Şənbə günü, 2024-04-20, 9:19 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Cəmiyyət » Cəmiyyət

Hamımız Səadət istəyirik, amma... (2)
2012-11-10, 9:08 AM
Hamımız Səadət istəyirik, amma... (2)


Müasir dövr özü canlı nümunədir. 
Hal-hazırda müasir dünyamız gün-gündən inkişaf edir, şəxsi əllərdə olan sərvət, qazanc və pulun miqdarına baxanda keçmişlə müqayisə olunası deyildir. Qədimdə insanlar bu qədər sərvət, pul, rifah və rahat yaşayışa malik deyildilər. Halbuki nə qədər sərvət çoxalsa və iqtisadiyyat tərəqqi etsə də, bir o qədər iztirab və həyəcanın çoxaldığını müşahidə edirik. Sərvətli ölkələrin əhalisi də bu həyəcan və nigarançılıqdan müstəsna deyillər. Məsələn, iqtisad və sərvət baxımından inkişaf etmiş ölkələr arasında hamıdan irəli olan Amerika əhalisinin vəziyyətinə nəzər yetirməklə, onlara bu tükənməz sərvətin təhlükə, nigarançılıq, həyəcan və cinayətdən başqa bir şey ərməğan gətirmədiyini görəcəyik. Elə bir gün yoxdur ki, Amerikanın böyük şəhərlərində yeni bir cinayət baş verməsin, peşəkar canilər bank və evləri yarmaq, günahsız insanları öldürmək, qız və qadınlara təcavüz etmək və s. cinayətlər üçün yeni planlar cızmasın. Əlbəttə, bu haqda təfsilatı ilə danışmaq bizi bəhsimizdən ayırır. Lakin bu məsələyə aydınlıq gətirmək məqsədilə son neçə ildə Amerikada dərc olunan qəzet və jurnalların statistik məlumatlarını misal göstərmək olar. Təsəvvür edin, bir həftə, yaxud bir ay ərzində müxtəlif şəhərlərdə misli görünməyən neçə cinayət baş verir ki, bütün təchizata malik olan polis sistemi onların qarşısını almaqda acizdir.


Misal üçün aşağıda qeyd olunan xəbərlərə diqqət yetirin:

"Amerikanın statistik məlumatlarına görə, hər 25 dəqiqədə bir böyük cinayət baş verir, hər 24 saatda otuz nəfər qətlə yetirilir, rəhmsizliklə iffətə zidd əlli zor və təcavüz halı, 730 böyük, 30000-ə yaxın kiçik oğurluq hadisəsi baş verir. Bir sözlə, il ərzində bir milyon əlli minə yaxın ağır cinayət və günah qeydə alınır.” ("Bəşərin ruhu”, səh.32.)

Amerikanın keçmiş məlumat bürosunun sədri Haverin verdiyi xəbərdə göstərilir ki, 1960-cı ildə bir milyon səkkiz yüz altmış bir minə (1861000) yaxın cinayət baş vermişdir ki, ötən illə müqayisədə dörd dəfə artıqdır. Haver əlavə edərək deyir ki, 1950-ci ildə Amerikada törədilən cinayətlər 1960-cı illə müqayisədə (yəni, on il ərzində) 98 dəfə çoxalmış, halbuki bu müddət ərzində Amerikanın cəmiyyəti isə, yalnız 18 dəfə artmışdır.”


Bu xəbərlər 1950-1960-cı illərə aiddir. İndiki dövrə gəldikdə isə, Amerikada cinayət halları elə vəziyyətə gəlib çıxmışdır ki, bəzən bir kişi, yaxud bir uşaq istədiyi vaxt silah əlinə götürüb, çox adi şəkildə hamını gülləyə tutaraq, sanki camaatla zarafat edir. "1966-cı ildə Çikaqoda cavan bir oğlan bir tibb bacısını qətlə yetirir. Bir neçə saatdan sonra başqa bir cavan "Texas” universitetində on altı nəfəri öldürür. Bir neçə dəqiqədən sonra on səkkiz yaşında Robert Smit adlı bir cavan oğlan bir "Gözəllik dərnəyi”nə girərək altı nəfər qızı gülləyə tutur. Smit əvvəl dərnəkdə iştirak edən altı nəfər qıza dairəvi şəkildə yerə uzanmalarını əmr edir, sonra tapançasını çıxarıb qızları güllələyir. Qızların ikisi yerindəcə, üçü xəstəxanaya aparılarkən yolda ölür və altıncısı isə huşdan gedir. Onun nicat tapacağı isə məlum deyildir. Smit onları gülləyə tutduqdan sonra ucadan gülərək otaqdan çıxır. Bu zaman bir qadın dərhal polisə xəbər verir və nəhayət, onu tuturlar.” ("Cavan”, 2-ci cild, səh.115.)


