Cümə günü, 2024-03-29, 8:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » Peyğəmbərlər

Sonuncu imtahan
2013-08-04, 5:03 AM
Sonuncu imtahan
İbrahim (ə) övladı İsmayılla birgə Həcc əməllərini yerinə yetirdi.
Səfa və Mərva dağları arasında səy (iti yeriş) mərhələsinə çatdıqda İbrahim (ə) oğlu İsmayıl üçün su axtaran Hacərin əzab və əziyyətlərini yadına saldı. Həmin iki dağın arasında Hacərin qaça-qaça get-gəl etdiyini və südəmər körpəsi üçün yerdən şirin su qaynadığını xatırladı.
İbrahim (ə) bütün xatirələri yada salıb, kədərlənirdi. O, bir neçə gün qabaq gördüyü yuxunu xatırladı. Həmin yuxuda övladının başını kəsdiyin və qurban olaraq Allahın dərgahına təqdim etdiyini görmüşdü.
Peyğəmbərlərin yuxusu doğrudur. Bunun mənası o idi ki, Allah-təala oğlu İsmayılı qurban kəsməyi İbrahimə (ə) əmr edir və bununla da höccəti tamamlamaq istəyir.
Amma, görəsən İsmayıl bunu qəbul etdimi? O, özünü qurban verməyə hazır idimi? İbrahimi (ə) narahat edən də bunlar idi.
Atasını fikirli görən İsmayıl dilləndi:
-Atacan, niyə səni qəmli görürəm?
İbrahim (ə) üzünü oğlu İsmayıla tərəf çevirdi. O saleh, təqvalı və pak cavana üzünü tutub, dedi:
-Hə, əziz oğlum, yuxuda gördüm ki, səni qurban kəsirəm. Bunun mənasını bilirsənmi?
-Məni qurbanlıq edirsən?
-Hə, oğlum! Fikrin nədir?
Fikirləşmək yeri deyildi. Allah fərman vermişdi ki, peyğəmbəri İbrahim (ə) oğlu İsmayılı qurban etsin.
Allah-təala yenidən İbrahimi (ə) imtahana çəkmək istəyirdi. Onun imanını və Allah qarşısında nə qədər təslim olmasını aydınlaşdırmaq istəyirdi. Buna görə də imanlı cavan olan İsmayıl dedi:
-Ata, bu işi yerinə yetir. Bunu Allahın istədiyi üçün mən qurban kəsilməyin ağrı və əzablarına dözərəm.
İbrahim (ə) heç kimi övladı İsmayıl qədər sevmirdi. Amma, o, Allahı daha çox sevirdi. Ona görə də babası Azərdən uzaqlaşmışdı. İbrahim (ə) Azəri çox sevirdi. Həmişə onu ata – deyə çağırırdı. Amma, Azər kafir olduqda İbrahim (ə) ondan uzaqlaşdı.
İbrahim (ə) saleh və mömin cavan olan övladı İsmayılı çox sevirdi. Lakin, Allahı daha artıq sevir və onun fərmanlarına əməl edirdi.
İbrahim (ə) oğlu İsmayılı öpdü. Həzrət özü ilə bıçaq gətirmişdi. İsmayıl Allahın fərmanına təslim idi. O, ölümü mərdliklə qarşılamaq istəyirdi. Tamamilə rahat olan qurbanlıq yalnız bir şeydən ötrü nigaran idi. O qorxurdu ki, başının kəsildiyi üçün ağrılara dözməyib, müqavimət göstərər və bu iş atasını ağrıdar. Çünki, qoca bir kişi olan atası belə bir mənzərəni görmək iqtidarında deyildi.
Ona görə də atasına dedi:
-Atacan, xahiş edirəm mənim əl-qolumu iplə möhkəm bağla! Başımı kəsən zaman tələs və bu işi tez bitir.
İbrahim (ə) övladından ötrü ağladı. O, son dəfə vidalaşmaq məqsədi ilə oğlunu öpdü.
İsmayıl başının kəsilməsi üçün hazır oldu. İbrahim (ə) bıçağı əlində tutmuşdu. İsmayıl başını yuxarı qaldırdı. Onun ağ, nazik və işıqlı boynu günəşin nuru altında göründü.
O həyəcanlı anlarda maraqlı bir hadisə baş verdi. İbrahim (ə) səmadan bir nida eşitdi:
«Ey İbrahim,! Öz yuxunu həyata keçirtdin (tapşırığı yerinə yetirdin). Allah sənə fərman verir ki, bu qoçu İsmayıla qurban edəsən».
İbrahim (ə) dağın başından bir qoçun gəldiyini gördü.
İbrahim (ə) qoçu qurban kəsdi. Beləliklə, İbrahim (ə) və övladı İsmayıl Həcc əməlllərini sona çatdırdılar.
Bu gün biz baş qırxdıqda və özümüzü çirkabdan yuduqda, öz dırnaqlarımızı qısaldıb, övladlarımızı sünnət etdirdikdə, həqiqətdə atamız Həzrət İbrahim Xəlilin (ə) yolu ilə getmiş oluruq. İbrahim (ə) bu işləri bizə təlim edən insandır. Həmçinin o bizə təkallahçılıq dərsini öyrətmişdir.
Biz Yəhudilik, Xristianlıq və İslam dininə nəzər saldıqda onların ardıcıllarının Allaha inandıqlarını görürük. Unutmamalıyıq ki, bütün bunlar Həzrət İbrahimin (ə) zəhmətlərinin nəticəsidir. Çünki, Allah-təala İbrahimi (ə) peyğəmbər olaraq seçdi və sonra onu imam və rəhbər etdi. O, peyğəmbərlik və rəhbərliyi onun övladlarına da bəxş etdi. Musa və İsa İbrahimin (ə) oğlu olan İshaqın övladlarından, İslam peyğəmbəri Həzrət Məhəmməd (s) və Əhli-beyt imamları isə İbrahimin (ə) oğlu olan İsmayılın nəslindəndir.
Buna görə də biz bəzən belə deyirik:
«İlahi! İbrahim və onun ailəsinə gönərdiyin kimi, Məhəmməd və onun ailəsinə də salavat və salam göndər. Həqiqətən sən təriflərə layiq və ucasan».

