Çərşənbə axşamı, 2024-04-16, 9:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Cəmiyyət » Cəmiyyət

Hamımız Səadət istəyirik, amma... (1)
2012-11-06, 8:06 AM
Hamımız Səadət istəyirik, amma... (1)

Şübhəsiz ki, biz hamımız səadət ardınca olub, xoşbəxt yaşamaq istəyir və yaxşı bilirik ki, xoşbəxt olmayan şəxslər həyatın ləzzətini dadmırlar. Lakin çox vaxt xoşbəxtliyin yolunu və səadət "iksir”ini səhv salır, onu başqa yerdə axtarırıq. Çoxları elə güman edirlər ki, səadət və xoşbəxtlik pul və sərvətdədir və hər kəsin pulu çox olsa, daha xoşbəxt, pulu az olan isə o qədər bədbəxtdir. Bəziləri də xoşbəxtliyi qüdrət və şöhrətdə axtarır və güman edir ki, qüdrəti hər nə qədər çoxalıb məşhur olsa, bir o qədər də xoşbəxt olacaq. Freyd və onun tərəfdarları isə, bütün xoşbəxtlikləri cinsi ləzzətlərdə bilir və deyirlər ki, həyatın bütün kamı cinsi qərizələri təmin etməklə bağlıdır və bütün nakamlıqlar da bundan qaynaqlanır. Əsas etibarilə həyatın hədəfi və məqsədi elə həmin cinsi qərizələr və ləzzətlərdə öz mənasını tapır. Bu əqidələrə əks olaraq bir qrup da səadəti nəfsani əxlaqın və insani keyfiyyətlərin kamilliyində bilir.

Sokrat demişdir: "İnsan o vaxt xoşbəxt ola bilər ki, yalnız şərəf-heysiyyət, hikmət və ədalət əsasında yaşasın. Hər kəs həyatında bu üç üsulu gözləsə, şübhəsiz, xoşbəxtliyə çatacaqdır.” Hind "mürtaz”ları kimi bir qrup isə, bundan yuxarı mərhələyə qədəm qoyaraq deyirlər: "Səadətə çatmaq üçün bədənə əzab-əziyyət və işkənc vermək lazımdır ki, ruh yüksəlsin, bədən isə zəifləsin. Bununla da xoşbəxtlik əldə edilir və insan başqa yolla heç vaxt səadətə çata bilməz.” Onlar deyilən məqsəd uğrunda çox çətin və ağır məşqələləri təcrübə edir; məsələn, çılpaq vəziyyətdə mismarlar üzərində uzanıb yatır, yaxud aylarla bir vəziyyətdə, bir ayaqüstə durur və bu kimi işkəncələrlə bədəni ağır riyazətlərə məcbur edirlər. Səadət və xoşbəxtliyə çatmaq barəsində digər nəzəriyyələr də mövcuddur. Qərb alimlərindən biri demişdir: "Qədim alimlərdən biri xoşbəxtlik barəsində iki yüz səksən səkkiz müxtəlif fikir nəql etmiş və bütün bu fikirlər filosofların, alimlərin və böyük şəxsiyyətlərin sözü olub, hər biri dünya xalqlarının itirdiyi xoşbəxtliyə çatmaq üçün bir-birindən fərqli yollar göstərmişdir.” ("Xoşbəxtlik axtarışında”, səh.6.)


Əlbəttə, bu barədə geniş bəhs mövzumuzdan xaricdir. Lakin bu şübhəsizdir ki, səadət və xoşbəxtlik daha çox aramlıq və rahatlıq əldə edən şəxslərə qismət olur. Beləliklə, bizə hər bir şey daha çox rahatlıq və aramlıq bəxş etsə, deməli, o, səadətə başlanğıc olacaqdır. Amma rahatlıq və aramlıq gətirən amillərin nədən ibarət olduğunu ayırd etmək üçün bu haqda təfsilatı ilə danışmaq lazımdır. Görəsən, xoşbəxtlik sərvət, qüdrət, şöhrətdədir, yoxsa cinsi istəkləri təmin etməkdə, yaxud əxlaq və mənəvi kamillikdə, yaxud bədənə işkəncə verməkdə, yaxud da bunların heç birində? Qeyd etmək lazımdır ki, səadət və xoşbəxtlik bu və bu kimi maddi təsəvvürlərdən qat-qat üstündür. Bəzən ona nail olmaq üçün bunlardan yalnız vasitə kimi istifadə edə bilərik.