İndi fikirləşin, görün bu qədər cinayətlər, qətllər və digər hadisələr ailələrdə necə vəhşət və qorxu yaradır. Görəsən, milyardlar pulu olan amerikalı bir vətəndaşın sübh evindən çıxıb, axşam sağ-salamat evinə qayıtmasına, ailə-uşaqlarının təhlükəsizlik içərisində yaşamalarına nə qədər zəmanət vardır?


Bəli, bu da yeni sivilzasiyanın nəticələrindən biridir!


Bura qədər məlum oldu ki, sərvət və pul insan üçün heç vaxt rahatlıq və aramlıq gətirmir və xoşbəxtlik onda deyildir. Eləcə də qüdrət, şöhrət, digər şərti və puç duyğular, cinsi ləzzətlər, ümumiyyətlə, maddi və əbədi olmayan fani dünya ilə bağlı hər bir şey kimsənin rahatlıq və aramlığını təmin etmir, iztirab və nigarançılığı səadətlə əvəz etmir. Bunun neçə səbəbi vardır: Elə səhvimiz buradadır ki, səadət və rahatlığı yalnız dünya malı, vəzifə, qüdrət və şöhrət əldə etməkdə görür, beləcə ona qarşı rəğbət nəticəsində həris oluruq. Dünyaya rəğbət və hərislik iztirab və bədbəxtlik amilidir ki, hər kəs ona düçar ola bilər. Məhz bu səbəbdən də, İmam Sadiq (ə) buyurur: "Bütün xeyir işlər və yaxşılıqları bir evə yığsaq, onun açarı zahidlik və dünyaya qarşı rəğbətsizlikdir.” ("Üsuli-kafi”, 3-cü cild, səh.194.) Rəsuli-Əkrəm (s) buyurur: "Dünyaya rəğbət bəsləmək qəm-qüssəni çoxaldar, ona etinasızlıq isə cisim və bədənə rahatlıq verər.” ("Səfinətül-bihar”, 1-ci cild, səh.465.) İmam Əli (ə) buyurur: "Zahidliyin səmərəsi rahatlıqdır.” ("Qürərül-hikəm”, səh.360.)


İmam Baqir (ə) buyurur: "Dünyaya qarşı həris olan şəxs ipəkqurduna bənzəyir ki, ətrafını nə qədər çox sarısa, bir o qədər çölə çıxmaqdan məhrum olar və nəhayət, qəm-qüssədən ölər.” ("Üsuli-kafi”, 3-cü cild, səh.202.) Hikmətli Loğman (ə) öz oğluna belə nəsihət etmişdir: "Bu dünyada məqsədin yaşıl otlaqda otlayaraq kökələn və elə həmin halda ölən qoyun kimi olmasın, əksinə dünyanı bir çay üzərindən keçilən və bir daha ona tərəf qayıtmayacağın körpü kimi hesab et.” ("Üsuli-kafi”, 3-cü cild, səh.202.)


Sədidən bir hekayə


"Bir padşah ömrünün son anlarını yaşayırdı. Öz yerinə heç kəsi təyin etməmişdi. Bir gün vəsiyyət edir ki, sübh çağı şəhərin darvazasından daxil olan ilk şəxsə şahlıq tacını verib, dövlətin rəhbərliyini ona tapşırsınlar. Təsadüfən, şəhərə daxil olan birinci şəxs bir tikə çörəyə göz dikən, yamaqlı paltar geyinən bir dilənçi olur. Vəzirlər və dövlət başında əyləşənlər şahın vəsiyyətini icra edib, dövlətin başçılığını, xəzinələrin açarını ona həvalə edirlər. O, bir müddət istədiyi kimi dövran keçirdikdən sonra bəzi vəzirlər tabe olmayıb, ona qarşı qoşun hazırlayırlar. Nəhayət, rəiyyət bir-birinə dəyir, bəziləri şahın, bəziləri isə müxaliflərin tərəfini saxlayaraq, bir sözlə, özbaşınalıq yaranır. Şah belə vəziyyətdən təngə gəlir. Bu vaxt onun uzun müddət dilənçilik içərisində yaşayan bir dostu səfərdən qayıdır və onun şah olduğunu görüb deyir: "Allaha şükr et ki, çulun sudan çıxıb, tikanın ayağından; böyük bəxtin yar olub, axır səadət yavərin, bu son məqam həmdəmin!” ("İnnə məəl-usri yusra!” – "Şübhəsiz ki, hər çətinlikdən sonra asanlıq da gələr!”) ("İnşirah” surəsi, ayə: 5.)


