbihin beytül-mala və xalqın mallarına xəyanət etməsini, həmçinin özü üçün ondan artıq istifadə etməsini xəbər verdilər. İmam ciddi, təkan verici bir məktubla ona belə yazdı:

«Allaha and içirəm ki, əgər müsəlmanların beytül-malına az ya çox xəyanət etməyin xəbəri mənə çatarsa və İslam qanunları əleyhinə onları bağışlamış olarsansa, işini yoxsul olana kimi çətinləşdirərəm. O, qədər çətinləşdirərəm ki, qoy arxan cərimə yükü altında əyilsin və zəlil olasan.»

91-ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHİDİNDƏN BİR NEÇƏ SÖZ

İbni Mülcəm o daş ürəkli və özünü müqəddəs kimi göstərən qatil 40-cı hicri ilində ramazan ayının 19-da səhər vaxtı məsciddə namaz qılarkən Əli (əleyhissalam)-ın başına zərbət endirdi. Əli (əleyhissalam)-ın yarılmış başından axan qan məscidin mehrabını Həzrətin al qanına qərq etdi. İmamı mənzilə apardılar.

Əli (əleyhissalam) şəhadət səfəri və dost görüşünə sakin olmuşdu.

Yatağının ətrafını tutmuş qohum və əshabı qəhramanlar qəhramanının simasını öz qanına boyandığını görürdülər. Həzrət ruzigarın vəfasızlığından qəmgin nəzərə çarpırdı. Hamı ondan sonuncu öyüd və nəsihəti gözləyirdilər. O iki gül yarpağı tək olan dodaqlarını açıb dedi: «Heç bir vaxt Allaha şərik və tay tutmayın və heç vaxt Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin sünnətini korlamayın. Bu iki sütunu (tövhid və sünnəti) möhkəm qoruyun və bu iki çırağı işıqlı saxlayın. Dediklərimi gördükdən sonra heç bir məzəmmətdən çəkinməyin.»

İmam bir neçə dəqiqə sükut edib bir daha buyurdu: «Mən dünən sizin kənarınızda idim və bu gün vücudum sizin üçün ibrət və nəsihətə səbəb olmuşdur və sabah sizdən ayrılıram... Həyatda işiniz hədiyyə və güzəşt etmək olsun. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? And olsun Allaha heç bir ölüm nişanəsi mənə tərəf üz tutmayıbdır ki, mən onu bəyənməyəm və o işin başlanğıcı aşkar olmayıb ki, mən onu pis biləm.

«Mənim ölümə olan eşqim gecə vaxtı su axtaran və qəflətən həmçinin itgisini tapmış adamın sevincinə bənzəyir və Allahın yanında olan bütün şeylər yaxşılar üçün üstündür.»

Bəli, ilk mehrab şəhidinin söylədiyi bu son sözlər dostun arxasını möhkəmləndirir, düşmənin isə belini sındırır.

92-DÜŞMƏNİN PLANINI POZAN FƏRMAN

Quşəm ibni Abbas Əmirəl-mö`minin Əli (əleyhissalam)-ın əmisi oğlu və Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin yaxın əshablarından hesab olunurdu və o Həzrətə oxşayırdı. İmam Əli (əleyhissalam) ölkənin idarə işlərini əlinə aldıqdan sonra onu Məkkə şəhərinin hakimi tə`yin etdi. O, Əli (əleyhissalam) şəhadətə çatana kimi Məkkənin hakimi oldu. Əli (əleyhissalam)-ın birinci dərəcəli düşməni Müaviyə gizlincə xəyanət planı hazırladı. Həmin plan həcc mövsümündə bir qrup adamın Şamdan Məkkəyə getməsi və orada şayiə yaymaq və yalan deməklə xalqı Əli (əleyhissalam)-ın əleyhinə qaldırmaq həmçinin xalq arasında Əli (əleyhissalam)-ı Osmanın qatili yaxud ondan himayə etməyən bir kəs kimi tanıtmaq, digər tərəfdən isə Müaviyənin sün`i işıqlarını yaymaqdan ibarət idi. Əli (əleyhissalam)-ın Şamda gizli olan xəbər çatdıranları əhvalatı ona xəbər verdilər. İmam Əli (əleyhissalam) dayanmadan Quşəmə bir məktub yazıb onu baş verəcək hadisədən agah etdi. Həmin məktubda belə gəlib:

Mənim xəbər çatdıranlarım Şam camaatından kor qəlbli və cildini dəyişib tanınmaz olan bir qurpun Məkkəyə tərəf göndərilməsini mə`lumat vermişdirlər.