Səadət pul və sərvətlə deyil.


Pul və sərvətin insan üçün aramlıq və rahatlıq gətirdiyini təsəvvür edənlər tamamilə yanılırlar; çünki pul və sərvət insanın həyəcan və nigaranlığını artırmasa da, əsla aramlıq və rahatlıq da gətirmir. Belə deyirlər ki, bir gün sərvətli bir şəxs bir dərvişlə səfərə çıxır. Sərvətli şəxs özü ilə qızıl-gümüş götürdüyü halda, dərvişin isə əyninə geyindiyi paltardan başqa heç nəyi olmur. Onlar bir gecə bir quyu başında gecələməli olular. Yeməkdən sonra hərə bir tərəfə uzanır. Sərvətli şəxs malı və pulunun oğurlanmasından qorxub səhərə kimi yatmadığı halda, dərviş xatircəmliklə uzanıb yatır. İmam Əli (ə) buyurur: "Mal-dövlət əzab-əziyyətdən başqa, narahatlıqları da özünə süvar edər.” ("Qürərül-hikəm”, səh.54.) Başqa bir hədisdə belə buyurur: "Mal-dövlət fitnə-fəsadlar mənşəyi, gözlənilməz hadisələr qaynağıdır.” ("Qürərül-hikəm”, səh.54.) Peyğəmbəri-Əkrəm (s) buyurur: "Dünyaya bağlanmaq qəm-qüssəni artırar, zahidlik (ona etinasızlıq) isə qəlbi və bədəni aram edər.” ("Xoşbəxtlik axtarışında”, səh.241.) İmam Sadiq (ə) qəlbini dünyaya bağlayan şəxs barəsində belə buyurur: "Qəlbini dünyaya bağlayan şəxs üç şeyə düçar olar: Tükənməz qəm-qüssəyə, nail ola bilməyəcəyi arzuya və əldə edə bilməyəcəyi ümidə.” ("Biharul-ənvar”, 73-cü cild, səh.91.) Mal-dövlət uğrunda canlarını qurban verən və istəklərinin tam əksinə düçar olanlar çox olmuşdur.


Lord Aviburi yazır: "Ağıllı adamlar sərvəti həyəcan və bədbəxtlik amili sanırlar. İnsan sərvətin qulu yox, onun maliki olmalıdır. Mal-dövləti hədsiz sevənlər sanki özlərini ona əsir etmiş, dövranın təlatümlü çağlarında mal-dövlətləri əldən verəcəklərini güman edərək həmişə iztirab və həyəcan içərisində yaşayır, heç vaxt rahatlıq üzünü görmürlər.” ("Xoşbəxtlik axtarışında”, səh.241.)


Bu müddəanı keçmişdə və elə indinin özündə baş verən dastan və əhvalatlar sübut edir. O cümlədən, Dəmirinin öz tarix kitabında nəql etdiyi əhvalatı xülasə şəkildə sizin diqqətinizə çatdırırıq: Dörd nəfər üç kisə qızıl üstündə can verdilər. Nəql olunmuşdur ki, bir dəfə həzrət İsa (ə) bir nəfərlə səfərə gedir. Yol əsnasında hər ikisi acır və yollarına davam edib bir kəndə çatırlar. Həzrət İsa (ə) səfər yoldaşına bir az pul verib buyurur: "Kəndə get, yeməyə bir şey tap gətir!” O, yola düşdükdən sonra İsa (ə) ibadətə başlayır. İsanın (ə) səfər yoldaşı bir neçə saatdan sonra üç ədəd çörək alıb qayıdır. O, İsanın (ə) namaz qıldığını görüb gözləyir və o həzrətin namazı uzun çəkdiyindən, çörəyin birini yeyir.

İsa (ə) namazı qurtarıb, ona tərəf gəlir və çörəyin iki ədəd olduğunu görüb, "Üçüncü çörək hanı?”- deyə soruşduqda, o kişi deyir: "İki ədəddən artıq çörək almamışam!” Onlar çörəkləri yeyib, yollarına davam edirlər. Yolda o kişi İsa peyğəmbərdən (ə) qeyri-adi işlər və möcüzələr müşahidə edir. Hər dəfə də İsa (ə) onu uca Tanrıya and verib soruşurdu: "Neçə ədəd çörək almışdın?” O da Allaha and içərək cavab verirdi ki, iki ədəddən artıq çörək almamışdım.