Şah deyir: "Ey əziz dostum! Mənə təbrik deməkdənsə, başsağlığı ver. Çünki o zaman mən bir tikə çörəyin qəm-qüssəsini edirdim, indi isə bir dünyadır qəm-qüssəm!” ("Gülüstan”, Sədi, 2-ci bölüm, hekayə: 28.) İmam Sadiq (ə) necə də gözəl buyurur: "Dünyaya hər nə qədər bağlansan, ondan ayrılmaq da bir o qədər çətindir!” ("Biharul-ənvar”, 73-cü cild, səh.19.) Dünya nemətləri əbədi olmadığı və həmişə haldan-hala düşdüyü üçün insana rahatlıq və aramlıq gətirə bilməz. Məhz bu səbəbdən də, din rəhbərlərinin, övliyaların və əxlaq alimlərinin kəlamlarında dünyanın vəfasızlığından söz açılmış, öz ardıcıllarını dünya məhəbbətindən çəkindirmiş, özləri də əməldə zöhd yolunu seçmiş və ondan uzaqlaşmışlar.


Əmirəl-Möminin Əli (ə) buyurur: "Allaha and olsun! Əgər yeddi göyü və onun fələklərini altındakılarla birlikdə mənə versələr belə, heç vaxt qarışqanın ağzındakı arpa qabığını almaqla, Allaha qarşı günah etmərəm (yəni qarışqanın ağzındakı arpa qabığı qədər zülm və haqsızlıq etmərəm). Həqiqətən, mənim nəzərimdə sizin dünyanız çəyirtkənin ağzında çeynədiyi yarpaqdan da ucuzdur! Əlinin fani nemətlə və ani ləzzətlə nə işi var?!” ("Nəhcül-bəlağə”, (Feyzül-İslam), səh.705.)


İmam Əli (ə) və hökümət


İbn Əbbas deyir: Əli (ə) Təlhə, Zübeyr və onların tərəfdarları ilə müharibə etmək üçün Bəsrəyə doğru yola düşdü və gəlib Rəbəzədə düşərgə saldı. Bu zaman Məkkədən qayıdan hacılar o həzrətin söhbətinə qulaq asmaq üçün oraya döndülər. Əli (ə) öz xeyməsində oturmuşdu. Mən o həzrəti hacıların gəlişindən xəbərdar etmək üçün xeyməyə daxil oldum və o həzrətin (bütün müsəlmanların rəhbəri olduğu halda) oturub öz "nəleyn”ini (başmaqlarını) tikdiyini görüb dedim: "Sizin bizim işlərimizi sahmana salmağınız gördüyünüz bu işdən zəruri deyilmi?” O həzrət əvvəl mənə cavab vermədi və başmaqlarını tikib, bir-birinin yanına qoyduqdan sonra buyurdu: "Bu çarığın qiyməti nə qədər olar?” Dedim: "Onun heç bir qiyməti yoxdur!” Buyurdu: "Qiymətsiz olsa da (eybi yoxdur, bir qiymət de)! Dedim: "Qiyməti bir dirhəmdən az olar.” Buyurdu: "Allaha and olsun! Bu çarıqlar sizə olan rəhbərliyimdən çox əzizdir və lakin (bu rəhbərlik əlimdə,) yalnız haqqı tapdalamamaq və batilin qarşısını almaq üçündür!” ("İrşad”, Şeyx Müfid, 1-ci cild, səh.241.) İsa (ə) dünya ilə necə rəftar etdi? İmam Sadiq (ə) buyurur: "Dünya İsa peyğəmbərin (ə) gözündə göygöz qadın surətində göründükdə, İsa (ə) buyurdu: "Neçə dəfə ərə getmisən?” Dedi: "Həddən artıq!” Buyurdu: "Ərlərindən boşamısanmı?” Dedi: "Xeyr, əksinə hamısını öldürmüşəm!” İsa (ə) buyurdu: "Vay olsun sənin qalan ərlərinə! Onlar sənin keçmiş ərlərindən necə də ibrət götürmürlər?” ("Biharul-ənvar”, 73-cü cild, səh.125.)