Onların məqsədi həcc mövsümündə camaatın zehnini qaraltmaq və batili haqq kimi qələmə verməkdən ibarətdir.

Onlar dini dünyaya satanlar və axirət cəzalarından xəbərsiz olduqlarına görə olan yarışda imkanlardan aqilanə istifadə etməklə, (və Məkkənin ehtiramını nəzərə almaqla yanaşı) eyni zamanda ciddi və düşmən planını poza biləcək bir qiyam və hərəkət et.

Rifah və ne`mət vaxtı məğrur və xoşhal olan, narahatlıq və çətin vaxtda isə süst və zəlil olanlardan olma hökmən işə ciddi başla, vəssəlam.

93-ƏMR AS İMAMIN MƏZƏMMƏT DALĞALARI ALTINDA

Əmr As ibni Vailin oğlu və Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin be`sətinin əvvəllərində bir dəstə adamla onu ələ salan və o Həzrəti «Əbtər (sonsuz) adlandıranlardandır. Hiyləgər Əmr As dönük yola və günaha qərq idi. Müaviyə onu özünün xüsusi müşaviri tə`yin edib onun alçaq hiylələrindən Əli (əleyhissalam)-ın əleyhinə istifadə edirdi. O da dünyanın bər-bəzəyinə və Misir vilayətinin hakimiyyətinə nail olmaq üçün var qüvvəsi ilə Müaviyəyə kömək edir və başını onun astanasına qoymuşdu.

İmam Əli (əleyhissalam) həmişə belə hiyləgər və alçaq adamların bərabərində qəzəbli idi. Yeri gəlmişkən İmam Əli (əleyhissalam)-ın xəttində olanları tanımaq, eləcə də Əmr As kimi satılmış adamların qarşısında necə mövqe tutmaq lazım olduğunu bilmək üçün Əli (əleyhissalam)-ın ona yazdığı məktubun tərcüməsini diqqətinizə çatdırıram.

Məktubun başlanğıcı belədir:

Allah bəndəsi Əmirəl-Mö`minindən cahiliyyət dövründə Məhəmməd və Ali-Muhəmmədlə düşmən olan əbtər[23] oğlu əbtər Əmr Asa Salam olsun. Doğrusu sən öz kişiliyini kənara, dilini isə onunla oturub duranlardan axmaq olan fasiq və abırsız bir kəsin yolunda qoymusan. O, din və əmanəti səndən oğurlayıb dünya və axirətini bada verdi. Amma bu yolda nicat yoxdur. Əgər haqqın tərəfdarı olsaydın arzuna çatardın...

«Nəhcül-bəlağə»də gəlmiş bu məktubun başqa bir hissəsində belə oxuyuruq:

«Ey Əmr As! Sən öz dinini dinsiz olan bir kəsin xəttində qoymusan. Abırlı adamların onunla oturub durması onların ətəyində ar ləkəsinə və onunla söhbət etmələri onların ağılsızlığına səbəb olar. Sən itin şir dalınca gedib onun qarətlərindən asılı olduğu kimi onun dalınca gedib hədiyyəsini istədin. Artıq ovlarına ümid bağlayıb dünya və axirətini korlamısan. Əgər sənə və Əbu Süfyanın oğlu Müaviyəyə əlim yetişərsə mütləq sizi fisq, günah və cinayətlərinizə görə cəzalandıracağam və əgər sizə əlim çatmazsa axirət dünyasında Allahın ədalət məhkəməsində sizi daha şiddətli əzab gözləyir.»

