Cümə günü, 2024-03-29, 0:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Əli (ə)

Meydanda və məsciddə Allahla olan Əli (ə)
2013-07-28, 3:57 AM


Meydanda və məsciddə Allahla olan Əli (ə)


O gecə qəmgin ulduzlar ah və nalə ilə bir yerə toplaşmışdı. Yer ağlayırdı. Göy nalə çəkirdi. Kufənin divarları qorxudan bir-birinə yaxınlaşmışdılar. Bəlkə onun qarşısını ala bildilər. Bu, bir insana hücum deyildi, bütün peyğəmbərlərə (ə), Övliyalara (ə), Salehlərə hücum idi. Allah ərşini titrətmək istəyirdilər.

Onlar həqiqi dini məhv etmək istəyirdilər. Mənfur İbn Mulcəm keçmiş arzusuna çatmaq üçün məscidə gəlmiş və pusu qurmuşdu. İnsan gərək o qədər bədbəxt olsun ki, məsciddə əlinə qılınc alsın. O, yetimlərin başına nəvaziş əlini çəkən insanı zəhərli qılıncı ilə qətlə yetirmək istəyirdi. Bu yetimlərin gözünü yaşlı qoyaraq, onları yenə də qəm və qüssəyə qərq etmək istəyirdi.

İmam Əli (ə) Peyğəmbərimizin (s) bütün kamil sifətlərini özünə təcəssüm etdirirdi. Axı o, Peyğəmbərin (s) qardaşı və canişini idi. Sözlərlə onun haqqını ödəmək olmaz. Çünki Allahdan və Peyğəmbərdən (s) başqa Qiyamət gününə qədər onu heç kim tanımamışdır və tanımayacaqdır da. Bu insan o qədər əzəmətli və qüdrətli idi ki, onu dərk etmək qabiliyyətmiz yoxdur.

Onun üçün əsas hədəf Allah idi. Onun üçün həyatda vacib olan Allahın göstərişlərini yerinə yetirmək idi. İstər xəlifə olanda olsun, istərsə də evində məhbus olanda. İstər düşmənin qarşısında olanda olsun, istərsə də yetimlərin yanında olanda. İstər Kəbədə gözünü dünyaya açanda olsun, istərsə də Kufə məcsində can verəndə olsun. Kəbədə dili şəhadətləri demək üçün açılardı, Kufə məscidində isə şəhadətləri deyərək, bağlanırdı. Çünki həmişə haqq Əli (ə) ilə idi.

İmam Əli (ə) bütün fəzilətlərin mərkəzi, ali rəftarların və gözəl əxlaqların və mənəvi kamalların ən ali mərtəbəsində idi. Əgər kimsə salehlərdən və xilasolmuşlardan olmaq istəyirsə, gərək sadəcə onun davamçısı olsun. Çünki dünya və axirət səadətinə çatmaq üçün bundan başqa yol yoxdur. Ancaq bu yolda addımlamaq lazımdır və hər bir məsələdə onu nümunə götürmək lazımdır. Əli (ə) - Sirat körpüsüdür. Bu, həmin o körpüdür ki, gecə və gündüz hər bir vacib namazlarımızda Allahdan istəyirik. Bizi ona hidayət etməyimizi istəyirik.

Əli (ə) - bir İlahi nemətdir. Bu, həmin nemətdir ki, Allah Qiyamət günü bizdən onu soruşacaqdır. Bu nemətə görə şükr edib-etmədiyimizi bizdən soruşacaqdır. Bizim şükrümüz onun vilayətini qəbul edib, ona əməl etməkdir. Hər kim gecələri və gündüzləri dayanmadan Allaha ibadət edərsə, ancaq İmam Əlini (ə) qəbul etməzsə, Siratdan keçə bilməyəcəkdir.

Əli (ə) insanları Allaha dəvət edərdi. Əli (ə) Peyğəmbərin (s) sünnətini və risalətini davam etdirirdi. İmam Əli (ə) buyurur: "Rəsullah (s) xəbərdarlıq edən idi və mən isə hidayət edənəm”. Əgər Əlinin (ə) fəziləti olmasaydı, Peyğəmbər (s) səhərdən axşama qədər onu tərifləməz və onun fəzilətlərini saymaqla qurtarmazdı.

Əlinin (ə) səbri dağları titrədərdi. Bütün vəfasızlıqlara, namərdliklərə, nifaq və düşmənçiliklərə qarşı səbr edən ancaq Əli (ə) olmuşdur. Dağ olsaydı, bütün bu insafsızlıqlara dözməzdi. Bu cür dərdlər Əlinin (ə) qəlbində çox idi. Düşmən elə bilirdi ki, Əlini (ə) öldürməklə onu yer üzündən yox edə biləcəkdir.

Ancaq bilmirdi ki, İmam Əli (ə) necə də ölümü arzulayırdı və onun cismi bu dünyanı tərk etsə də, ruhu və etdikləri həmişə cavidan qalacaqdır. Bu nurani insan o cür əzəmətli bir məkanda dünyaya gözlərini açdığı kimi, bu cür bərəkətli və əzəmətli gecədə, yəni Qədr gecəsində dünyaya vida dedi və Kəbənin Allahına qovuşdu. Allah bizləri o Həzrətin həqiqi davamçılarından qərar versin.


ihq/az


Category: İmam Əli (ə) | Added by: Ənfal
Views: 793 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]