Çərşənbə axşamı, 2024-03-19, 5:10 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » Peyğəmbərlər

HƏZRƏT SÜLEYMAN PEYĞƏMBƏR (ə) BARƏDƏ
2013-08-04, 5:05 AM
HƏZRƏT SÜLEYMAN PEYĞƏMBƏR (ə) BARƏDƏ

(Seyid Haşim Rəsuli Məhəllatinin "Peyğəmbərlərin həyatı” kitabına əsasən) 

İlahi peyğəmbərlərin həyatlarına nəzər salanda Allahın qüdrət və əzəmətinin bir daha şahidi oluruq. Bu cür peyğəmbərlərdən biri də Həzrət Süleyman (ə) peyğəmbər olmuşdur. Adı Quranda hallanan bu Peyğəmbərə çox sayda nemətlər əta edilmişdir. O cümlədən, peyğəmbərlik, səltənət, məntiqüt-təyr (quşların dili) elmi, qəzavət elmi, hikmət və alimlik, cinləri, şeytanları ram etmək kimi elmlər. O, böyük, münbit və yeraltı mədənlərə malik olan ölkəyə, yəni Üqbə körfəzindən Fərat çayına qədər olan torpaqlara hökmranlıq edirdi. Həzrət Süleyman (ə) cinlər, şeytanlar və külək qüvvələrini öz ixtiyarı altında saxladığı üçün Beytul-Müqəddəs, məşhur heykəl kimi əzəmətli binalar və əsərlər özündən iz qoymuşdur. İndiyə qədər həmin tarixi abidələrin çoxunu Fələstin və Şamat torpaqlarında müşahidə etmək olar. Belə uca tikintilərin divarındakı nəhəng daşları görən şəxs üçün onun gözə görünməyən qüvvələrin gücü ilə tikilməsində heç bir şəkk-şübhə qalmır.

"Dedi: "Ey Rəbbim! Məni bağışla və mənə (möcüzəvi şəkildə) məndən sonra (bəşər cəmiyyətinin tərbiyəsi məqamında) heç kəsə nəsib olmayan bir hökmranlıq əta et. Çünki çox əta edən Sənsən!”. "Beləliklə Biz küləyi ona ram etdik. Külək onun əmri ilə mülayimliklə onun istədiyi yerə gedirdi”. "Həmçinin bir bənna və dalğıcdan olan (cin) şeytanları (nı bina tikmək və dənuzdən ləl-cəvahir çıxarmaq üçün ona ram etdik). Habelə digər şeytanları (onun ölkəsində fəsad törətməmələri üçün) birlikdə zəncirlənmiş halda (ona ram etdik). (Dedik:) "Bu, bizim (sənə) ətamızdır. (İstədiyinə dünyada) saysız və (axirətdə) hesabsız şəkildə əta et və ya əsirgə!” ("Sad” surəsi, 35-39).

Bəli, bu ayələrdən də göründüyü kimi, Allah Təala Həzrət Süleymana (ə) çox sayda nemət əta etmişdir. Bu haqda İmam Musa ibn Cəfər (ə) buyurur: "Hökumət iki cür olur. O hökumət ki, zülm vasitəsilə əldə edilir. O hökumət ki, Allah tərəfindəndir. İbrahimin, Talutun, Zülqərneynin hökuməti kimi. Süleyman Allahdan istəmişdi ki, Pərvərdigar ona elə bir hökumət əta etsin ki, ondan sonrakı insanlar deməsinlər ki, zülm yolu ilə əldə edilmişdir. Belə ki, Allah küləyi onun ixtiyarına vermişdi, o, hara istəsə o tərəfə əssin. Sübh çağı da bir ayın yolunu başa vurardı, günarta da bir ayın yolunu başa vurardı. Allah-Təala şeytanları ona ram etmişdi ki, onun üçün binalar tiksinlər və dalğıclıq etsinlər. Quşların dilini ona təlim vermişdi və hökumətini yer üzərində bəqərar etmişdi. Belə ki, həmin zamanda və sonrakı zamanlarda insanlar bildilər ki, bu hökumət zülm ilə əldə edilməmişdir”.

Bu ayələrdən göründüyü kimi, Allah küləyi Süleymanın (ə) ixtiyarına vermişdi. Aydındır ki, böyük bir hökumətin sürətli bir rabitə nəqliyyatına ehtiyacı vardır. Yəni, lazımlı anlarda bir yerdən başqa yerə sürətlə getmək mümkün olsun. Bəs bu, necə bir nəqliyyat idi? Bu nəqliyyatın necəliyi bizim üçün aydın deyildir. Ancaq onu bilirik ki, bu adi bir nəqliyyat olmamışdır. Belə ki, bəzi əfsanələrdə nəql olunur ki, bu, bəsat idi. Ağacdan düzəldilmişdi. Onun eni və uzunluğu bir neçə kilometr olmuşdur. Bir neçə min oturacağı olmuşdur. Süleymanın (ə) qoşunu da ona minirdi, Süleymanın (ə) hökmü ilə külək bəsatı hərəkətə gətirirdi. Bir aylıq yolu səhərdən günortaya qədər, bir aylıq yolu da günortadan axşama qədər gedirdi. Beytul-Müqəddəsdən hərəkət edib günortanı Şiraz ölkəsində və şamı da Xorasanda yeyirdilər.

Ancaq sırf Quran ayələrinə, yəni "Sad”, "Səbə” və "Ənbiya” surələrində bu haqda gələn ayələrə nəzər salanda görmək olur ki, Allah yalnız küləyi Süleymanın ixtiyarında qoymasını buyurmuşdur. Belə ki, "Ənbiya” surəsinin 81-ci ayəsində buyurur: "Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi də Süleyman üçün ram etdik. Biz hər şeyi bilərik!”.