94-ÜSTÜN CƏHƏTLƏRƏ GÖRƏ VƏZİFƏYƏ TƏ`YİN ETMƏK

Ömər ibni Əbi Sələmə (Rəsulullahın) həyat yoldaşı Ümmü Sələmənin oğlu idi Cə`fəri Təyyarın atası o vaxt onunla Həbəşəyə mühacirət etdikdə dünyadan getdi və bu hadisədən sonra Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm onun anası ilə evləndi. Bu adam Əli (əleyhissalam)-ın onu Bəhreyn və Farsın hakimi təyin etdiyi ləyaqətli bir şəxs idi. Digər tərəfdən də qüdrətli şair və Ənsarın söz ustadlarından sayılan No`man ibni Əclan özünün gözəl şe`rləri ilə nübüvvət xanidanını himayə etməyə qalxdı.

İmam Əli (əleyhissalam) üstünlük qanunlarına riayət əsasında Ömər ibni Əbi Sələməni vəzifəsini layiqincə yerinə yetirəndən sonra geri çağıraraq No`man ibni Əclanı onun yerinə tə`yin etdi, çünki Siffeyn müharibəsi davam edirdi və Ömər ibni Əbi Sələmənin vücudu onun həm Qüreyşin böyüklərindən, həm də İslamda gözəl keçmişə malik olan şəxsiyyətlərindən sayıldığına görə orada daha çox lazım idi. İmam Ömər ibni Sələməyə aşağıdakı məzmunda bir sifariş göndərdi:

«Mən No`man ibni Əclanı Bəhreynin valisi tə`yin edərək sənin ixtiyarını oranın valiliyindən geri çağırdım. Sən orada öz rəhbərliyini çox gözəl yerinə yetirərək əmanət haqqını düşzgün riayət etdin. Belə ki, heç bir sui-zənnə səbəb olmadın tez özünü mənə çatdır çünki qərara almışam Şam tələbkarlarına doğru hərəkət edəm. Mənimlə yoldaş olmağını çox istərdim. Çünki sən elə adamlardansan ki, həmişə düşmənlə döyüşdə və İslamın əsasını bərpa etməkdə bizlərə kömək etmisən və sən bu işlərə layiqsən. İnşallah.»

95-ƏLİ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ BEYTÜL-MAL OĞRULARI

Məsqələt ibni Hubəyrə Şəybani Məxcəd qəbiləsinin böyüklərindən, eləcə də Bəni Şəyban ailəsindən sayılırdı. O Həzrət Əli (əleyhissalam) tərəfindən fars məntəqələrinin biri olan Ərdəşir Xurrənin valisi tə`yin edilmişdi. Bu vilayətin İslam qüvvələri vasitəsilə İslamın bayrağı altına tabe olunmasını nəzərə alaraq qənimətlər və əldə edilən malların bütün müsəlmanlar arasında bölünməsi əmr edildi. Bu zaman Məsqələt saysız hesabsız hədiyyə və bəxşişləri öz yaxın adamlarına paylamaqla müsəlmanların beytül-malına xəyanət etdi. Bu xəbər İmam Əli (əleyhissalam)-a çatdırıldıqda İmam Məsqələyə belə bir sifariş göndərdi:

«Sənin gördüyün işlər barədə mənə bir xəbər çatıbdır, əgər bu xəbər doğru olarsa sən öz Allahını qəzəbləndirmiş və öz İmamının fərmanından boyun qaçırmışsan. O da budur ki: Sən müsəlmanların can və qanları ilə ələ gətirdikləri qənimətləri öz qohumların və yaxın adamların arasında bölmüsən. And olsun o Allaha ki, insanı yaratdı. Əgər bu xəbər düz çıxsa, mənim yanımda puç və xar olacaqsan, yaradanının haqqını yüngül sayıb dinini dünyaya satma. Əgər belə olsa o, zaman ən ziyan verici adamlardan sayılacaqsan.

Agah ol müsəlmanların haqqı bu qənimətlərin bölünməsində həm sənin həm də mənim yanımda barabər və eynidir. Bütün o mallar mənim əlimə çatmalıdır ki, müsəlmanlar öz paylarını məndən alsınlar.»

Beləliklə İmam Əli (əleyhissalam) beytül-malı yeyib talayanlarla qətiyyətli rəftar edərək onları alçaq və puç adlandırırdı.

Category: MƏKTUBLAR BÖLÜMÜ | Added by: Ənfal
Views: 232 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]