Nəhayət, onlar uçub-dağılmış bir kəndə çataraq, O kəndin yaxınlığında üç kisə qızıl tapırlar. İsa peyğəmbərin (ə) səfər yoldaşı qızıl kisələrini görən kimi, "Bunlar mənimdir!”- deyə qışqırır. Həzrət İsa (ə) ona buyurur: "Xeyr, bunların biri mənim, biri sənin, biri də üçüncü çörəyi yeyənindir.” O kişi tez cavab verib deyir: "Üçüncü çörəyi mən yemişəm.” İsa (ə) buyurur: "Qızılların hamısı sənin olsun!” İsa (ə) bunu deyib, yoluna davam edir və o da İsa peyğəmbərdən (ə) ayrılır. Bu zaman üç nəfər oradan keçərkən onun qızıl kisələri üzərində oturduğunu görüb, dərhal onu öldürür və qızılları götürürlər. Bundan sonra onlardan ikisi o biri dostuna deyirlər: "Kəndə get, yeməyə bir şey gətir!” Həmin şəxs kəndə tərəf yola düşdükdən sonra qalan iki nəfər bir-birinə deyirlər: "Nə yaxşı ki, qayıdandan sonra onu öldürüb, qızılları öz aramızda bölüşdürək.” Onlar bir-birilə razılaşıb, hazır vəziyyətdə dayanırlar ki, o qayıdan kimi onu öldürsünlər.

Digər tərəfdən də, yemək gətirməyə gedən şəxs öz-özünə fikirləşir ki, onların yeməyinə zəhər qatıb hər ikisini öldürsün və qızılları özü götürsün. O, belə də edir və geri qayıdarkən gətirdiyi yeməyə zəhər qatır. Dostları onu (çatan kimi) öldürüb, rahatca yemək yeməyə başlayırlar. Bundan sonra hər ikisi də zəhərlənib ölür. Həzrət İsa (ə) həmin yoldan qayıdarkən, dörd nəfərin qızıl kisələr üstündə öldüklərini görüb buyurur: "Dünya öz əhli ilə belə rəftar edir.” ("Ləalil-əxbar”, 2-ci cild, səh.108.)


Nizami Gəncəvi necə də gözəl demişdir:


Qəlbini çalmasın bu mal, dövlət,


Azı bir zillətdir, çoxu fəlakət.


Həyatda hamı az-çox var-dövlət sahiblərinin illər boyu qorxu və həyəcan içərisində yaşadıqlarının, axırda isə min zəhmətlə topladıqlarından can verərək ayrıldıqlarının şahidi olmuşdur. Bunun müqabilində elə yoxsul insanlar da görmüşük ki, rahat uzun ömür sürərək həyatlarını səadətlə başa vurmuşlar.


Qərb alimi doktor Marden deyir: "Həyatda sərvət hər şey sayılmır və həqiqi səadət və xoşbəxtlik mal-dövlət yığmaqda deyildir. Cavanlar, əksərən belə səhvə yol verərək elə təsəvvür edirlər ki, ən mühüm şey mal-dövlət yığmaqdır. Buna görə də, ömürlərinin ən qiymətli çağlarını bu yolda sərf edərək hər şeydən məhrum olurlar. Bu, yanlış bir düşüncədir və çoxlarının bədbəxtliyə düşməsi elə buradan başlayır. Biz böyük saraylar, villalar, evlər, avtomobillər, müxtəlif növ geyimlər fikri ilə gecə-gündüz zəhmət çəkir və onları xoşbəxtlik üçün bir vasitə güman edirik. Halbuki bu təfəkkür tərzi bizi uğursuzluğa yuvarlandırır.


İnsanın yalnız sərvət yığmaq üçün həyat sürməsi, onu özünə yeganə ideal bilməsi, İsrail oğulları kimi danapərst olması süqutdur. Əgər öz puç düşüncəmizdə qalaraq, səadətə nail olmaq üçün qədimdən pərəstiş etdiyimiz bu mal-dövlətin yeganə yol olduğunu güman etsək, onda bilməliyik ki, yolu azmış, səadət və müvəffəqiyyət yolundan uzaq düşmüşük.” ("Əxlaqi və psixi problemlər barəsində araşdırmalar”, səh.201, doktor Mardendən nəqlən.)