"Süleyman üçün də küləyi ram etdik. O (külək), səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi”. ("Səba” surəsi 12).

Allahın Süleyman (ə) peyğəmbərə əta etdiyi başqa bir nemət isə cinlərin və şeytanların onu ixtiyarına verilməsi idi. Belə ki, "Sad” surəsində oxuduğumuz kimi, Allah bu qüvvələri Süleyman (ə) üçün ram etmişdir. Onlar evlər bina edir və dənizdən cəvahirlər çıxarırdılar. Burada təfsirçilər bu fikirdədirlər ki, cin və şeytan deyəndə insanlar da nəzərdə tutulmuşdur.

"Sad” surəsinin 38-cu ayəsində deyildiyi kimi cin və şeytanların hamısını ram etmək mümkün deyildir. Ona görə də naçar ram edilə bilməyən bu qüvvələri Allah zəncirləmişdir ki, Süleymanın (ə) hökumətində fəsad yaratmasınlar.

Və nəhayət, bu surənin 39-cı ayəsində buyurur: (Dedik:) "Bu, bizim (sənə) ətamızdır. (İstədiyinə dünyada) saysız və (axirətdə) hesabsız şəkildə əta et və ya əsirgə!”.

Yəni Allah Süleymana (ə) çox sayda ixtiyar qərar vermişdi və bunların mühasibəsini də etməyəcəkdir. Bu ayə həmçinin belə bir məna da verə bilər ki, Allahın ətası o qədər çoxdur ki, hər nə qədər bağışlasan hesaba alınmayacaqdır. Bəzi təfisrçilər isə bu ayənin məhz şeytanlar haqqında nazil olduğunu iddia edirlər. Belə ki, şeytanlardan hər kimi istəyirsən azad et və hər kimi istəyirsənsə zəncirdə saxla.

Nəhayət, Allahın Süleymana (ə) əta etdiyi nemətlərdən biri də onun mənəvi məqamı idi. Allah onun bu məqama layiqli olmasına görə ona mərhəmət etmişdi. Süleyman bu qədər naz-nemətə baxmayaraq, öz bəndəliyini dərk edir və təkAllahlığı yayırdı. Çalışırdı ki, adil bir hökmdar və təqvalı bir bəndə olsun.

Qurani-Kərimdə "Nəml” ("Qarışqa”) adında surə nazil olmuşdur. Bu surənin "Nəml” adlandırılmasının səbəbi Süleymanla (ə) qarışqanın əhvalatı olmuşdur. Bu surədə Həzrət Süleymanın (ə) qarışqa ilə ibrətli söhbətinin şahidi oluruq. Yəni Süleyman (ə) quşların dilini bildiyi kimi, heyvanların, həşəratların da dilini bilirdi. Bu da Allahın ona əta etdiyi böyük nemətlərdən biri idi. Süleyman da bu qüvvələrindən Allahı razı salacağı yaxşı işlər görmək üçün istifadə edərdi.

Süleymaınn həyatı sehrli qüvvələrin əhatəsində keçdiyi kimi, ölümü də qəribə olmuşdur. Belə ki, ölüm mələyi Süleymanın canını əsaya söykəndiyi halda almışdı. Süleyman ölsə də, Allah istədiyi vaxta qədər həmin vəziyyətdə qalmışdı. Camaat ona baxırdı və təsəvvür edirdi ki, diridir. Bir dəstə camaat dedi: "O, uzun müddətdir ki, ayaq üstə dayanıb və heç bir yorğunluq hiss etmir. Yatmır, yemir və içmir. Bəs o, bizim Allahımızdır və ibadətə layiqdir”. Başqa bir dəstə deyir: "O, sehrbazdır və bizi cadu edibdir!”. Lakin mömin insanlar dedilər: ”Süleyman Allahın bəndəsi və onun elçisidir. Allah nə istəsə, onun üçün edir”. Elə ki, xalq arasında söz-söhbət başlayır, Allah Təala taxtabitiyə əmr edir ki, əsanın içini yesin. Beləliklə əsa sınır və Süleyman da yerə düşür.

Bu Quran ayələrindən belə bir nəticə əldə olunur. Bir güclü hökumətə və maddi imkanlara malik olmaq mənəvi məqam və İlahi dəyərlər ilə heç vaxt təzad təşkil etməz. Belə ki, Allah "Sad” surəsinin 40-cı ayəsində buyurur: "Əlbəttə, Bizim yanımızda onun üçün (dünyada olduğu müddətdə) yaxınlıq məqamı və (axirətdə) qayıdışın gözəlliyi və gözəl qayıdış yeri vardır”. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə deyilir: "Eşitmisinizmi ki, Allah Süleymana nə qədər mülk və hökumət vermişdi? Bu qədər nemətlər ancaq onun təvazökarlığını artırmışdı. Hətta o qədər təvazökar və ədəbli idi ki, səmaya belə nəzər salmırdı”. Yəni Süleymanın gözü bu maddiyyat və cah-cəlalda olmamışdır. Onun əsl məhbubu Allah idi. Bu hökuməti də Allahın qüdrətini nümayiş etdirmək üçün idarə edir və onun möcüzələrini bir daha bəşərə tanıdırdı. 

Hazırladı: Məşhədi Xanım,
deyerler.org
Category: Peyğəmbərlər | Added by: Ənfal
Views: 899 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]