Xəlil
Allah-təala İbrahimi (ə) imanlı və həqiqi bəndə kimi gördükdə ona fərman verdi ki, özünün müqəddəs zatından savayı heç kəsdən qorxmasın. Ona görə də Allah İbrahimi (ə) Xəlil və dost olaraq seçdi. Buna görə ona Xəlilur-Rəhman (Allahın dostu) ləqəbi verildi.
İbrahim (ə) yüz iyirmi ildən artıq ömür sürdü.
O, yaşlı bir qoca olmuşdu. Daha Hicaza gedib, Allahın evini ziyarət etmək və övladı İsmayılı görmək taqəti yox idi. Ona görə də övladı İsmayıl atası Xəlilür-Rəhmanı görmək üçün Fələstinə gəldi.
Həmin zaman İbrahim (ə) xəstələndi. Qocalığın zəifliyi onu taqətdən saldı. İbrahimin (ə) dünyadan köçmə zamanı çatdı. O, cihad, mübarizə və insanları Allaha doğru dəvət etmək yolunda keçirdiyi uzun müddətli ömürdən sonra rahatlıq mərhələsinə çatmışdı. Beləliklə İbrahim (ə) öz Xəlili, dostu və məbuduna sarı səfər etdi.
O həzrət, övladları İsmayıl və İshaqdan bəşəriyyəti yeganə Allaha pərəstişə dəvət işlərində yorulmamaqları barədə əhd aldı. Sonra isə ruhu Mələkut aləminə doğru qanad çaldı. Allah-təaladan istəyirik ki, mübariz insanları Fələstinin, Qüdsün və Məscidül-Əqsanın azadlığı yolunda kömək etsin və biz atamız İbrahimin (ə) Əlxəlil şəhərindəki müqəddəs qəbrini ziyarət edək.
İlahi, İbrahim (ə) və onun ailəsinə göndərdiyin kimi, Məhəmməd və onun ailəsinə salavat və salam göndər. Həqiqətən, sən təriflərə layiq və ucasan!

sibtayn.com
Category: Peyğəmbərlər | Added by: Ənfal
Views: 843 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]