Lord Aviburi demişdir: "Çox yoxsul adam var ki, gecə bir tikə çörəyə möhtac olduğu halda, düşüncəsi qızıl kimi qiymətlidir, öz qismətinə razıdır və güzəranından şikayətlənmir. Belə insanları sərvətlilər sırasında qeyd etmək lazımdır. Əksinə, çoxları da var ki, daxilən əzab-əziyyət çəkdikləri halda, sərvətləri onların ruhi zülmətlərinə nur saça bilmir.


Sərvət yalnız pulla ölçülmür. Bir çox insanlar zahirdə yoxsul olsalar da, böyük sərvət sahibidirlər. Şərəf, heysiyyət və digər insani keyfiyyətlərə heç vaxt oğru əli yetməz və amanda qalan daimi sərvətdir...


Mən bilmirəm, nə üçün camaat həqiqəti görmür?! Onlara sərvət elə əzizdir ki, ona malik olmaq üçün hədsiz sevinclə ona tərəf can atır, hər bir təhlükəni unudaraq canlarını qurban vermək istəyir, varlı olmaq üçün sağlamlıq və aramlığını əldən verir, həyatının ən mühüm dövranını möhnətlə, əzab-əziyyətlə başa vururlar. Təəssüflər olsun ki, qızıl dolu kisələr insan həyatının bir dəqiqəsinə belə bərabər ola bilməz. Camaat elə güman edir ki, sərvət və mal-dövlətsiz səadət yoxdur. Onu həmişə kənarlarında bəslədikləri halda, pulla ələ gəlməyən xoşbəxtlikdən xəbərsizdirlər. Səadət və xoşbəxtlik axtararkən, hər gün ondan uzaqlaşırlar.


Mal-dövlət yalnız ehtiyacımızı ödəyəcək miqdarda yaxşıdır. Həqiqətdə, sərvət insanın öz arzusuna çatması üçün üzərindən keçilən bir körpüyə bənzəyir. Vay olsun maddiyyatı öz şüarı qərar verən, mal-dövlət ardınca düşərək hər şeyi unudanlara! Çünki susuz adam şor su içdikcə, susuzluğu get-gedə artar və onda hərislik atəşi daha da şölələnər.


Sərvətin təhlükəsi olduqca çoxdur. O cümlədən, insanın gözü və qulağını bağlayaraq, onu qəflət və xudpəsəndlik vadisinə atır. Bu zaman fani dünyanın zahiri ləzzət və gözəllikləri gözləri qamaşdırır, üstü qurumuş bataqlıqtək yavaş-yavaş onu özünə doğru çəkir. Bəzən də insanı zahiri gözəlnaxışlı ilan cildində ovsunlayır, halbuki onun öldürücü zəhərindən əsla xəbəri yoxdur. Beləliklə, fitnə-fəsadlar, rəzil sifətlər onu əhatə edir və bir vaxt özünə gəlir ki, cavanlığın təravətli çağlarını, cismin sağlamlığını əldən vermişdir. Artıq, bunun nə faydası? Onda çirkli ruhdan və xəstə cisimdən başqa heç bir şey qalmamışdır!!” ("Xoşbəxtlik axtarışında”, səh.147, 150-151 və 236.) (Aviburinin bu sözləri sanki şərq təfəkküründən qaynaqlanmış və Əmirəl-Möminin Əlinin (ə) bu dolğun və hikmətli kəlamından götürülmüşdür: "Dünya zahiri yumşaq, batini isə zəhərli ilana bənzəyir ki, ağıllı insan özünü ondan qoruyar, nadan uşaq isə özünü onun üstünə atar.”)


Sokratdan belə nəql olunmuşdur: "Elə insanlar var ki, mal-dövləti, qızıl-gümüşü, gözəl geyim və möhkəm sarayları olmadıqları halda, sərvətli insanlardan min dəfə yaxşı və sevinc içərisində yaşayırlar.” ("Əxlaqi və psixi problemlər barəsində araşdırmalar”, səh.199.)

ihq.az


Category: Cəmiyyət | Added by: Ənfal
Views: 828 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]