Dünya malına məhəbbət


İmam Sadiq (ə) öyüd-nəsihət və moizə istəyən bir kişiyə belə buyurdu: "Əgər dünya fanidirsə, ona etibar etmək, arxalanmaq nəyə gərəkdir?!” ("Əmali”, Şeyx Səduq, səh.7.) Dünyanın vəfasızlığı barəsində çoxlu əhvalat və hədis vardır, lakin biz burada qeyd etdiyimiz misallarla kifayətlənirik. Çünki müddəamızın isbatı üçün dediklərimiz kifayətdir. Dünyanın rahatlıq və aramlıq gətirməməsi barədə başqa bir dəlil də budur ki, bəzən çoxları dünya malı, məqam, vəzifə, şöhrət, pul, sərvət və dünyanın digər ləzzətlərini günah, zülm, haqsızlıq və başqalarının haqqını mənimsəməklə kəsb edir. Doğru və qanuni yolla dünya malını əldə edən insanların sayı azdır. Həmin günahlar, zülmlər, haqsızlıqlar insanın rahatlığını əlindən alır və onu vicdan əzabına düçar edir. Buna görə də, əksər düşmənliklərin, ədavətlərin, kin-küdurətlərin, müharibələrin və cinayətlərin səbəbi dünyaya məhəbbət bəsləmək və ona daha çox sahib olmaqdan qaynaqlanır. Rəsuli-Əkrəm (s) buyurur: "Dünyanı sevmək bütün xətaların başı və bütün günahların açarıdır.” ("Əmali”, Şeyx Səduq, səh.7.)


İmam Əli (ə) buyurur: "Ey camaat! Dünyanı sevməkdən çəkinin; çünki o, hər bir xətanın başı, hər bir bəlanın qapısıdır, hər bir fitnə-fəsadla birgədir və hər bir müsibətə tərəf çəkəndir!” ("Tühəfül-üqul”, səh.215.) Dünya malına görə nə qədər dostluqlar və əlaqəlar pozulmuş, ədavət, düşmənçilik və kin-küdurətə çevrilmişdir. Dünyanın dəyərsiz-qiymətsiz malı üstündə nə çox səmimi qardaşlar birdən qaniçən yırtıcılar kimi bir-birinin canına düşüb qan tökmüş, cinayət törətmişlər. İmam Əli (ə) oğlu İmam Həsənə (ə) vəsiyyətində buyurur: "Dünya əhlinin seçdiyi və ürək bağladığı şeylərə əsla aldanma! Həqiqətən, dünya əhli hürən itlərə və qaniçən yırtıcılara bənzəyir ki, bir-birinin üstünə hürür, güclü gücsüzü yeyir, böyük kiçiyi xar və zəlil edir.” ("Nəhcül-bəlağə”, Feyzül-İslam, səh.918.) Cəlaləddin Rumi nəfsani meyllərlə mövzumuza aid bir məsəli vardır. O demişdir: "Bizim nəfsani istəklərimiz qıcıqlanmadığı və fəaliyyət meydanına girmədiyi vaxta qədər aram və sakitdir. Lakin fürsət düşən kimi daxilimizi oyadır və fəaliyyətə gətirir; necə ki, çənglərinə leş düşməyən itlər bir-birinin kənarında dost kimi yatır, qardaş kimi yaşayırlar. Lakin bir leş tapan kimi, hər biri hiddətlə dişlərini bir-birinin üstünə qıcıdırlar.”


Molla Cəlaləddin Rumi bu təmsildən başqa bir məqsəd güdsə də, bizim mövzumuza çox yaxşı misaldır. Çünki çox insan görmüşük ki, ortalıqda maddi mənafe və dünyəvi maraqlar olmayana qədər, bir-birləri ilə səmimi dost kimi yaşayır, lakin maddi mənafeləri təhlükəyə düşdükdə, bütün dostluqlar pozulur və yırtıcı canavar kimi bir-birlərinin canına düşürlər.


Ümidsizlik


Günahın acınacaqlı təsirlərindən biri də ümidsizlikdir; bəzən günahkar bir şəxs günahı nəticəsində tamamilə öz səadət və xoşbəxtliyindən naümid olur. Bu da səbəb olur ki, insan daha da böyük cinayətlərə əl atsın. Bu, müasir psixologiya elminin problemlərindən biridir və psixoloq üçün bu ümidsizliyi aradan qaldırmaq çox çətindir. Necə ki, bu məsələ ilə əlaqədar ikinci fəsildə müəyyən qədər izahat verdik. Belə hallarda yenə də din və məzhəb günahkar şəxsi ümidsizlik vadisinə tənəzzül etməkdən saxlayaraq, onu Allah-təalanın bəxşişinə, lütf və mərhəmətinə ümidvar edir, əhval-ruhiyyəni dəyişir və ümidsizlik xəstəliyindən xilas edir. Hədislərdə də bu məsələyə toxunulmuş və imamlarımız da tam ümidsizliyi günah hesab etmişlər. İmam Səccad (ə) belə buyurur: "Ümidi aradan aparan günahlar bunlardır: "Allahın kərəm vüsətindən və rəhmətindən naümid olmaq, Allahdan qeyrisinə etimad etmək və Allahın vədini təkzib etmək.” ("Məanil-əxbar”, 271.)


Ümumiyyətlə, bizim sözümüzü təsdiq edən tarixi hadisələr olduqca çoxdur. Hətta peyğəmbərlər, imamlar və ilahi rəhbərlərlə müxalifət edənlərin əksər ədavət və kin-küdurətlərinə səbəb elə bu cəhətdən idi. Onlar peyğəmbərləri və imamları öz maddi və dünyəvi mənafelərinin əksinə bilir, elə təsəvvür edirdilər ki, onların təlimləri dünyaları ilə müxalifdir. Dünya tarixində dünya malı üstündə törədilən cinayətlər və qətllər olduqca çoxdur. Məhz bu səbəbdən də Əmirəl-Möminin Əli (ə) bir hədisdə belə buyurur: "Doğrudan da, qiyamətdə Allahla görüşərkən sənə qarşı dünya məhəbbətindən daha çox zərərli əməli görməyəcəksən.” ("Qürərül-hikəm”, səh.288.)


Allah-təalanın Musa peyğəmbərlə (ə) söhbətində deyilir: "(Ey Musa!) Bil və agah ol! Həqiqətən, dünyanı sevmək hər bir fitnə-fəsada başlanğıcdır. Çox mal-dövlətə heç vaxt qibtə etmə; çünki çox sərvətdə vacib hüquqlar vardır ki, (əgər onlara riayət olunmasa,) günahları çoxaldar.” ("Üsuli-kafi”, 3-cü cild, səh.203.) İmam Əli (ə) buyurur: "Allah-təalanın dərgahında dünyanın puçluğu ondadır ki, insan Allahın yanındakılara (axirətdə misilsiz nemətlərə və uca məqamlara) yalnız dünyanı tərk etməklə çata bilməz.” ("Qürərül-hikəm”, səh.732.) İlahi peyğəmbərlərdən və dini rəhbərlərdən "Dünya və axirət bir yerə sığmaz!” – məzmunu ilə nəql olunmuş rəvayətlərin mənası budur ki, dünyaya bağlanmaq axirət nemətlərini kəsir. Həzrət İsanın (ə) belə buyurduğu nəql olunur: "Su ilə od bir qabda cəm olmadığı kimi, dünya məhəbbəti ilə axirət birlikdə möminin qəlbində cəm olmaz.” ("Əl-məhəccətul-beyza”, 5-ci cild, səh.357.)


İmam Zeynəlabidin (ə) buyurur: "And olsun Allaha! Dünya və axirət tərəzinin iki gözünə bənzəyir ki, hansı biri artsa, digərini azaldar.” ("Xisal”, Şeyx Səduq, 1-ci cild, səh.54.) Yenə də həzrət İsadan (ə) nəql olunan bir rəvayətdə dünya və axirət bir əri olan iki arvada bənzədilmişdir: "Dünya və axirət iki arvadı olan bir kişiyə bənzəyir ki, o, arvadın birini razı saldıqda, o birisi narahat və qəmgin olur.” ("Biharul-ənvar”, 73-cü cild, səh.122.)Tomas Akembs bu həqiqəti bəyan edərək deyir: "Həqiqət budur ki, iki şey bir yerdə cəm olmaz: Yer üzünün şadlıqları ilə səmanın əbədi mirası. Atalar demişkən: "Sünbülün bir başı olar!” ("Xoşbəxtlik axtarışında”, səh.9.)

...son


ihq.az


Category: Cəmiyyət | Added by: Ənfal
Views: 765 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]